Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2019 10:19

Ordumuzu layiqincə təmsil edəcəyik

Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun şəxsi heyəti keçirilən irimiqyaslı təlimlərdən əlavə, təşkil olunan beynəlxalq turnirlərdə də ölkəmizin müdafiə qabiliyyətini dünyaya nümayiş etdirir. Beynəlxalq Ordu Oyunlarında iştirak edən hərbi qulluqçularımız yüksək göstəricilər sərgiləyərək, üçrəngli bayrağımızı daim yüksəklərdə saxlayırlar. Bu növ beynəlxalq yarışlarda Azərbaycan Ordusunun iştirakı xarici ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsində, dostluq, rəqabət gücünün artırılmasında mühüm rol oynayır. Keçirilən yarışlarda hərbçilərimizin göstərdiyi nəticələr ordumuzun güclü ordular sırasında əbəs yerə olmadığının bariz nümunəsidir.
Təlim meydanında Beynəlxalq Ordu Oyunlarına hazırlaşan dəmir atlı cəngavərlərimizin hazırlıq prosesində iştirak etdik. Tankçılar maneə sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etdikdən sonra yaradılmış hədəfləri döyüş atışları ilə məhv etmək bacarıqlarını təlim iştirakçılarına nümayiş etdirdilər. Təlim bitdikdən sonra tank ixtisası üzrə təcrübəli zabit Sakit Verdiyevin və yüksək nəticə göstərən heyət üzvlərinin fikirlərini öyrəndik.
Tankçı zabit S.Verdiyev keçirilən Beynəlxalq Ordu Oyunlarının tank biatlonu müsabiqəsinin şərtləri ilə bizi tanış etdi. "Yarışlar üç mərhələdə təşkil olunur; fərdi, estafet və final mərhələsi. Müsabiqə zamanı tankçılar minalanmış sahəni, su maneələrini dəf edərək irəliləyir, eskarpı keçdikdən sonra pulemyotdan hədəflərə atışlar həyata keçirirlər. Sonrakı mərhələdə tankçılar ağır mərmi ilə uzaq məsafədə yerləşən hədəfləri məhv edirlər. Müddətə və göstərilən göstəriciyə əsasən qalib müəyyən edilir. Estafet üsullu yarışlarda hər komanda bir tank və üç ekipajla tapşırıqları yerinə yetirir. Sonda ümumi nəticə etibarı ilə göstəricisi yüksək olan komanda qalib olur".
Tankçı zabit S.Verdiyevin tankçılarımızın Beynəlxalq Ordu Oyunlarında sərgilədiyi oyun və göstərdiyi nəticə ilə bağlı fikirlərini də öyrəndik. "Bünövrəsi 2015-ci ildə qoyulan Beynəlxalq Ordu Oyunlarına maraq ilbəil artmaqdadır. Müxtəlif dövlətlərin iştirakı ilə keçirilən hərb oyunları dövlətlərarası münasibətlərin möhkəmlənməsində böyük rol oynayır. Yarış beynəlxalq əhəmiyyət təşkil etdiyi üçün heyət məsuliyyəti hiss edir və verilən tapşırıqları yüksək dəqiqliklə yerinə yetirir. Təqdirəlayiq haldır ki, tankçılarımız bu yarışlarda yaxşı göstəricilər əldə edərək müxtəlif medal və qiymətli hədiyyələrlə təltif olunurlar. Ötən il tank biatlonu üzrə təşkil olunan yarışda hərbçilərimiz 23 komanda arasında 5-ci yeri tutdu. Bu bizim üçün yaxşı göstəricidir, nəzərə alsaq ki, rəqiblərimiz dünyanın hegemon dövlətləri idi. Bu il çalışacağıq ki, nəticələrimiz daha yaxşı olsun. Sonda onu demək istərdim ki, ordumuzun təcrübəli hərbi qulluqçuları təkcə "tank biatlonu" üzrə deyil, digər müsabiqələrdə də ölkəmizi layiqincə təmsil edir və əsl gücünü dünyaya nümayiş etdirirlər.
Gizir Amid Əliyev ötən il ordumuzu Beynəlxalq Ordu Oyunlarında "Tank biatlonu" üzrə layiqincə təmsil edən hərbi qulluqçularındandır. Əslən Masallı rayonundan olan gizir A.Əliyev uzun müddətdir ki, ordu sıralarında xidmət edən təcrübəli hərbçilərimizdəndir. "Tarixi torpaqlarımızın işğal altında olması və ədalətin hələ də bərqərar olunmaması bizim hər an müharibəyə hazır olmağımızı tələb edir. Keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Biz hərbi qulluqçular olaraq öz üzərimizdə daim işləyir, döyüş hazırlığımızın artırılması üçün əlimizdən gələni əsirgəmirik".
Söhbət əsnasında  Amid Əliyevin özündən beş yaş balaca qardaşı Pərvinin də tankçı olduğunu öyrənirəm və hər ikisi Aprel döyüşlərində iştirak edib. "Qardaşımla birlikdə Lələtəpənin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişik, lakin ayrı-ayrı bölmələrdə düşmənə qarşı vuruşmuşuq. Həmin gün ordumuz ata-baba torpaqlarımızın bir qismini düşməndən azad etdi. Yüksəkliyə bayrağımız sancılanda fəxarət hissi keçirdim. O gün olsun ki, üçrəngli bayrağımız düşmən işğalında olan bütün tarixi torpaqlarımızda dalğalansın".
Gizir Amid Əliyev keçən il təşkil olunan Beynəlxalq Ordu Oyunlarında yaddaqalan maraqlı məqamları da bizimlə bölüşdü. "Keçən il Beynəlxalq Ordu Oyunları çərçivəsində "Tank biatlonu" üzrə təşkil olunan yarışda birinci mərhələnin açılışında ilk çıxış edən bizim heyət oldu. Bu mərhələni birinciliklə bitirdik. Tribuna qarşısından keçərkən Müdafiə naziri general-polkovnik Zakir Həsənova verdiyim əsgəri salamı ömrüm boyu unutmayacağam. Bundan başqa, ordumuzda baş tutan təlimlərdə fərqləndiyim üçün komandirlərim tərəfindən dəfələrlə mükafatlandırılmışam".
Dost-tanışları arasında "tank snayperi" ləqəbi ilə tanınan Məftun İbrahimov da təcrübəli tankçılarımızdandır. Uzun müddətdir ordu sıralarında xidmət edən gizir M.İbrahimovun dayısı İslam Fətullayev Qarabağ döyüşlərində iştirak edən tankçılardan biri olub və müsahibim uşaq yaşlarından dayısını özünə örnək bilib. 2018-ci ildə ordumuzu Beynəlxalq Ordu Oyunları müsabiqəsində təmsil edən tankçımız heyətlərinin qazandığı uğurlar  barədə bizə məlumat verdi. "Ötən il Beynəlxalq Ordu Oyunlarının "Tank biatlonu" üzrə keçirilən müsabiqəsində heyətimiz yaxşı nəticə göstərdi. 3 ildir ki, beynəlxalq "Tank biatlonu" yarışlarında iştirak edirəm. Göstərdiyim fərdi nəticələrə görə Rusiyanın Müdafiə naziri tərəfindən "Dostluq" medalı ilə təltif edilmişəm. Yarışların qaydalarına görə müəyyən məsafədə yerləşən hədəflərə atəş çalışmalarını yerinə yetirərkən hədəflərin düşmənə aid olduğunu düşünürəm. Yəqin bu səbəbdəndir ki, atdığım mərmilər hədəfdən yayınmır. Arzu edirəm ki, bu il baş tutacaq Beynəlxalq Ordu Oyunlarında da ölkəmizi layiqincə təmsil edək. Ötən üç ildə olduğu kimi düşmənimizi susduracağıq".
Müsahibənin sonunda təcrübəli hərbi qulluqçu ən böyük arzusunun düşmənin bir tank bölüyünü məhv etmək olduğunu bildirdi.
Təlimdə yüksək bacarıq nümayiş etdirən gizir Samir İsgəndərovun da fikirlərini öyrəndik. Gizirin qardaşı və əmisioğlu da hərbi qulluqçudurlar. 2017-ci ildə Moskvada təşkil olunan Beynəlxalq Ordu Oyunlarının, "Tank biatlonu" üzrə müsabiqəsində göstərdiyi fərdi nəticələrə görə S.İsgəndərova Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən gizir rütbəsi verilib. Müsahibim də keçirilən yarışlarda yaddaqalan anların olduğunu bildirdi. "Tankı istənilən hava şəraitində, günün işıqlı və qaranlıq vaxtlarında relyefindən asılı olmayaraq məharətlə idarə etməyi bacarmalısan. Komandirlərimiz tərəfindən keçirilən dərslər sayəsində döyüş ustalığımızı artırırıq ki, ordumuzda keçirilən birinciliklərdə və beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edək. Beynəlxalq Ordu Oyunları turnirində fərqləndiyim üçün Müdafiə nazirimiz mənə gizir rütbəsi verdi. Xidmətim müddətində bu gün ən yaddaqalan günlərdən biridir. Bu işin məsuliyyətini dərk edib yuxarı rəislərimin etimadını doğrultmağı özümə borc bilirəm. Rusiyada "Tank biatlonu" üzrə keçirilən yarışlarda ən yaddaqalan hadisələrdən biri, "Əsgər marşı" səsləndirilərkən bədxah qonşularımızın tribunanı başıaşağı tərk etməsi olub. Azərbaycan Ordusunun gücünü təkcə yarış iştirakçıları deyil, bütün dünya gördü".
Keçirilən məşqlər zamanı tankçılarımızın bacarığı, maneələrin asanlıqla dəf edilməsi, hədəflərin dəqiqliklə vurulması Rusiyada təşkil olunacaq hərb oyunlarında tankçılarımıza olan ümidlərimizi daha da artırdı. Təlim zamanı öz döyüş məharətini, peşəkarlığını, hərbi biliklərini ustalıqla sərgiləyən hərbçilərimizə inamımız sonsuzdur. Məqsəd yarışlardan qızıl medallarla qayıtmaq deyil, vacib olan dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusunu layiqincə təmsil etməkdir.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"