Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2019 09:46

Günəş sabah yeni şəfəqlərlə doğacaq

Müasir dövrdə avtomobil nəqliyyatı ordu infrastrukturunda xüsusi və mühüm yer tutur. Azərbaycan Ordusunun şəxsi heyətinin nəqliyyat tələbatının ödənilməsi, şəxsi heyətin daşınmalarının həyata keçirilməsi məhz avtomobil nəqliyyatının müntəzəm fəaliyyət göstərməsindən əhəmiyyətli dərəcədə asılıdır. Avtomobil nəqliyyatının ahəngdar işi isə təbii ki, Azərbaycan Ordusunun gündəlik fəaliyyətini etibarlı şəkildə təmin edir.
"N" hərbi hissəsində avtomobil nəqliyyatının işinin ahəngdarlığının təmin olunmasında zəhməti olan şəxslərdən biri sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Faiq Əliyev ilə tanışlığımız səngərə səfər çərçivəsində baş tutdu. Tanışlıqdan sonra başlanan söhbət o qədər maraqlı alındı ki, kələ-kötür, ətrafı düzənlik sahələrdən ibarət uzun yolu nə vaxt qət etdiyimizi hiss etmədim. Öyrənirəm ki, Gəncə şəhərində dünyaya göz açan hərbi qulluqçu altı ildir ki, bu hərbi hissədə sürücü kimi fəaliyyət göstərir.
Söhbət zamanı sürücü F.Əliyev bildirdi ki, hərbi hissədə sürücü kimi fəaliyyətə başlayan bütün sürücülərin nizam-intizamı, təhkim olunan avtomobil texnikasının quruluşu və istismarı haqqında bilikləri, həmçinin yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri, avtomobilə texniki qulluq göstərilməsi, eləcə də sürücülük üzrə praktiki bilik və bacarıqları yoxlanılır.
Hərbi qulluqçu Faiq Əliyev qeyd etdi ki, hər sürücülük vəsiqəsi olan şəxsi sürücü hesab etmək olmaz. "Hər bir sürücü ilk növbədə avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Eyni zamanda, sürücü mütləq şəkildə idarə etdiyi avtomobilin, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilməlidir. Bundan sonra həmin sürücü peşəkarlıqdan danışa bilər".
"Hər kəsə məlumdur ki, çətin iqlim şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır", - deyə hərbi qulluqçu söhbətinə davam etdi. - Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsində rezin şinlərin istifadəsində məsuliyyətli olmalı, qarlı, buzlu hava şəraitində sürət həddini nəzarətdə saxlamalı, bir sözlə, mümkün olan bütün təhlükəsizlik tələblərinə əməl etməlidir. Eyni zamanda yağışlı, qarlı və tozlu hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin qabaq şüşəsində şüşə siləcəkləri və şüşəyuyanlar nəzərdə tutulub ki, bu aqreqatlar da qeyd olunan hava şəraitində təhlükəsizlik baxımından əvəzolunmazdır. Azərbaycan Ordusunda xidmət edən bütün hərbi qulluqçular, xüsusilə sürücülər yaxşı bilirlər ki, təhlükəsizliyin təmin olunması üçün yollarda, xüsusilə təlim karvanlarında da çox diqqətli olmalı, onlara mane olan manevr və hərəkətlərdən çəkinməli, özlərinin rahat və fasiləsiz hərəkəti üçün şərait yaratmalıdırlar: "Mən sürücü olmaqla yanaşı, hərbi qulluqçu olduğumu da yaddan çıxarmıram. Bir əsgər kimi nümunəvi, intizamlı olmaqla yanaşı Vətən qarşısında borcumun məsuliyyətini də dərindən dərk edirəm".
Günəş qüruba yaxınlaşır. Faiq qeyri-ixtiyari başını qaldırıb qürub edən günəşə baxır. Onun ürəyindən nələr keçdiyini duyuram. Baxışlar deyirdi ki, bu gün qüruba enən günəş sabah yeni şəfəqlərlə, yeni həvəslə onun üzünə doğacaqdır. O, dərindən nəfəs aldı, özündən asılı olmayaraq, əllərini bircə anlıq ovuşdurdu, iti addımlarla bayaqdan onu gözləyən avtomobilə sarı getdi. Axı onun görülməsi vacib olan hələ çox işləri var...


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR