Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2019 09:35

O yerlərə qayıdışa az qalıb

Adi günlərdən biridi. Bu günün adiliyində bir qeyri-adilik də hiss edirəm - Azərbaycan əsgəri ilə görüşə gedirik. Bu gün nədənsə ürəyim köksümə sığmır, düşüncələrim məni Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına... aparır. Yolboyu Azərbaycan əsgəri ilə söhbətimin detallarını düşünürəm. Hər dəfə olduğu kimi yenə Vətəndən danışacağıq, Aprel döyüşlərini, Günnüt  zəfərini xatırlayacağıq. Oğullarımızın həmin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açacağıq, şəhidlərimizi yad edəcəyik.
Hərbi hissəyə çatırıq.
Hərbi hissənin zabiti Seymur Abıyev bildirir ki, tabeliyində xidmət edənlərin mənəvi-psixoloji ruhu yüksəkdir. "Onlar günün nizam qaydalarına uyğun olaraq ictimai-siyasi, atəş, taktiki, mühəndis və fiziki hazırlıqdan məşğələlər keçirlər. Nəzəri biliklər mütləq praktiki məşğələlərlə möhkəmləndirilir. Bunun üçün yuxarı komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, poliqonlarda dərslər, atışlar, təlimlər keçirilir. Əsgərlərimiz hər dərsə maraqla və məsuliyyətlə yanaşırlar. Onlar üzərlərinə düşən vəzifəni dərindən dərk edirlər. Komandir heyəti onların bu səylərini qiymətləndirir. Məşğələlər zamanı fərqlənənlərə fəxri fərman, təşəkkür və növbədənkənar məzuniyyət verilir. Döyüş qabiliyyəti və mənəvi-psixoloji ruhu yüksək olan əsgər ən müasir silah-texnika ilə döyüşlərdə istənilən nəticəyə nail olur. Bütün bunları nəzərə alaraq şəxsi heyətin asudə vaxtına xüsusi diqqət yetirir, yerləşdiyimiz rayonun mədəniyyət mərkəzlərinə, parklarına gəzintilər, həmçinin konsert proqramları təşkil edirik."
Zabitlə söhbətimizdən sonra döyüş mövqeyinə yollanırıq. Çavuş Şahin Hüseynov bizi döyüş mövqeyi ilə tanış edir. Düşmən mövqeyinin yerləşdiyi yeri göstərir, “həyəcan” və “basqın” zamanı hansı tədbirlərin ilkin olaraq həyata keçirildiyini bildirir. Ş.Hüseynov işğal altında olan torpaqlarımızdan danışanda gözlərindəki qisas hissini, düşmənə olan nifrətini görməmək mümkün deyil.
- Hərbçi olmaq böyük şərəfdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən ordu sıralarına çağrıldığım gün ən xoşbəxt günüm idi. Mənə yenidən Vətənimizi qorumaq həvalə edilmişdi. Xidmət etdikcə gördüm ki, Vətənin müdafiəsində dayanan oğullarımız nə qədər cəsur, əqidəli və iradəlidir. Vətən üçün canlarından keçənlərin daima ən yüksək zirvələrdə qərar tutduqlarını, xalqın qəlbində yaşadıqlarını bilirik. Əsgərlərimizlə birgə Vətən qarşısındakı borcumuzu layiqincə yerinə yetiririk. Hər an düşmənin təxribatlarının qarşısını almağa hazırıq. İnanıram ki, tezliklə Azərbaycan əsgərini gözləyən Laçına, Kəlbəcərə, Şuşaya, eləcə də tarixi torpaqlarımıza aparan yolları düşməndən azad edəcəyik. İllərdir qələbə həsrəti ilə yaşayan xalqımıza qələbə sevincini  yaşadacağıq.
Mövqe başçısı ilə döyüş növbətçiliyi aparan şəxsi heyətin yanına çatırıq. İlk həmsöhbətimiz əsgər Rəhim Məmmədov olur. "Vətəninə bağlılıq, Vətənimiz üçün özünü oda-alova atmaq hər birimizin müqəddəs borcudur. Doğulub boya-başa çatdığım rayon düşmənlə təmas xəttindədir. Uşaq vaxtlarımdan atəş səslərini eşitmək mənim üçün adi hala çevrilmişdi. Atam Qarabağ müharibəsi veteranıdır. O Qazax istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Müharibə illərində mənfur düşmən  sərhədyanı bütün rayonlarımıza hücum etmişdi. Qazax rayonu da həmin təxribatların qurbanlarından olub. Ermənilər soydaşlarımıza qarşı insanlığa sığmayan vəhşiliklər ediblər. Bütün bunları atamın söhbətlərindən eşitmişəm. İndi bu müqəddəs vəzifə mənə və silahdaşlarıma həvalə olunub. Komandirlərimizin öyrətdiklərini çalışırıq dərindən mənimsəyək. Asudə vaxtlarımızda da biliklərimizi təkmilləşdiririk. Komandirlərimiz bununla yanaşı, işğal altında olan dilbər guşələrimizdən, Vətənimiz üçün canını qurban edən oğullarımızdan danışır, tezliklə o yerlərə yenidən qayıdacağımızı deyirlər. Biz də bunun üçün üzərimizə düşən vəzifəyə məsuliyyətlə yanaşır, Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq."
