Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2019 10:07

Könüldən könülə yollar görünür

Digər ziyarətçilərin kimi məni də həmişə səngərdən döyüş əzminizlə, qələbə ruhunuzla uğurlayırsınız, Azərbaycan əsgəri. Hərdən gözüm gözünüzdən uzaq olsa da, ruhum ruhunuzdan iraq olmayıb. Bu, sizə ehtiramın, sevginin qüdrətidi. Sən də bilirsən ki, könüldən könülə yollar var və bu yollar xatirələr yoludu, təəssüratlar  yoludu, arzu, murad, niyyət yoludu, inam, etibar, sədaqət yoludu. O yol sən açan yoldu, sənin yolundu... Bu yol döyüşlərdən keçəcək, Böyük Qələbəylə tamamlanacaq...
Yeniyetməliyimdə də, gəncliyimdə də, mənə elə gəlib ki, dağa mətərislənənin, dağa söykənənin özünə inamı da artır, gücü də. Sənin də belə düşündüyünə zərrəcə şübhəm yoxdu. Sən tarixlər yazmış, tarixlər yazan qəhrəmanların banisisən. Yaşanılmış tarixlər məni qınamasa deyərdim ki, sənin yazacağın tarix daha möhtəşəm olacaq.
Mən də sizlər kimi dağ mehrliyəm. Dağ mehrli olduğumuza görədir ki, dağ vüqarlı ifadəsi düşüncələrimizin səmtini, axarını qəhrəmanlığa, qəhrəmanlığın mahiyyətinin dərkinə, qavrayışına yönəldilib.
Dağa baxırıq - könlümüz açılır, dağ vüqarlıları - sizi görürük - ürəyimiz tellənir...
Sizi Böyük Qələbənin əsgəri bilənlərə xitabən deyirəm ki, dağ vüqarlıların, əhatəsində olanda adama elə gəlir ki, dağ kəlməsi təkcə ucalıq bildirmir, həm də yenilməzlik deməkdi.
Ön xətdə ezamiyyətdə olanda bütün söhbətlər Vətən, torpaq, qələbə, Böyük Qələbə kəlmələrində cəmləşir. Bu cəmləşmə mahiyyətiylə dağ vüqarlı ifadəsinin də yozumuna vasitə olur.
Ön xətdə ezamiyyətdəyəm.
Zabit Rüstəm Məmmədovla "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!", - deyənlərdən dağa - ucalığa söykənib ucalığı, müqəddəsliyi qoruyanlardan danışırıq. "Müqəddəsliyi qorumaq qədər müqəddəs vəzifə yoxdu",  - deyirəm. Zabit hiss edilməsi çətin olmayan qürurla deyir ki, hərbi xidmət belə müqəddəs vəzifələrdəndir. Zabit onu da deyir ki, bu müqəddəs vəzifə nəyə qadir olduğunu 2016-cı ilin aprelində möhtəşəmliklə təsdiqlədi. O vəzifə böyük qələbə qazandı. O qələbəni nə biz unudacağıq, nə də düşmən unudacaq. Biz böyük qələbə qazandıq, Böyük Qələbəni də qazanacağıq. Düşmən ağır məğlubiyyətə uğradı. Birdəfəlik məğlub olacağı günə də az qalıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə torpaqlarımız işğaldan azad ediləcək.
Dağlıq massivdə, dağlar arasında, dağlarda dağ vüqarlılara zabit Rüstəm Məmmədovla bayaqkı söhbətimizi, söhbətimizin mahiyyətini xatırladıram. Zabit Çingiz Mahmudov deyir ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu hissələrinin qazandığı qələbənin əhəmiyyətini təkcə hərbi dəyəriylə məhdudlaşdırmaq olmaz, bu qələbə həm də düşmənin gücsüzlüyünü ona arxalananlara görk elədi.
- Qələbə ilə nəticələnən o döyüşlər xalqımızın ordumuza inamını daha da artırdı. Bu, müharibə şəraitində olduqca vacib amillərdəndir. Xalqın orduya bu səviyyədə inamına, güvəncinə ordu quruculuğunda əldə edilən uğurların nəticələrindən biri deyə bilərik.
- Sizcə, bu uğurlar hardan qaynaqlanır?, - soruşuram.
Zabit mahiyyəti ordu quruculuğunu şərtləndirən sualı həvəslə cavablandırır. Aldığım cavabı təkcə Çingiz Mahmudovun deyil, ümumən Azərbaycan Ordusunun zabitlərinin hərbi xidmətə də, hərbi xidməti şərtləndirən hərbi məsuliyyətə də sayğısı bilirəm:
- Dövlətin ordusunu prioritet elan etməsindən, ordu quruculuğunun dönməzliyindən, xalqın orduya inamından, ordunun xalqa arxalanmasından, həyata keçirilən irimiqyaslı islahatların nəticələrindən, genişmiqyaslı təlimlərdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi prosesindən, döyüş hazırlığını tamamlayan mənəvi hazırlıqdan, ordunun böyük məsuliyyətlə yerinə yetirdiyi missiyadan. Bu uğurlar sabahkı uğurların başlanğıcıdır.
- 2016-cı ilin aprelində qazanılan qələbə Azərbaycan Ordusunun qüdrətini təsdiqlədi, - zabit İsaq Orucov belə deyir və fikrini olduqca həssas bir məqamla tamamlayır: - Xalq bu qüdrətə dönməzliklə inandı, əmin oldu ki, ordumuz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcək. Yəni 2016-cı ilin Aprel zəfəri həm də ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini, etibarlığını, etimadlığını ali səviyyədə formalaşdırdı.
