Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2019 10:09

Yurdumuza bağlıyıq

Vətənin hər bir insanın həyatında müqəddəs yeri var. İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq "Ana Vətən" kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.
Hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən "Vətən anadır" - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq.
Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü,  Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıq  keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda  ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.
Gənclik və yeniyetməlik illərində təhsil aldığım məktəbdə keçirilən bir çox yarışlarda, hərbi idman oyunlarında fəal iştirak edirdim. "Üfüqdə parıltı", "Şahin" və  başqa hərbi vətənpərvərlik oyunları bizim fiziki hazırlığımızı gündən-günə artırırdı. İbtidai hərbi hazırlıq fənnini tədris edən müəllimdən eşitdiyim  sözlər heç yadımdan çıxmır. Müəllimimiz deyirdi: "Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm?" Həqiqətən, çox gözəl və dəyərli sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

Mayisə ƏSƏDULLAQIZI,  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü


* * *
Sevinc yaşı

Üç ay əvvəl də qoşa qollar oğul kürəyində belə çarpazlaşmışdı. Onda oğulun kürəyinə iki damla göz yaşı düşmüşdü.  Bu iki damla çətin sezilən ana narahatlığını üstələyən sevinc yaşlarıydı. Bu göz yaşına ananın demək istədiklərini tamamlayan nöqtə deyərdim: Oğlum boya-başa çatıb, sağlamdı. Vətənə borcunu yerinə yetirməyə gedir...
"Nigaran qalmayın", - demişdi oğul. Böyük qürurla hərbi xidmətə yola düşmüşdü. Bacısına nəsə demək istəmişdi, deməmişdi...
Üç ay əvvəl də belə görüşmüşdülər. Üç ayın həsrəti olsa da, öyüd-nəsihətlə tamamlanan görüşdü bu görüş. Əsgər hərbi xidmətə gələndə anasının dediklərini də unutmayıb: "Bir anan mən, biri - Vətən" deyirdi. Anasının baxışları, "Vətəni sev ay oğul, sevə-sevə qoru Vətəni", deyirdi anası...
“Öyüd-nəsihətini unutmamışam, ay ana! - əsgərin baxışları belə deyir. Oğlun kürəyinə yenə iki damla göz yaşı düşür. Şükranlıq yaşıdı bu: "Oğlum yaxşı əsgərdi!..”

"Azərbaycan Ordusu"