- İşğal altında olan torpaqlarımız hər birimiz üçün əzizdir, - deyə əsgər Rauf Mötəbərli söhbətə başlayır. - Mənim üçün həm də sağalmaz yaradır. Biz əslən Laçın rayonunun Ərikli kəndindənik. Valideynlərim həmişə oranın gözəl təbiətindən - meşələrindən, saf bulaqlarından, ceyran-cüyürlərindən, dağ keçilərindən, sərt qayalarından, başı ağ çalmalı dağlarından, ucsuz-bucaqsız yaylaqlarından danışardı. Atam deyərdi ki, Laçınımızda dünyanın heç bir yerində tapılmayan gül-çiçəklər bitir. Çox heyifsilənirəm ki, mən o gözəl yerləri görə bilmədim. Amma inanıram ki, o yerlərə yenidən ayaq basacağımız gün uzaqda deyil. Biz də doğma el-obasından didərgin düşən soydaşlarımızın hər gün həsrətlə gözlədiyi bir xəbəri verməyin intizarındayıq. Biz Ali Baş Komandamızın rəhbərliyi ilə haqq-ədaləti bərqərar edəcəyimizə inanırıq.
Ata-baba yurdundan didərgin düşən soydaşımızın sözlərini eşitdikcə ürəyimiz qübar olur. Əsgərin dediyi fikirləri doğma ocağı üçün həsrət çəkən neçə-neçə həmvətənimizin dediyi fikir kimi qəbul edirəm. Əsgər həm də onu demək istəyir ki, ordumuzun şəxsi heyəti Vətənin sadiq əsgərləri olaraq xalqımızın həsrətinə son qoymağa hazırdır. Əsgər Ümid Nağdəliyev də silah yoldaşının sözlərinə qoşularaq, əsgəri xidmətin hər kişinin həyatında keçməli olduğu vacib mərhələlərdən biri olduğunu vurğulayır.
- Hər bir azərbaycanlı üçün əsgəri xidmət 18 ayla bitmir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Vətənimizi qorumağa hazır olmalıyıq. Bu məsələ artıq həyatımızın məqsədidir. Hesab edirəm ki, ön xətdə xidmət etmək həm şərəflidir, həm də gələcək üçün böyük təcrübədir. Vətənimə olan sevgim, düşmənə nifrətim, komandirlərimizin vətənpərvərlik ruhunda çıxışları məni müddətli hərbi xidmətimdən sonra ordu sıralarında qalıb xidmətimi davam etdirməyə ruhlandırır. Döyüş mövqeyində ilk gündən xidmətlə bərabər, istirahət etməyi də öyrəndim. Asudə vaxtlarımızda kitab oxuyur, radio və televiziya proqramlarını izləyirik. Ölkədə və regionda baş verən hadisələrdən xəbərdar oluruq.
Əsgərimizin sözlərindən komandirlərinə olan rəğbəti, onların arasında olan sağlam münasibəti görməmək mümkün deyil. Əsgər Ümid Nağdəliyevlə söhbətimizi yekunlaşdıraraq əsgər yataqxanasına üz tuturuq. Yataqxanada olan səliqə-sahman ürəkaçandır. Burada Vətənini göz bəbəyi kimi qoruyan, ürəyi Vətən sevgisi ilə döyünən əsgər Aşiq Qasımzadə ilə həmsöhbət oluruq.
"Döyüş növbətçisi olanda işğalda olan torpaqlarımızı görürəm. Heyifsilənirəm ki, yurdumuzun dilbər guşələri indi düşmən tapdağındadır. Bir zaman oralarda soydaşlarımız yaşayır, yurd-yuvalarımızdan toy-bayram səsləri gəlirdi. Bunları fikirləşəndə insan düşmənin üzərinə irəliləmək istəyir. Ancaq inanıram ki, tez bir zamanda komandirlərimizin rəhbərliyi altında erməniləri ata-baba yurdumuzdan qovub çıxaracağıq. Böyük Qələbə uğrunda gedəcək döyüşlərdə iştirak etmək üçün əsgəri xidmətimdən sonra müvafiq kursu keçərək, Vətənimizin müdafiəçilərinin sıralarına qatılacağam. Üçrəngli bayrağımızı Qarabağımızın ən yüksək zirvəsi olan Qızqayaya, Qırxqıza, Böyük Kirsə sancacağıq", - əsgər Aşiq Qasımzadə deyir.
Ezamiyyətdə olduğumuz bölmə düşmənlə təmas xəttində yerləşir, burada şəxsi heyət hər cür sosial-məişət şəraiti ilə təmin olunub. Vətənin keşiyində ayıq-sayıq dayanan oğullarımız da yuxarı komandanlığın etimadını öz xidmətləri ilə doğrultmağa çalışırlar. Hər birinin sözlərindən bir daha əmin olursan ki, torpaqlarımızın müdafiəsi əmin əllərdədir. 

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar  C.CƏFƏROVUNDUR