Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2019 09:41

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Ölkəmizdə ordu quruculuğu istiqamətində uğurla aparılan islahatların, xidmət, sosial-məişət şəraitinin və hərbi qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasının, döyüş hazırlığının müasir tələblərə cavab verə bilən səviyyəyə çatdırılmasının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər, yoxlamalar və digər tədbirlər, ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikalarından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qurulması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində uğurlara nail olunması və bunların ictimaiyyətə çatdırılması gənclərin hərbi xidmətə marağını artırıb. Dövlət başçısının mütəmadi olaraq təmas xəttində olması hərbi qulluqçuların sosial problemləri ilə birbaşa maraqlanmaları və bu problemlərin diqqətdə saxlanılması, hərbi qulluqçular, xüsusilə də gənc nəsil arasında vətənpərvərlik hissini artırır.
2016-cı ilin Aprel döyüşlərində, Günnüt əməliyyatında qazanılan qələbələr, gənclərin vətənpərvərlik ruhunun daha da yüksəldilməsində müstəsna rol oynayır. Bu baxımdan Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da yüksək döyüş qabiliyyətinə malik olan ordumuza etimadı, etibarı, güvənci artırdı.
Son illərdə davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu son beş ildə hərbi potensialın təkmilləşdirilməsinin nəticəsidir ki, dünya miqyasında döyüş hazırlığına görə 50 ən güclü ordu sırasındadır. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi,  müdafiə qüdrəti artan Azərbaycan Ordusunun reytinqinin yüksək səviyyədə olmasını Aprel döyüşləri və Günnüt zəfəri də təsdiqlədi.
Cəmiyyətdə Azərbaycan Ordusunda hərbi ximətin nüfuzunun artırılmasında sosial məsələlər müstəsna əhəmiyyətə malikdir.
Cəmiyyətin tərkib hissəsi olan orduda hərbi xidmətkeçmə şəraitinə və xüsusiyyətlərinə görə digər fəaliyyət sahələrindən fərqlənir. Məhz buna görə də hərbi xidmətkeçmə qaydaları, eləcə də hərbi xidmət keçən vətəndaşların vəzifə və hüquqları xüsusi qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, hərbi qulluqçuların hüquqi statusu və sosial təminatları Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Bu gün hərbi qulluqçuların sosial təminatı dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunur. Məişət şəraiti yaxşılaşdırılır, yeni, müasir tələblərə cavab verən hərbi hissələr, yaşayış və qeyri-yaşayış binaları, xidməti mənzillər istifadəyə verilir.
Hərbi qulluqçuların sosial problemlərinin həllində ən mühüm addımlardan biri hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin gücləndirilməsinə göstərilən qayğıdır. Onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı imzalayıb. Bu fərmana əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Bu işlər dövlətimiz tərəfindən uğurla davam etdirilir. "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 23 yanvar 2007-ci il tarixli 515 nömrəli Fərmana əsasən hərbi qulluqçuların güzəştli ipoteka kreditlərindən istifadə etmək hüququ var.
Hərbi qulluqçuların ailə üzvlərinə, valideynlərinə hərbi tibb müəssisələrində güzəştli şəkildə (40% ödənişlə) hər növ tibbi yardım göstərilir, onlar, həmçinin sanatoriya-kurort müalicəsi hüququna malikdirlər.
Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ var. Belə ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası" haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlar 11 000 (on bir min) manat məbləğində sığorta edilirlər.    
Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə "Dəfn mərasiminin təşkili və keçirilməsi" qaydaları əlavə edilmişdir ki, bu qaydalara əsasən müharibə dövründə və döyüş əməliyyatları zamanı həlak olmuş, həmçinin xidməti vəzifəsinin icrası zamanı vəfat etmiş hərbi qulluqçuların dəfn mərasiminin təşkili və keçirilməsi xüsusiyyətlərini müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı mövcuddur. Bu qaydalar Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Bundan əlavə, hərbi qulluqçulara məzuniyyət əvəzinə, pul kompensasiyasının ödənilməsi, müvəqqəti mənzil kirayəsi əvəzinə pul kompensasiyasının artırılması hərbi qulluqçuların və onların ailə üzvlərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müsbət addım olmaqla yanaşı, sosial ədalət prinsipinin daim rəhbərliyin diqqətində olduğunun göstəricisidir ki, bu da ordumuzun imicinə böyük müsbət təsir edir.
