Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2019 09:41

“Beynəlxalq Ordu Oyunları” dövlətlərarası münasibətləri daha da möhkəmləndirir

Dövlətlərarası münasibətlər həm də müxtəlif beynəlxalq tədbirlərdə möhkəmlənir. Hərbi əməkdaşlıq baxımından dəyərli hesab edilən belə tədbirlərdən biri də ənənəvi olaraq keçirilən "Beynəlxalq Ordu Oyunları"dır. Bu tədbir iştirakçı dövlətlərin orduları haqqında məlumatları daha da zənginləşdirir.
2015-ci ildən keçirilən "Beynəlxalq Ordu Oyunları" dünyada  ən diqqət çəkən yarışlardan biridir. Ölkəmiz bu oyunların iştirakçısı olaraq, beynəlxalq arenada qazandığı reputasiya ilə müəyyən nüfuz sahibidir. "Beynəlxalq Ordu Oyunları" dövlətlərarası hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də iştirakçı dövlətlərin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin formalaşması, dostluq və rəqabət gücünün daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yarışlarda biz Qarabağımızla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün böyük imkan əldə edirik. Bütün dünya ordumuzun inkişafını görərək, ölkəmizi etibarlı tərəfdaş kimi qiymətləndirir. "Beynəlxalq Ordu Oyunları" yarışları ölkəmizin inkişafını və ordumuzun gücünü bir daha nümayiş etdirir.
Hər il olduğu kimi bu il də tankçılarımız, snayperlərimiz, aşpazlarımız, ilk dəfə qatıldığımız "Spasskaya başnya" XII beynəlxalq hərbi musiqi festivalının və "Hərbi-tibbi estafet" müsabiqəsinin iştirakçıları yarışlara daha ciddi və məsuliyyətlə hazırlaşıblar.
Builki “Beynəlxalq Ordu Oyunları”nda sərgi təşkil ediləcək və bu sərgidə Azərbaycanımızın mədəniyyətini, tarixini, ədəbiyyatını, adət-ənənələrini, sənaye və kənd təsərrüfatı sahəsində inkişafını əks etdirən ekspozisiyalar təqdim olunacaq. Oyunlar keçirilən günlərdə qonaqlar bu ekspozisiyalarla yaxından tanış olmaq imkanı qazanacaqlar. Ötən il ən çox diqqəti Azərbaycanın təqdim etdiyi sərgi diqqəti cəlb etmişdi. Gələnlər sərkərdələrimizin, Milli qəhrəmanlarımızın rəsmlərinə böyük maraqla baxırdılar. Müasir Azərbaycanımızın dövlətçilik memarı, Ulu Öndərimizin həyat və fəaliyyətini əks etdirən kitablar diqqəti xüsusilə cəlb edirdi. Sərgidə, həmçinin manitor vasitəsi ilə ordumuzda olan ən qabaqcıl silah-texnikaların video görüntüsü nümayiş olunacaq.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin poliqonunda keçiriləcək "Səhra mətbəxi" yarışmasında hərbi aşpazlarımız öz məharətlərini göstərərək, milli mətbəximizin ən ləziz təamlarını nümayiş etdirəcəklər. 2018-ci ildə keçirilən "Beynəlxalq Ordu Oyunları"nda ölkəmizin komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunəsi təqdim etmişdilər. Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Serqey Şoyqu da daxil olmaqla çoxsaylı qonaqlar Azərbaycan Ordusunun aşpazlarının hazırladıqları təamların dadına baxmışdılar. Hətta ordu generalı Serqey Şoyqu bizim mətbəxi heyrətamiz adlandırmışdı.
Tankçılarımız ötən illərdə olduğu kimi bu il də ölkəmizi "Tank biatlonu" müsabiqəsində layiqincə təmsil edəcəklər. Xatırladaq ki, bu yarışlar üç mərhələdə keçiriləcək: fərdi, estafet və final mərhələsi. İnanırıq ki, hər bir mərhələdə yüksək nəticə əldə etmək üçün tankçılarımız öz bilik, bacarıq və qabiliyyətlərini əsirgəməyəcəklər. Hərbçilərimiz, həmçinin Qazaxıstanda keçiriləcək "Artilleriya atəşinin ustaları" və Belarus Respublikasının Brest təlim poliqonunda keçiriləcək "Snayper həddi" müsabiqəsində iştirak edəcəklər.
