Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2019 10:09

Asudə vaxt səmərəli təşkil olunur

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkil olunduğunun şahidi olduq. Hərbi hissənin zabiti Qənbər Orucov söhbət zamanı asudə vaxtın səmərəli təşkil olunmasının əhəmiyyətindən danışaraq bildirdi ki, əsgərlərimizin asudə vaxtlarında əldə etdiyi müsbət keyfiyyətlər onların nizam-intizamına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dünyagörüşlərinin formalaşmasına müsbət təsir edir. “Biz əsgərlərimizin dünya görüşlərinin artırılmasına, sağlamlıqlarına, fiziki inkişaflarına xüsusi diqqət yetiririk. Onların asudə vaxtlarında hərb tariximizi öyrənmələri, bədii kitab, jurnal və qəzet oxumaları, film seyr etmələri, müxtəlif stolüstü oyunlar oynamaları, idmanla məşğul olmaları üçün hərbi hissəmizdə hər çür şərait yaradılıb. Həmçinin bayramlarda və asudə vaxtlarında onlar üçün konsert proqramı təşkil edirik.
Bədii kitab, qəzet və jurnallar oxumaqla əsgərlərimiz ruhlarını zənginləşdirir, dünya görüşlərini artırırlar. Müxtəlif bədii ədəbiyyatlar onların nitqlərini daha qüsursuz etməyə, söz bazalarını xeyli artırmağa, bədii və dolğun cümlələr qurmağa yardımçı olur. Nəticədə hərb tariximizi daha dərindən öyrənirlər. Bu da onlarda vətənpərvərlik ruhunun möhkəmlənməsinə kömək edir. Əsgərlərimiz tarixi məlumatlar öyrənməklə, rəngarəng eksponatları seyr etməklə zəngin bilgilər əldə edirlər. Bundan savayı, şəxsi heyətimizin asudə vaxtlarında fiziki hazırlıqla da məşğul olmaqları üçün şərait yaradılıb. İdman sağlamlığın rəhnidir. Müntəzəm şəkildə idmanla məşğul olmaq şəxsi heyətimizdə çox güclü xarakter formalaşdırır, iradələrini möhkəm edir, onların döyüş ruhunu və özlərinə inamını artırır. Bir sözlə, əsgərlərimizin asudə vaxtlarının düzgün və səmərəli təşkil olunması onların nizam-intizamlarına, vətənpərvərlik ruhuna bilavasitə təsir edir”.
Əsgər Zəka Əliyev bildirdi ki, asudə vaxtından səmərəli istifadə edir. "Keçirilən məşğələlər nəticəsində iradəmizi, gücümüzü, savadımızı, döyüş qabiliyyətimizi yüksək səviyyəyə çatdırmışıq. Dərslər bitdikdən sonra asudə vaxtlarımızın düzgün təşkil olunmasına da yüksək diqqət ayrılır. Komandirlərimizin nəzarəti altında müxtəlif stolüstü oyunlar, idman yarışları təşkil olunur, maraqlı tarixi filmlər seyr edir, bədii kitablar oxuyuruq və bugünkü kimi konsert proqramları da təşkil olunur. Bu da bizim mənəvi-psixoloji vəziyyətimizə müsbət təsir göstərir. Belə sevgi və qayğının qarşısında isə xidmətimizi düzgün təşkil etməliyik. Çünki torpaqlarımızı işğaldan azad edib, düşmənlərimizdən qisasımızı almaq vaxtıdır".
Əsgər Nicat Məmmədov söhbət zamanı komandirləri tərəfindən onlar üçün müxtəlif viktorinaların keçirildiyini vurğuladı: “Həmçinin televizorda maraqlı konsert proqramlarını, idman yarışlarını və müxtəlif tarixi filmləri seyr edirik. Müasir ordu sıralarında xidmət etməkdən qürur duyuruq. Eyni zamanda göstərilən diqqət və qayğının qarşısında xidmətimizi düzgün təşkil edib, istənilən an torpaqlarımızı düşməndən azad etməyə hazırıq.
- Komandirlərimizin nəzarəti altında asudə vaxtımızda hərb tariximiz haqqında çoxlu bilgilər əldə edirik. Əcdadlarımızın keçdiyi şərəfli yola nəzər saldıqca, vətənpərvərlik hisslərimiz daha da güclənir. Onların keçdikləri döyüş yolu qəhrəmanlıq nümunələrilə zəngin olub. Mən də xidməti vəzifələrimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hərbin sirlərinə komandirlərimizin köməkliyi ilə dərindən yiyələnmişəm. Səbirsizliklə Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik ki, əcdadlarımızın şanlı döyüş yolunu davam etdirib, axıdılan qanın qisasını alaq, doğma Qarabağımızı və işğala məruz qalan digər tarixi torpaqlarımızı işğaldan azad edək, - deyə əsgər Elməddin Əlizadə bildirdi.
Əsgərlər Gündüz Niftiyev, Xəyal Kərimli, Samir Musayev və digərləri də tezliklə Qarabağ torpağında üçrəngli bayrağımızın dalğalanmasını görmək arzusu ilə xidmət etdiklərini dedilər: "İnanırıq ki, Ali Baş Komandanımızın əmri ilə  xalqımıza Qələbə bəxş edəcəyik, üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında... dalğalanacaq!"

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR