Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2019 10:19

Üzü gələcəyə doğru

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında məruzələr dinlənilib, filmlər, videoçarxlar təqdim olunub, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonun  İdeoloji və Mədəniyyət Mərkəzinin rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Ulu Öndərin bu kəlamı hər bir azərbaycanlı üçün həyat, ömür, yaşam fəlsəfəsidir - ömrünü xalqının gələcəyi naminə yaşamalısan.
Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar “N” hərbi hissəsində də tədbir keçirildi. Digər tədbirlər kimi bu tədbir də həm dövlətçilik tariximizə, həm də Ulu Öndərin rəhbərlik fenomeninə sayğı deməkdir.
"N" hərbi hissəsində keçirilən tədbiri  hərbçilərlə ictimaiyyətin münasibətlərinin birgəliyi adlandırmaq olar. Millət vəkili Naqif Həmzəyev çıxış edərək Ulu Öndərin azərbaycançılıq ideologiyasını dövlət siyasəti səviyyəsində formalaşdırmasından, Azərbaycanın gələcəyi naminə gördüyü möhtəşəm işlərdən, bu baxımdan, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən, istər ordunun şəxsi heyətinin, istərsə də əhalinin qələbə inamını kükrədən Horadiz əməliyyatından danışdı. Gəncə Dövlət Universitetinin dosenti Hüseyn Bəxtiyarov da dahi tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə xidmətlərindən söz açdı.
Polkovnik-leytenant Vüqar İsfəndiyarov son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların Ulu Öndərin siyasi kursunun davamı olduğunu qeyd etdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiylə ordu quruculuğunda daha böyük nailiyyətlər qazanılacağına əminliyini bildirdi.
Mayor Fəxrəddin Əhmədov Azərbaycan Ordusunun gücündən söz açaraq 2016-cı ilin Aprel zəfərindən, 2018-ci ildə keçirilən Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr  olunmuş paradlardan danışdı. Qeyd etdi ki, bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Gəncə Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşı Elnarə Hüseynova çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin bədii ədəbiyyatda öz əksini yüksək səviyyədə tapdığından danışdı.
Sonda Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkil etdiyi kitab sərgisi oldu. Tədbir bir daha təsdiqlədi ki, Azərbaycan üzü gələcəyə doğru inamla irəliləyir, irəliləyəcək.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"