Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2019 10:10

Dostluğumuz sarsılmazdır

Yaxşı dost(lar)a hər zaman ehtiyacımız var. Sevincini, kədərini bölüşmək, məsləhətlər almaq üçün ona müraciət edirsən. Dostluq daxildən gələn ülvi hiss, iki insan arasında olan qırılmaz zəncir, mənəvi körpüdür. Sarsılmaz dostluqların çoxu hərbi xidmətdə qurulur. Əsgərlik dostluğu, xüsusilə də, səngər dostluğu polad kimi möhkəm olur. Ön xətdə xidmət edən əsgərlər Azər Əlizadə və Elnur Hüseynov ilə tanışlıqdan sonra buna bir daha əmin oldum.
Biləsuvar rayonundan olan əsgər Azər Əlizadə hərbi xidmətə çağırılmamışdan əvvəl "Neftçi" futbol klubunun yeniyetmələrdən ibarət komandasında oynayıb. Xidmətini bitirdikdən sonra bu sahə üzrə planlarını davam etdirmək fikrində olduğunu bildirdi. Əsgər dostluğu barədə sualımı cavablandırarkən sözlərindəki səmimiyyət və sədaqəti hiss etmək çətin deyildi. "Mənim üçün dostluğu şərtləndirən dörd əsas prinsip var: möhkəmlilik, qarşılıqlı hörmət, düzlük və mərdlik. Bu prinsiplər bir-birini tamamlayır.
Dostluq təkcə xoş gündə yanında olmaq deyil, çətin günün dostu olasan gərək. Arzu edirəm ki, bütün insanların dostluğu daimi və əbədi olsun. Uşaqlıq dostlarım və sinif yoldaşlarımın da əksəriyyəti hazırda Vətənin müdafiəsində dayanıblar. İmkan daxilində komandirlərimin vasitəsilə onlarla əlaqə saxlayıram. Əsgər yoldaşlarımın arasında da dostlarım var. Əsgər Elnur Hüseynov da onlardan biridir. Asudə vaxtlarımızda keçirilən oyunlar zamanı ikimiz eyni komandada olmağa çalışırıq. Oyunları kimin qazanmasından asılı olmayaraq Ali Baş Komandanın döyüş əmri  ilə hər birimiz çiyin-çiyinə düşmənə qarşı vuruşacağıq, torpaqlarımızı işğaldan azad edib tarixi qələbəni qazanacağıq.”
Əsgər Elnur Hüseynov dostu Azərdən fərqli olaraq tərxis olunduqdan sonra hərbi  xidmətini davam etdirmək arzusunda olduğunu bildirdi. Elnur, həmçinin qeyd etdi ki, tərxis olunduqdan sonra harada yaşamalarından asılı olmayaraq dostları ilə daim əlaqə saxlayacaq. "Hərbi xidmət mənə çox şey qazandırdı. Mənim burada ən böyük qazancım Vətəninə və millətinə ürəkdən bağlı olan dostlar oldu. Cəbhə dostluğu sarsılmazdır. Xidmət dövründə bəzən elə anlar olur ki, yaxınlarının və doğmalarının məsləhətlərinə ehtiyac duyursan. Burada komandirlərimizin yaratdığı dostluq mühiti bizə bu boşluğu hiss etdirmir. Əsgər yoldaşlarımdan Azərlə hər zaman xatirələrimi bölüşürəm. Şəkidən olduğum üçün danışdığım lətifələr başqa maraqla dinlənilir. Düşmənlə təmas xəttində hər birimiz ruh yüksəkliyi ilə xidmət edirik. Bölməmizdə xidmət edən əsgər yoldaşlarımızla ən böyük arzumuz döyüş postundan müşahidə etdiyimiz tarixi dədə-baba torpaqlarımızda nəfəs almaqdır".


Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR