Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

Vətənimiz sizə əmanətdir

Salam, əziz dost. İçimdə qəribə təlaş və sıxıntı var. Deyəsən, bu aralar havanın buludlu olması mənə də təsir edib. Düşünürəm ki, tək sıxıntılı olan mən deyiləm. Artıq sən də fərqindəsən böyüdüyünün. İllərdir valideynlərin sənə baxıb, əziyyətini çəkib, bəzən qara-qəhvəyi saçlarına sığal çəkib. Aldığın ən əhəmiyyətsiz yara, zərbə onların qəlblərinə təlaşın ən böyük möhrünü vurub. İllərdir onlar heç bir təmənna güdmədən yalnız sənin böyüyüb ali təhsilli və ya işinin əsl peşəkarı olmağını istəyiblər. Bəli, ali savadlı olmaq şərt deyil. Əsas şərt sənin ruhunun kamillik dərəcəsinə çatmasıdır. Qayğılardan uzaq idin. Tək qayğın sevdiyinin sənə qarşı etinasızlığı, və ya həyata keçirməyə çalışdığın məqsədlərin idi. Sənin ən böyük yolun daşlı-kəsəkli, məktəb yolu idi. Bu səni bir növ gələcək həyat məktəbinə hazırlamaq üçün həyatın özü tərəfindən qurulmuş oyun idi. Əvvəlcə bağça, məktəb, sonra kollec, universitet, əsgərlik. Həyat yolu, beləcə, davam edir. Xoş gəldin aramıza, dost. Bu gündən sən də qayğı çəkənlər və məsuliyyət daşıyanlar sırasına qatıldın.
Böyüdün... İllərdir ağız-ağız eşitdiyin əsgərlik həyatını indi sən özün yaşayacaqsan. Çox təlaşlısan. Bir az da qorxunun tumurcuqlarını hiss etmək olar təlaşdan, rəngi solmuş çöhrəndən. Yeni həyatın başlanğıc qapıları açılır önündə. Bir il altı aylıq müddətdə ailən səksəkədə qalacaq. Hər yıxılanda yaranı öpən anan indi uzaqdan-uzağa dualı nəfəsi ilə qəlbini öpəcək. Forman bədəninə təmas etdikcə məsuliyyətin nə qədər ağır olduğunu hiss edəcəksən. Bir vaxtlar Mübarizlərin, Çingizlərin getdiyi yolun indi sən astanasındasan. Öyrəşdiyin yaşayış tərzindən bir az fərqli olacaq sənə. Tezdən oyanmaq, tez yatmaq, ağır məşqlər, nizamlı yemək saatı. Sənin Fəvvarələr Meydanın, Dəniz Kənarı parkın artıq səngərindir. Geyindiyin rahat ayaqqabını isti batinka əvəzləyəcək. Ən önəmlisi, hər canın sıxılanda sənə sevgi bəxş edən valideynlərin yanında olmayacaq. Həyatın sərt üzünü görüb, müharibəsiz və hər şey yolunda olan yaşayış tərzinin qədrini anlayacaqsan. Bəlkə də, səni təlaşlandıran bu müharibədə dostlarının yarım qalan həyatlarıdır. Ancaq unutma, onlar bir qəhrəman kimi vuruşub, öz müharibələrinin qalibi oldular. İndi sıra səndədir...
Tanış səs, tanış sima, tanış münasibət arayacaq gözlərin. Bəlkə də telefonda yaxınlarının səsini eşitmək sənə dünyanın ən böyük xəzinəsinə qovuşmuş kimi təsir bağışlayacaq. Səndən "Necəsən?" - deyə soruşduqlarında sən "Yaxşıyam.." - deyəcəksən. Amma ikimiz də bilirik ki, həmin an içində qaçqınların yurd həsrəti, atılmış körpələrin göz yaşlarına bərabər hiss yatır. Ancaq dik dayan. Vətənin sənin kimi mərd oğullara ehtiyacı var. İllər keçdikdən sonra yaşadığın bir il altı ay anlara çevriləcək. Yaşadığın ən mükəmməl və qeyri-adi təcrübə olacaq. Bu gün Vətənimiz sizə əmanətdir. Necə ki, atandan bu əmanəti qorumaq üçün aldın, gün gələcək sənin də övladına bu şərəfli məsuliyyət qismət olacaq. Unutma:

Əlimiz Quran üstdə,
candan öncə Vətəndir,
Son anda, son nəfəsdə
sinə ona sipərdir!..

Özünə yaxşı bax, Əsgər! Sən bizim fəxrimiz, istinadgahımızsan. Şəhidlərimizin qan qoxusu, qələbənin işartıları gələn torpaqlarımız sizə, siz isə Allaha əmanətsiniz!..

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi