Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2019 10:10

“Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində

Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan "Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir.
Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabiti Kamran Nəsibov düşərgə haqqında fikirlərini bölüşərək dedi ki, təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin döyüşlərdə şəhid olmuş və cəbhə xəttində xidmət edən zabitlərin övladlarının iştirak etdiyi  gəncliyin Vətənə sədaqət ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyətə malik "Gənc Heydərçilər" layihəsi artıq 6-cı ildir gerçəkləşir. "Gənclərin dünyagörüşünün hərtərəfli inkişafının təmin edilməsi dövlətin həyata keçirdiyi başlıca tədbirlərdəndir. Gənc nəslin  həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda formalaşması müstəqil dövlətçiliyin möhkəmləndirilməsində mühüm amillərdəndir. Çünki möhkəm və güclü dövlətin varlığı gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların Vətənə sevgisindən də asılıdır. İnsanın Vətənə bağlılığı onun ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında birincilərdən hesab olunur. Bu məsələ cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir. Bu hiss onun əsas komponentlərini də - doğulduğu torpağı, yaşadığı ölkəni sevmək, uğrunda çalışmaq, ona əməlləri ilə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik borcunu da yada salır. Vətənə sədaqət ruhu ilk növbədə ailədən, uşaqlıq çağından başlayır. Həmin vaxtdan aşılanan fikirlər uşağı gələcəkdə bir şəxsiyyət kimi formalaşdırır.
Düşərgəyə təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələr, həmçinin şəhid olmuş, eləcə də ön xətdə xidmət edən hərbi qulluqçuların övladları göndərilib.
Yeniyetmələr burada təşkil olunan yarışlarda, müsabiqələrdə iştirak etməklə yanaşı, hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti, eləcə də müxtəlif silah və texnika ilə tanış olurlar.
"Gənc Heydərçilər" layihəsində iştirakçıların intellektual və vətənpərvər ruhda formalaşması istiqamətində lazım olan bütün addımlar atılır. Gələcək əsgərlərin hərbi təlimatlarla, şəxsi heyətin gündəlik həyat və fəaliyyəti ilə, hərbi hissədəki şəraitlə,  hərbi hissənin silah və döyüş texnikası,  əsgərlərin gündəlik həyatı ilə tanış olması üçün  hər cür şərait yaradılıb. Yeniyetmələrin ordu haqqında təəssüratları xeyli zənginləşir. Uşaqların təlim-tərbiyə işləri ilə hərbi hissənin zabit, gizir və çavuşlarından ibarət qrupu, Nəsimi rayonunun orta məktəblərində çalışan idman və hərbi hazırlıq müəllimləri məşğul olurlar. "Gənc Heydərçilər"in  hərbçilərlə yaxından təmasını təmin etməklə həm gələcəkdə hərbi xidmətə daha yaxşı hazırlaşmalarına, həm də hərbçi peşəsinə  maraqlarının artırılmasına çalışırlar.
Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada yeniyetmələrin istirahəti üçün bütün imkanlar yaradılıb: "Düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar xüsusi geyim forması ilə təmin edilib. Günün birinci yarısınadək keçirilən dərslərdə uşaqlara hərbi xidmətlə bağlı ilkin anlayışlar aşılanır. İkinci yarısında mədəni-kütləvi tədbirlər keçirilir. Yeniyetmələr yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunurlar. Onların təbiət qoynunda nahar etmələri də  təşkil edilir. Layihə iştirakçıları düşərgənin yerləşdiyi rayonun görməli yerlərini ziyarət edirlər.”
Zabit "Gənc Heydərçilər"in hərbi xidmət haqqında müəyyən məlumatlar əldə etdiyini, bir çoxunun gələcəkdə bu peşənin davamçıları olacağına əminliyini  də vurğuladı.
Bütün bunlar yay istirahət düşərgələrinə cəlb edilənlərin dünyagörüşünün formalaşmasında, onların dövlətçiliyə sevgisinin daha da artırılmasında müstəsna rol oynayır. Uşaqlar yay istirahət düşərgəsində, sözün əsl mənasında, əsgər xarakterinə yiyələnirlər. Hərbi texnikalarla yaxından tanışlıq təkcə müəyyən təəssürat yaratmır, həm də onları idarə edənlərə ehtiram, rəğbət yaradır. Bu anlamda yay istirahət düşərgəsi cəmiyyətlə ordu arasında münasibətlərin şaxəli inkişafına xidmət edir. Digər tərəfdən, hərbi texnikalarla tanışlıq, təmas yeniyetmələrdə hərbçi peşəsinə maraq, sevgi də yaradır və yaxud haçansa yaranmış marağı, sevgini dərinləşdirir.
Düşərgədə hər şey günün nizam qaydaları ilə tənzimlənir, yəni yeniyetmələr burada həqiqi hərbçi, konkret olaraq əsgər həyatı yaşayırlar. Səhər idmanı da, müxtəlif gəzintilər də bunun üçündür.
Düşərgədə təşkil edilən hər tədbir mahiyyət etibarilə hərbi xidmətin necəliyi haqqında təəssürat yaradır və bu təəssürat sabahlara hesablanır. Yeniyetmə ordu ilə bu səviyyədə təmasda olmaqla 2016-cı ilin Aprel döyüşlərində qələbə qazananların davamçıları olacaq əsgərləri şəxsən tanımaqla qürurlanacaqlar da. Bu tədbirin ənənəviliyi şəhid olmuş, eləcə də ön xətdə xidmət edən hərbi qulluqçuların övladlarının, həmçinin idmanda böyük uğurlar qazananların orduya marağını sistemləşdirir ki, bu da müəyyən mənada pedaqoji bir prosesin tərkib hissəsi kimi dəyərlidir.
Düşərgədə təşkil edilən hər tədbir yeniyetmələrin maraq dünyasıyla səsləşir. Belə ki, tədbirlər bilavasitə xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini əhatə edir. Yaşadıla-yaşadıla öyrənilənlər, öyrənilə-öyrənilə yaşadılır. Düşərgənin fəaliyyəti də məhz bu amilə görə dəyərlidir.
Burada müxtəlif idman yarışları da təşkil edilir ki, bu da özlüyündə qeyd etdiyimiz pedaqoji prosesin tələblərindəndir.
Düşərgədə intellektual tədbirlər də həyata keçirilir.
Yeniyetmələrin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq məqsədilə keçirilən "Gənc Heydərçilər"in “Əsgərə məktub” inşa müsabiqəsi bu qəbildəndir. Yeniyetmələr tanımadıqları, ancaq sevdikləri əsgərə məktub yazmaqla orduya rəğbətini, sevgisini bildirir.
Hər məktub bir ürəyin çırpıntısıdı.
Hər məktub bir ehtiramın söz təsdiqidi.
İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Cəfər Məmmədovun "Əsgər olmaq çox şərəflidir. Çünki Vətən anadır", - fikri onun, onun timsalında bu günümüzün şagirdlərinin intellektual səviyyəsinin təsdiqidir. 11-ci sinif şagirdi Vəfadar Rizvanov yazır: "Boyum balacadır. İnanıram ki, boyum da böyüyəcək. Mən də sənin kimi əsgər olacam". Bu məktubun hər sətri şagirdin hərbi xidmətə sonsuz rəğbəti kimi oxunur.
Yusif Mirzəyev adına 44 saylı orta məktəbin 10-cu sinif şagirdi Cəfər Əliyevin fikirləri də bunlara müvafiqdir.
Müseyib Vəliyev yazır: “... Mənim atam da hərbçidir. Mən hərbçi olmağın nə olduğunu bilirəm. Elə buna görə də öz hərbçi oğullarıyla qürur duyan Azərbaycanımızı bağrıma basıram...”
Digər məktublar da maraqlıdır. Oxuduqca adamın ürəyi dağa dönür. Qürurlanırsan ki, belə yeniyetmələrimiz var. Onlar sabahlarımızın əsgəri olacaqdır, işğaldan azad edilmiş ərazilərimizdə xidmət edəcəklər...
Redaksiyamıza göndərilən “Əsgərə məktub” müsabiqəsinə təqdim olunan yazılarla bağlı polkovnik-leytenant Kamran Nəsibovla əlaqə saxladıq. Zabit bildirdi ki, "Gənc Heydərçilər"in hərbi xidmət haqqında müəyyən məlumatlar əldə etdiyinə, bir çoxunun gələcəkdə bu peşənin davamçıları olacağına əminəm.
Yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif oyunlar, yarışlar, viktorinalar keçirilir. "Gənc Heydərçilər"in dünyagörüşünün formalaşmasına xidmət edən  inşa müsabiqəsi belə tədbirlərdəndir. Mahiyyət etibarilə vətənpərvərlik duyğularının daha da yüksəldilməsini təmin edən belə müsabiqələr həm də yaradıcılıq imkanlarının genişləndirilməsi üçündür.

"Azərbaycan Ordusu"