Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2019 10:07

“Konflikt jurnalistikası məktəbi”nin çöl təlimləri sona çatdı

Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin həyata keçirdiyi "Konflikt jurnalistikası məktəbi"nin  ikinci mərhələsi başa çatdı. Plana əsasən, "N" hərbi hissənin təlim poliqonuna yollanan təlimalanlara təcrübəli zabitlər tərəfindən  artilleriyadan, snayperdən, atəş və taktiki hazırlıqdan dərslər keçirildi. Günün ikinci yarısında isə təlimalanlar "AK-74" Kalaşnikov avtomatının təyinatını, taktiki-texniki xüsusiyyətlərini, iş mexanizmini, ondan istifadə qaydalarını, həmçinin sökülüb-yığılmasını da öyrəndilər. Nəzəri bilikləri yaxşı mənimsəyən jurnalistlər avtomatdan uzanaraq, dayaqdan, hərəkətdə və ayaqüstü vəziyyətdə atəş açmağı praktiki olaraq məşq etdilər. Dərsin sonunda normativlər yerinə yetirildi.
Növbəti dərsdə təlimalanlara taqımın hücum və müdafiə döyüşü zamanı fəaliyyəti  praktiki olaraq nümayiş etdirildi. Döyüş atışlı səhnədə təlimalanlar özlərinə əlverişli mövqelər seçərək foto və video materiallar götürdülər.
Döyüş səhnəsi yekunlaşdıqdan sonra hər bir iştirakçı atıcı silahlardan 2-ci təlim atış çalışmasını yerinə yetirdi. Təlimçilər tərəfindən nəticələr qeydə alınaraq qiymətləndirildi.
Günün sonunda düşmənlə təmas xəttində yerləşən kəndlərin birində əhali ilə çay masası arxasında görüş keçirildi. Sakinlərlə ünsiyyət zamanı bölgədə baş verən hadisələr barəsində məlumatın toplanılması qaydaları haqqında geniş müzakirələr aparıldı. Günün yekun iclasında təlimalanların gün ərzində dərslər zamanı fəaliyyəti qiymətləndirildi, götürülən normativlərin nəticələri açıqlandı. İmitasiya olunan döyüş səhnəsi  zamanı jurnalistlərin fərdi şəkildə topladıqları foto və video materiallar izlənildi, buraxılmış nöqsanlar müzakirə olundu.
Təlimlərin sonuncu günündə jurnalistlərə mühəndis-istehkam bölməsində dərslər təşkil olundu. Düşmənin piyadalarına, döyüş maşınlarına qarşı qurulan partlayan və partlamayan mühəndis maneələrindən danışıldı. Təşkil olunan auditoriya və çöl dərslərində zabitlər Turqut Məmmədov, Elvin Fərəcov, Tural Tağıyev mühəndis maneələrindən nəzəri və praktiki dərslər keçdilər. Zabitlər piyada və tank əleyhinə minalardan, dəniz və nüvə minalarından danışaraq onların təyinatını, təsir sahəsini və onlardan qorunmağın yollarını izah etdilər. Minaların maketləri üzərində tədris olunan dərsdə minaların növlərindən və xüsusiyyətlərindən geniş məlumat verildi.
Günün ikinci yarısında "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsinin yekunu keçirildi. Yekun iclasda iştirak edən polkovnik Babək Səmidli birlik komandiri adından təlim iştirakçılarını salamladı, təlimlərdə fəallıq və əzmkarlıq göstərərək çöl-meşə təlimlərini uğurla başa vurduqlarına görə onları təbrik etdi. Gənc jurnalistlərə gələcək yaradıcılıqlarında uğurlar arzulayaraq, birlik komandiri adından təlim müddətində xüsusi fərqlənən iştirakçılara hədiyyələr təqdim etdi.
Layihə rəhbəri Əlisəfa Mehdiyev çıxış edərək "Konflikt jurnalistikası məktəbi"nin builki çöl təlimlərinin də uğurla başa çatdığını bildirdi. Komandanlığa və təlim müddətində göstərdikləri qayğıya görə hərbi hissənin kollektivinə təşəkkürünü bildirdi. Zabit peşəsindən söz açaraq, bu şərəfli peşə sahiblərinin hər bir vətəndaş üçün güvənc yeri olduğunu diqqətə çatdırdı. "Zabitlər  Vətənin qoruyucularıdır. Bu peşənin sahibləri əsasən sərhədlərdə və səngərlərdədirlər. Zabitin çiynindəki cavabdehlik yükünü heç bir peşənin məsuliyyəti ilə müqayisə etmək mümkün deyil. Zabit peşəsi qəhrəmanlıq və yüksək əxlaqlılıq tələb edir. Onun kökündə yurda sevgi və sədaqət, xilaskarlıq, fədakarlıq, özünü qurban verməyə hazır olmaq və lazım gələrsə layiqli ölmək durur. Zabit peşəsi təmənnasız peşədir. Onlar üçün ən uca varlıq - Vətəndir. O, Yurd uğrunda müqəddəs xidmət borcuna taleyinin çağırışı kimi baxır. Zabit peşəsi intellektuallıq, qat-qat üstün çeviklik və ayıqlıq tələb edir. Bu peşə kamillik deməkdir. Bir sözlə, bu peşə universal peşədir. Zabit döyüş meydanını müşahidə edəndə coğrafiyaçıdır, hədəfi dəqiqləşdirəndə riyaziyyatçıdır, fizikdir, kimyəvi silahlardan istifadə etdikdə kimyaçıdır, bəşərin savaş ömrünü yaşayan tarixçidir, mərdlik və qəhrəmanlıq salnaməsini düzüb söyləyən ədəbiyyatçıdır, tabeliyindəki şəxsi heyətə pedaqoq-tərbiyəçidir. Zabit bütün bu keyfiyyətləri ilə Vətənin, ölkənin, dövlətin özüdür. Zabit bu dövlətin bayrağıdır. Zabit o vətəndaşdır ki, Vətən yolunda şəhid olur, nəşi bayrağa bükülür. Onlar bizim qürur mənbəyimiz, güvənc yerimizdi. Əziz hərbçilərimiz, göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə hər birinizə öz adımdan və layihə iştirakçıları adından dərin minnətdarlıq bildirirəm".
Beləliklə, beşinci "Konflikt jurnalistikası məktəbi"nin çöl-meşə təlimləri  sona çatdı. Sonda hərbi hissənin kollektivi ilə xatirə şəkli çəkdirildi.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"