Xarici ölkələrdə keçirilən yarışlarda iştirak etməklə yanaşı, ölkəmiz "Dəniz kuboku" müsabiqəsinə ev sahibliyi edəcək. Bu müsabiqəyə hazırlıq yüksək səviyyədə gedir. Xatırladım ki, dənizçilərimiz 2017-ci ildə yüksək nəticə göstərərək Rusiya ilə birinci yeri bölüşmüşdülər. "Beynəlxalq Ordu Oyunları-2018"-in bağlanış mərasimi heç vaxt yaddaşımdan silinməyəcək. "Dəniz kuboku" müsabiqəsi zamanı ölkəmizdə olan dövlətlərin nümayəndələri ilə həmsöhbət olduq. Onlar öz təəssüratlarını bizimlə bölüşərək yarışın yüksək səviyyədə təşkil olunmasından, Bakımızın gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən danışırdılar. Onlar multikultural və tolerant ölkədə yaşadığımızı vurğulayırdılar. 
Bu ildən etibarən tibb işçilərimizdən ibarət komanda Özbəkistanda keçirilən "Hərbi-tibbi estafet" müsabiqəsində iştirak edəcəklər. Bu müsabiqədə tibb işçilərinin və ən yaxşı mexanik-sürücü adı uğrunda həm fərdi, həm də komanda yarışları keçiriləcək. İştirakçılar fərdi olaraq ştat silahlardan atəş açılması, maneə zolağının dəf edilməsi, ilkin tibbi yardım göstərilməsi, yaralının döyüş meydanından çıxarılması üzrə yarışacaqlar. Komanda şəklində tibb işçilərinin qarşısında duran əsas vəzifələr yaralının axtarışı və təxliyəsi, qanaxmanın dayandırılması üçün sarğı qoyulması, yaralının nəqliyyat vasitəsinə mindirilməsi, həmçinin sürücü-mexanikin çətin relyefdə nəqliyyat vasitəsini idarə etməsidir. Qeyd edək ki, yarışın nəticəsi həm vaxta görə, həm də ki, qarşıya qoyulan tapşırığın düzgün yerinə yetirilməsinə əsasən müəyyənləşdiriləcək. Əgər bir neçə komanda vaxt baxımından eyni nəticə göstərərsə, onda fərdi tapşırıqda birincilik qazanan tibb işçisinin komandası qalib seçiləcək.
Dünyanın ən böyük musiqi festivallarından olan "Spasskaya Başnya" Beynəlxalq Hərbi Musiqi festivalıdır. Bu il izləyicilər hərbi orkestrimizin maraqlı çıxışlarını izləyəcəklər. Ölkəmiz bu festivalda ilk dəfə iştirak edəcək. Ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri təmsil edəcək. Təhsil ocağının orkestri bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Festivalın keçirilmə şərtlərinə uyğun olaraq yarışda orkestrlə birlikdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu da çıxış edəcək. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri xalqların və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər. Heyətimiz festivalda Müslüm Maqomayevin "Radio marşı", "Odlar yurdu Azərbaycan", Əlimərdan Əliyevin "Bayramlı Azərbaycan", Üzeyir Hacıbəyovun "Cəngi" musiqiləri ifa ediləcək. Həmçinin orkestrimiz  şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil edəcək. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev və digər bəstəkarlarımızın musiqi əsərləri və dünya klassiklərinin mahnıları tamaşaçılara təqdim ediləcək.
Onu da qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Beynəlxalq Ordu Oyunlarına" hazırlığı yaxından izləyir, prosesi daima nəzarət altında saxlayır. Musiqi festivalı üçün musiqiçilərimizə yeni formalar hazırlanıb, müasir və ən bahalı alətlər alınıb. Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən digər müsabiqələrin iştirakçılarının ehtiyacları da diqqət mərkəzində saxlanılır. Bu cür diqqət və qayğı hər birimizi mübarizəyə daha da ruhlandırır. Biz də çalışacağıq ki, bizə göstərilən ehtimadı doğruldaq, ölkəmizi layiqincə təmsil edək.


Etibar ƏLİYEV,
Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi