Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

Ordumuza inamımız böyükdür

Vətənimizin, xalqımızın gələcəyini düşünən ümummilli liderimiz Heydər Əliyevin zamanı qabaqlayan parlaq siyasi zəkası və uzaqgörənliyi ilə söylədiyi "Vaxt gələcək Azərbaycan güclü silahlara, peşəkar zabitlərə, qısası, qüdrətli orduya sahib olacaq" fikri bu gün tam mənasıyla həyata keçib. Artıq ənənə halını alan "Açıq qapı" günündə iştirak edən hər kəs bunun canlı şahidi oldu.
Hava isti, bürkülü olsa da, "N" hərbi hissəsində qələbəlik idi. Əsgər valideynlərinin və yaxınlarının üz-gözlərindən sevinc, razılıq ifadəsi hiss olunurdu. Çöhrələrə təbəssüm, ürəklərə rahatlıq verən görüşün təəssüratlarını öyrənmək üçün valideynlərlə söhbətləşdim.
Tovuz rayon sakini Fərman Hüseynov ilk olaraq Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova dərin təşəkkürünü bildirdi.  Övladı matros Səhman Hüseynovun Vətənə müqəddəs borcunu verməsiylə qürurlanan keçmiş hərbçi bildirdi ki, belə tədbirlər bəyənilən, çox təqdirəlayiq bir haldır. "Xalqla ordunun birliyi yenilməz gücdür, qüvvədir.  Bu gün biz dövlətimizin əsgərinə yaratdığı şəraitlə tanış olarkən sevincdən ürəyimiz dağa döndü. Ordumuzda böyük islahatlar aparılıb. Bu gün bizim güclü, müasir texnikalarla təchiz edilmiş qüdrətli ordumuz var. Aprel hadisələri zamanı biz bunun şahidi olduq. Ordumuzun 100 illiyi ilə bağlı keçirilən hərbi parad düşmənlərimizlə bərabər bir çox dövlətlərin diqqət mərkəzində idi. İnanırıq ki, çox yaxın zamanda işğalda olan ərazilərimiz azad ediləcək, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar".     
Bütün əsgərləri doğma övladı bilən Mahirə xanım da onların şəraitinin çox yüksək olmasından ağızdolusu danışdı. Yeməkxanada olub, mətbəxə baş çəkən ana burada müasir dövrün tələblərinə cavab verən avadanlıqların olmasından və milli xörəkləri qadın aşpazların hazırlamasından  çox razı qalıb.
Əsgər anası övladı ilə birlikdə nahar süfrəsi  arxasında əyləşib. Süfrədə çörək, mövsümi salat, təbii meyvə şirəsi, növbənöv xörəklər, meyvə, şirniyyat var. Əsgər anası xörəklərin dadına baxarkən üzündə razılıq yarandı. O bildirdi ki, xörək çox dadlı və ləzzətli hazırlanıb. "Sizi inandırıram ki, ev xörəyindən heç seçilmir. Bir evdar xanım kimi tam səmimiyyətimlə deyirəm, ev xörəyindən belə dadlıdır."
Təzəgül Əzizova Oğuz rayonundan qardaşı oğlu matros Ramil Əzizliyə baş çəkməyə gəlib. O hərbi hissə ilə tanışlıqdan, əsgərlərimizin belə bir şəraitdə qulluq etməsindən çox razı qaldığını bildirdi.  Əsgərin bibisi dedi ki, sağ olsun möhtərəm Prezidentimiz İlham Əliyev. "Onun qayğısı nəticəsində ordumuz günü-gündən güclənir. Əsgərlərimizin şəraitinə baxanda adamın ürəyi açılır. Yataq yerlərini, hamam-camaşırxana və yeməkxananı gördüm. Hər tərəf təmiz və səliqəlidir. Mən bir əsgər yaxını olaraq Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənova da minnətdarlığımı bildirirəm".
Hər birimizin oğlunun, qardaşının, yaxınlarının orduda qulluq etdiyini düşünmək bizə qürur verir. Ordu hər bir müstəqil dövlət üçün vacib şərtdir. Bu gün burada gördüklərimizdən sonra deyərdim ki, qabaqcıl hərbi texnikası, əsgərinin mənəvi-psixoloji və döyüş hazırlığı güclü olan ordumuzun qarşısında düşmən tab gətirə bilməz. Ordumuzun inkişafı göz önündədir. Biz öz ordumuza inanırıq və övladlarımızı çox böyük güvən, inam hissi ilə hərbi xidmətə yola salırıq.
                                                                                   
Günay TAĞIYEVA,  "Azərbaycan Ordusu"