Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2019 11:42

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.
Polkovnik İdris Məhərrəmov  ordu quruculuğu istiqamətində aparılan uğurlu işlərdən danışdı, ordumuzun bütün bölmələrində müasir məişət şəraiti yaradıldığını vurğuladı. "Dövlətimiz tərəfindən ordumuza yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin bütün təminatları yüksək səviyyədə təşkil olunur. Aparılan yenidənqurma işləri ilə yanaşı, cəmiyyətlə ordunun sıx əlaqəsi də təmin olunub. Bir ənənəyə çevrilən "Açıq qapı" günü tədbirlərində hərbi hissələrin qapıları valideynlərin, ictimaiyyət nümayəndələrinin üzünə açılır. İstənilən vətəndaş hərbi hissədə yaradılan şəraiti gəlib görə bilir. Bu reallıqların cəmiyyətə çatdırılmasında isə hərb sahəsindən yazan jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Ordumuzda gedən hərtərəfli inkişafı istər ölkə mediasına, istərsə də xarici mediaya dolğun və real şəkildə çatdırmaq sizin ən ümdə vəzifənizdir. Ordu haqqında hər hansı fakt əldə etdikdə onu cəmiyyətə müvafiq qurumla dəqiqləşdirdikdən sonra ötürməlisiniz. Unutmayın ki,  ordu dövlətin sütunu, xalqın qürur mənbəyidir. Siz imkan verməməlisiniz ki, yalnış faktlarla kimlərsə ordunun nüfuzunu aşağı salmağa çalışsın. Biz döyüş meydanında düşmənlə mübarizə apardığımız kimi, sizlər də sosial şəbəkələrdə bu mübarizəni davam etdirməlisiniz."
Çıxışına davam edən polkovnik İ. Məhərrəmov Azərbaycan Ordusunun bütün qoşun növlərində xidmət edən hərbi qulluqçuların, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssələrinin kursantlarının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında məlumat verdi. Polkovnik hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbələrin verildiyini vurğuladı. O bildirdi ki, hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi, bir qayda olaraq, növbəlik qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Layihənin rəhbəri Əlisəfa Mehdiyev jurnalist məsuliyyətindən danışaraq bildirdi ki, jurnalistin məsuliyyəti onun fəaliyyətindən irəli gələn tələblərə peşəkar yanaşması, baş verən hadisələri müqayisə və təhlil edərkən peşə borcunun vacib olduğunu unutmaması deməkdir. "Demokratiyanın əsas sütunu sayılan azad mətbuat və söz azadlığı olmadan vətəndaş cəmiyyəti qurmaq mümkün deyil. Vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətdir. Burada hər kəs, xüsusilə də jurnalistlər daha məsuliyyətli olmalıdırlar. Ona görə ki, jurnalistika hadisələri insanların müzakirəsinə çıxarmaq, ictimai rəy formalaşdırmaq gücünə malikdir. Bununla yanaşı, hər bir jurnalist bilməlidir ki, kütləvi informasiya vasitələri haqqında qanunda deyildiyi kimi, dövlət sirlərini yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, yalan və qərəzli yazılar çap etmək, böhtan atmaq yolverilməzdir."
Auditoriya təliminin sonunda layihə rəhbəri 21-30 iyul tarixlərində baş tutacaq çöl təlimlərindən də danışaraq, təlimalanlar üçün hazırlanmış xüsusi fərqlənmə nişanlı jiletləri və baş geyimlərini onlara  təqdim etdi.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"