- Bu, müharibə şəraitində olduqca vacib amillərdəndir, - deyirəm.
Zabit əsgərlərə baxır. Sevgi var, rəğbət, ehtiram var, bir də sədaqətə məsuliyyət, məsuliyyətə sədaqət var bu baxışlarda. Mənə də tanış baxışlardı. Bu biçim baxışları ön xətdə -səngərlərdə çox görmüşəm. Onların çoxunu könüldən könülə düşən yolların davamı bilmişəm...
Əsgərlərin baxışlarında munis bir ehtiram sezilir. Belə ehtiramlar ancaq xalqa ünvanlana bilər, bir də ömrünü xalq üçün, Vətən üçün, dövlət, dövlətçilik üçün yaşayanlara. Bu biçim ehtiramları "Açıq qapı" günlərində ictimaiyyətin nümayəndələrində də müşahidə etmişəm. Belə ehtiramların qarşılıqlı olması ürəyimi dağa döndərir. Zabit məhz bu məqama istinadən deyir ki, xalqın orduya inamı, güvənci ordu quruculuğunun tərkib hissələrindən biri kimi dəyərləndirilir. Ordu-ictimaiyyət münasibəti ilə ictimaiyyət-ordu münasibəti biri digərinin həm şərtidi, həm də nəticəsi.  Bu münasibətlər müharibə şəraitində mənəvi amil olsa da, mahiyyəti, mahiyyətinin xarakteri silah gücündədi.
- Müharibə şəraitində xalqın inamı daha güclü silah olur, - deyirəm. Zabit baxışlarını əsgərin məzmunlu baxışlarından üzmədən, "Elədir", - deyir.
Əsgərlərlə söhbətləşmək məqsədilə bura gələnəcən düşüncələrimin bürüncəyi olan fikri xatırladıram:
- Dahi Səməd Vurğunun "Vaqif" dramını yəqin ki, hamınız oxuyubsunuz. Əsərdə bir beyti xatırlayaq:
 Gözüm gözünüzdən
uzaq olsa da...
 Əsgər İzzət Qafarlı səbirsizliklə misranı tamamlayır:
 Könüldən könülə
yollar görünür.
 Hiss edilir ki, bu misranı əsgərlərin hamısı bilir.
- İzzətin dediyi, sizin də bildiyiniz bu misra bütün jurnalistlərin sırasında "Azərbaycan Ordusu" qəzetinin əməkdaşlarının ümumi səmimi etirafıdı. Başlanğıcı bizim könlümüz olan bu ehtiram, inam, etibar sevgi yolunun sonu sizin könlünüzdü. Biz bu yolun yolçusu olmaqla vəzifə borcumuzu yerinə yetiririk. 2016-cı ilin aprelində könüldən könülə düşən yollar o qədər nurlu, o qədər işıqlı, o qədər baxımlıydı ki!, - deyirəm.
Zabit Çingiz Mahmudov qürurla deyir ki, o yol ordu ilə ictimaiyyətin, vahidlik, həmrəylik yolu, qələbə yolu olduğu üçün belə idi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yusif Nağıyev deyir ki, könüldən könülə düşən yolun cəfakeşi olmalısan, yoxsa o yol yolluğunu itirər. Könüldən könülə düşən yolun qayğısına qalmalısan. Həqiqi hərbi xidmətdə olanda əsgər yoldaşlarımla yaranan şirin münasibət dostluğa çevrildi. Bu dostluğu məsuliyyətlə, cəfasına qatlaşmaqla tərxis olunduqdan sonra da yaşadırıq. Dostluq könüldən könülə düşən yoldu.
Həzin-həzin meh əsir. Ağacların xırdaca budaqlarından, yarpaqlarından sürüşüb düşən yelin səmti dağlaradı. Yay gününün istisi bir əsimlik yel qədərincə azalıb. Söhbətin şirinliyindən bu azalmanı bayaqdan bəri hiss etməmişik. Zabit İsaq Orucovun baxışlarını səmimi bir təbəssüm bürüyüb. Gülümsünür - mətləbli gülümsəmədi:
- Jurnalistlərlə söhbətləşəndə səngərin abu-havası nisbətən dəyişir. Qışda isinir, yayda sərinləyir.
Zabitin dediyi kəlmələr qulağa da xoş gəlir, könülə də. Səmimiyyətlə eşitdiklərimə səmimiyyət işığı düşsün deyə: "Könlümüzdən könlünüzə düşən yolları həmişəki kimi bundan sonra da urvatlı tutacağıq. Hamımız bilirik ki,  Böyük Qələbənin yolları üstə səngər müvvəqqəti dayanacaqdı. Ali Baş Komandanın əmriylə döyüşəcəksiniz. Qələbə qazanacaqsınız, sərhədlərimiz daxilində səngər olmayacaq.  Böyük Qələbədən sonra xidmət edəcək əsgərlərlə səngərlərdə deyil, sərhədlərdə kəlmələşəcəyik. Onda əsgərlərlə jurnalistlərin söhbəti sərhədlərdə döyüş növbətçiliyi aparılan mövqelərdə olacaq, o söhbətlər mövqelərin abu-havasına şirinlik gətirəcək", - deyirəm və əsgərlərin baxdığı səmtə baxıram. Dağ vüqarlıların çiyinlərindən dağın bir hissəsi görünür, bir hissəsi yox...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR