Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2019 09:41

“Hərbi xidmət əvəzsiz məktəbdir”

"N" hərbi hissəsində ezamiyyətdəydim. Səngərdə əsgərlərlə səmimi söhbətləşmişdik. - Vətəndən, müharibədən, şəhidlikdən, torpaqlarımızın işğaldan azad ediləcəyindən, döyüş əzmindən, qələbə ruhundan danışmışdıq. Əsgərlərdən eşitdiklərimiz ürəyimizi dağa döndərmişdi. "Sənin  üçün hər birimiz Mübarizik, Ana Vətən!", - kəlmələrini Azərbaycan əsgərlərinin hamısının hərbi xidmət amalı bilmişdik. Zabit İsaq Orucov söz arası demişdi ki, bütün hərbi hissələrdə bütün əsgərlər belə xidmət edirlər. O da qürurlanmışdı, biz də.
- Əsgərlərimizin nümunəvi xidmətiylə dünyada ən güclü ordulardan biri olan Azərbaycan Ordusunun hansı səviyyədə mənəvi-psixoloji hazırlığa malik olduğunu təsdiqləyir. Əsgər Bəhlul Hüseynov belə əsgərlərdəndir...
Bəhlul Hüseynov da tay-tuşları kimi məktəbdə müəllimlərinin, evdə atasının söhbətlərindən dərk etməyə başlamışdı müharibənin nə olduğunu. Hərdən suallar da verirdi: müharibə niyə başladı, müharibə nə vaxt qurtaracaq, şəhidlik nədi, əsgərlərimiz nə vaxt azad edəcək torpaqlarımızı,... suallarına aldığı cavablar onun vətənpərvərliyini formalaşdırırmış...
- Bir dəfə atam demişdi ki, əsgər sözünün mənası vətənpərvər deməkdir. Əsgər sözü yaddaşıma belə yazıldı. Hərbi xidmətə çağırılanda da, hərbi xidmətə başlayanda da, Hərbi and içəndə də atamdan eşitdiklərimi xatırladım. Bu haqda əsgər yoldaşlarıma da danışdım. Hamısının bu fikirlə razılaşması mənə çox xoş gəldi. Biz hərbi xidmətə vətənpərvərlər kimi gəlmişdik, yüksək vətənpərvərliklə xidmət edirik, - əsgər Bəhlul Hüseynovun dedikləri məni də, əsgərləri də, zabit İsaq Orucovu da duyğulandırdı: Azərbaycan əsgəri üçün müqəddəsliyin dərki vətənpərvərliklə - Vətən, dövlət, dövlətçilik kəlmələrinin dərkiylə başlayır.
Nümunəvi xidmətin əsası əsgərin vəzifə borclarını dərk etməsidir. Dərk edilənlərə hansı səviyyədə əməl olunmasıdır. Yaxşı əsgər vəzifə borclarının xatırladılmasını gözləmir, onları vaxtında, məsuliyyətlə yerinə yetirir. "Nəyi qorumalı olduğunu bilən əsgər necə qorumağı hərbi xidmətdə öyrənir və bu öyrənməyə maraq, sevgi onun hərbi xidmətinin səviyyəsini müəyyənləşdirir. Bir zabit kimi belə əsgərlərlə qürurlanıram. Hamısı Böyük Qələbə amalıyla xidmət edir. Əsgər Bəhlul Hüseynov da onların sırasındadır!, - zabitin əsgərlərə bu ehtiramını ümumən zabitlərimizin əsgərlərimizə münasibəti bilirəm.


Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"