Dövlətimizin müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir.
Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı" və "MAHHXHQ-ın hazırlığı", həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır. Bu, gələcəkdə daha savadlı, daha peşəkar kadr hazırlığına və ordumuzun imicinin artmasına da öz töhfəsini verəcəkdir.
Son illərdə Azərbaycan Ordusunda konfrans və seminarların keçirilməsi elmi fəaliyyətin inkişafına təkan verməklə yanaşı, şəxsi heyətin intellektual səviyyəsinin yüksəldilməsi və onun maarifləndirilməsi işində də böyük rol oynayır.
Dövlətimizin orduya qayğısı nəticəsində onun beynəlxalq nüfuzu da artıb. Xarici dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi, həmçinin hərbi qurumlar və beynəlxalq təşkilatlarla qarşılıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əksər xarici dövlətlər və nüfuzlu beynəlxalq hərbi təşkilatlar Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər. Bunun bariz nümunəsi kimi xarici ölkə səfirliklərinin Müdafiə Nazirliyi ilə əlaqələrini və NATO rəsmilərinin müxtəlif proqramlar, o cümlədən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində ölkəmizə dəfələrlə səfərini göstərmək olar.
Beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti, ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdəndir. Dövlətimiz  beynəlxalq hərbi əməkdaşlığı həyata keçirməklə region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, Avro-atlantik strukturlarla inteqrasiyanı təmin edir.
Dövlətimizin hərbi sənaye kompleksi yüksək səviyyədə formalaşıb. Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ölkəmizdə keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bunlar dövlətimizin iqtisadi tərəqqisinin göstəricisidir. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyi bu sahədə ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun müasirləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.
Son illər keçirilən "Beynəlxalq Ordu Oyunları"nda hərbçilərimizin iştirakı da ordumuzun nüfuzunun artırılmasında böyük rol oynayır. Hərbi qulluqçularımız belə tədbirlərdə  həm başqa orduların təcrübəsini əyani şəkildə görür, müşahidə edir, həm də öz peşəkarlığını nümayiş etdirir. Bunlar beynəlxalq səviyyədə də, ölkə ictimaiyyətində də ordumuz haqqında xoş təəssüratlar yaradır.
İctimaiyyətlə əlaqələrin qurulması işinin keyfiyyəti də ordumuzun nüfuzunun artmasına xidmət edən güclü amillərdəndir.
Bu məqsədlə Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupları tərəfindən ön xətdə xidmət aparan hərbi hissələrin döyüş postlarında hərbi qulluqçularla və cəbhə bölgəsində yaşayan əhali ilə hərbi vətənpərvərlik mövzularında daim təbliğat və təşviqat işləri aparılır, hərbi qulluqçular üçün mədəni ekskursiyalar təşkil edilir.
Azərbaycan Ordusunda ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə "Açıq qapı" günləri keçirilir.
Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun artırılması məqsədilə Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi və "Azərbaycan Ordusu" qəzeti redaksiyası tərəfindən Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını nümayiş etdirən, mənəvi-psixoloji vəziyyətini təbliğ edən və gənclərdə vətənpərvərlik hissini formalaşdıran video-çarxlar, sənədli filmlər çəkilir, müxtəlif janrlarda məqalələr və reportajlar dərc edilir, kütləvi vətənpərvərlik tədbirləri təbliğ edilir, Müdafiə Nazirliyinin rəsmi saytında, eləcə də digər KİV-də yayılır.
Mütəmadi olaraq KİV nümayəndələrinin hərbi hissələrə, əsasən cəbhə bölgələrinə səfərləri təşkil edilir, hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir və onların xidmət şəraitləri, gündəlik fəaliyyətləri ilə yaxından tanış olunur.
Bu istiqamətdə aparılan işlər və keçirilən tədbirlər ümumilikdə ordunun nüfuzunun artmasına xidmət edən amillərdəndir. Şəxsi heyət bilir ki, Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır.


İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi