Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 11:40

Azərbaycan əsgəri yeni qələbələr qazanacaq

Məlumdur ki, artilleriya döyüşdə hər zaman aparıcı rol oynayıb, döyüşün müqəddaratını həlletmə iqtidarına malik olub. Regionun ən güclü artilleriya silahlarına sahib olan Azərbaycan Ordusunda yeni silahların alınması prosesi bu gün də davam etdirilir. Birmənalıdır ki, müasir silahlardan istifadə edən əsgər də yüksək bilik və bacarığa malik olmalıdır. Göstəricilərin yüksəldilməsi üçün isə hər il Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissə və əlahiddə bölmələrdə döyüş hazırlığı dərsləri keçirilir. Keçirilən dərslər şəxsi heyətin döyüş təcrübəsini artırmaqla yanaşı, onların öz vəzifəsinin öhdəsindən layiqincə gəlməsində yardımçı olur. Şəxsi heyət, həmçinin təşkil olunan təlimlərdə iştirak edərək öz döyüş məharətini təkmilləşdirir və qarşıya qoyulan tapşırıqları operativ şəkildə yerinə yetirir.
Ön xətdə xidmət edən Vətən müdafiəçilərimizlə tanışlığım zamanı bir daha əmin oldum ki, tarixən peşəkar topçuların Vətəni olan Azərbaycanımızın ordu sıralarında bu gün də savadlı və təcrübəli artilleriyaçılar xidmət edirlər. İlk oncə zabit Emin Şərifovla söhbətləşirəm. Zabitin fikrincə, Azərbaycan Ordusunun əsgəri xalqımıza sevinc bəxş edən Horadiz, Aprel və Günnüt qələbələrini təkrarlamaq arzusundadır. "Azərbaycan əsgəri yeni qələbələr əzmindədir. Əminəm ki, ordumuz qısa müddətdə döyüş yolu ilə işğal altında olan torpaqlarımızı geri qaytaracaq. Necə ki, Aprel döyüşləri zamanı ordumuz tarix yazdı, bu gün də həmin qələbəni təkrarlamaq iqtidarındadı. Bu qələbənin qazanılmasında şəxsi heyətimizin döyüş və mənəvi-psixoloji hazırlığı əsas faktora çevrildi. Divizionumuzda Aprel döyüşlərinin iştirakçısı olan zabitlər xidmət edirlər. Həmin zabitlərimiz tərəfindən keçirilən dərslər şəxsi heyətin döyüş vərdişlərinin artırılmasında mühüm rol oynayır. Bundan əlavə praktiki təlimlər təşkil olunur ki, bu təlimlərdə şəxsi heyətin keçirilən dərslərdən mənimsədiyi bilik və bacarıq sınaqdan keçirilir".
Zabit, həmçinin rəhbərliyin orduya göstərdiyi diqqət və qayğıdan da söz açdı. "Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına yönəlik işlər görülür ki, bu da ordu sıralarında xidmət edən hərbçiləri sevindirməklə yanaşı, onların xidməti məsuliyyətini daha da artırır. Müasir standartlara cavab verən silahların alınması, yeni hərbi hissələrin tikilib istifadəyə verilməsi də ordumuza göstərilən diqqətin təzahürüdür".
Artıq dərs başlamaq üzrədir. Cavabdeh zabit Emin Şərifovla birlikdə şəxsi heyətin dərs keçdiyi məkanda topun ətrafında düzülmüş heyət üzvlərinin dərs rəhbərinin tapşırıqlarını diqqətlə yerinə yetirdiyinin şahidi oluruq. Komandir tərəfindən verilən komandalar normativə uyğun və yüksək dəqiqliklə icra edilirdi. Verilən tapşırıqların bu cür peşəkarlıqla yerinə yetirilməsi keçirilən dərslərin yaxşı mənimsənildiyinin göstəricisidir. Dərs başa çatdıqdan sonra heyət nəfərləri ilə tanış oluram. Kiçik çavuş İlqar Nəsibovun sözlərinə görə, bu gün artilleriya bölmələri qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlmək bacarığındadır. "Günün nizam qaydasına uyğun olaraq gündüz və gecə vaxtlarında dərslərimiz təşkil olunur. Komandirlərimiz tərəfindən keçirilən dərslər şəxsi heyət tərəfindən dərindən mənimsənilir. Artilleriya haqqında ilkin təsəvvürləri olan kəs yaxşı bilir ki, heyət nəfərlərinin hərəkətləri zəncirvari şəkildə qurulmalı,  tapşırıqlar yüksək həssaslıqla və ardıcıllıqla yerinə yetirilməlidir. Təbiidir ki, texnika ağır olduğundan təhlükəsizlik qaydasına da xüsusi önəm verilir. Onu da qeyd edim ki, artilleriya bölmələrimiz öz gücünü Aprel döyüşlərində düşmənə göstərdi. Bu gün xidmət etdiyim batareyada həmin döyüşdə iştirak etmiş komandirlərimiz var. Məhz Aprel qələbəsində pay sahibi olan komandirlərimizin məsləhətləri və bizlərə öyrətdikləri yüzlərlə ensiklopediyadan daha önəmlidir. İstəyirəm ki, torpaqlarımız müharibə yolu ilə azad olunacağı təqdirdə qazanılacaq qələbədə mənim də bir artilleriyaçı olaraq payım olsun".
Digər əsgər Elşən Abbaslı ilə söhbət zamanı öyrəndim ki, onun qohumları zabit Oruc Pənahlı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Emin Babayev də ön xətdə xidmət edən Vətən müdafiəçilərindəndir. Əsgərlər E.Abbaslı gündəlik fəaliyyətləri ilə bağlı danışdı. "Təsdiq olunmuş plana əsasən sinif və ərazi dərslərimiz təşkil edilir. Döyüş hazırlığı ilə bərabər, fiziki hazırlığımız da daim diqqətdə saxlanılır. Çünki artilleriya peşəsi fiziki cəhətdən hazırlıqlı heyət tələb edir. Bunun üçün də komandirlərimizin rəhbərliyi altında fiziki hazırlığımıza daha çox diqqət yetirilir".
Əslən Laçından olan əsgər Kərim Şahverdiyevə o yerləri görmək qismət olmayıb. O, yurdundan didərgin düşmüş ata-babalarının intiqamını alacağı günü səbirsizliklə gözlədiyini dedi: "Əslən Laçından olsam da, o yerləri görmək mənə qismət olmayıb. Düşünürəm ki, Laçın düşüncələrimdəkindən də gözəldir. Və bu gözəl məkanı işğaldan azad edib, o müqəddəs torpaqlara yenidən ayaq basan Azərbaycan əsgəri olmaq istərdim".
Əsgərlər İlqar Salayev, Mehrac Şahverdiyev, Anar Vasovlar və Elgün Əzimov bu gün düşmənlə üzbəüz mövqedə müqəddəs vəzifəni yerinə yetirməkdən qürur duyduqlarını və torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduqlarını vurğuladılar.
                                              
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR