Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2019 11:35

“Spasskaya Başnya” XII Beynəlxalq Hərbi Musiqi festivalında ilk dəfə olaraq Azərbaycan Ordusu da təmsil olunacaq

Azərbaycanın milli musiqi sənəti zəngin və çoxəsrlik tarixə malikdir. Yüksək musiqi duyumu ilə dünya xalqları içərisində seçilən xalqımızın yaradıcılıq istedadını, bədii təfəkkürünü özündə əks etdirən milli musiqi nümunələrimiz, xalq mahnılarımız min illərin sınağından keçərək bu gün də dünyaya səs salır, sevilə-sevilə dinlənilir, könülləri oxşayır. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, milli musiqimizin də inkişafı, dövlətçiliyimizin təşəkkülündə və tərəqqisində misilsiz rol oynamış, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İncəsənətə, yaradıcı şəxslərə hər zaman yüksək qiymət verən Ulu Öndərin dediyi "Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir" sözləri və Ümummilli Liderin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu gün - sentyabrın 18-nin hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunması milli musiqimizə yüksək dəyər verdiyinin bariz nüməsidir.
Ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. "Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti Azərbaycanın musiqi mədəniyyəti ilə sıx bağlıdır", - deyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, maddi-texniki bazaları gücləndirilir.
Milli musiqimizə göstərilən bu yüksək qayğının nəticəsi olaraq bu gün respublikamızda musiqiyə böyük maraq və diqqət var. Hər sahədə olduğu kimi, Vətənimizin müdafiəsində duran hərbi qulluqçularımız arasında da dövlətimizin milli musiqi şərəfini yüksəldən hərbçilərimiz xidmət edirlər. Hərbçilərimizin musiqi  fəaliyyəti ilə məşğul olmaları üçün ordumuzda yüksək şərait yaradılıb. Ordumuzun bölmələrində fəaliyyət göstərən hərbi orkestrlər, mahnı və rəqs ansamblları, yaradıcı kollektivlər hərbi ritualların keçirilməsində, şəxsi heyətin mədəni-asudə vaxtının tam səmərəli təşkilində mühüm rol oynayırlar. Keçirilən mədəni-kütləvi və hərbi vətənpərvərlik tədbirlərində hərbi orkestrlərin milli musiqi incilərimizi ustalıqla ifa etməsi tədbiri izləyənləri duyğulanmağa, vətənpərvərlik hisslərinin qabarmasına, düşmənə nifrətin artmasına kökləyir. Mahnı və Rəqs Ansambllarının çıxışları, hazırladıqları səhnəcikləri izləyənlərə könül xoşluğu aşılayır. Bu dünyanın bütün inkişaf etmiş ölkələrində eyni  şəkildədir. Hər bir ölkədə hərbi orkestrlərin ifaları insanlara müsbət hisslər aşılayır, onları milli-mənəvi dəyərlərə bağlılıq ruhunda  tərbiyə edir.
Xüsusi günlərdə, dövlət səviyyəli tədbirlərdə, bayramlarda, xüsusən də 26 İyun - Silahlı Qüvvələr Günündə şəhər meydanlarında təşkil etdikləri konsert proqramları ilə xalqın sevgisini və rəğbətini qazanan hərbi orkestrlərin yaradıcılığı, ustalığı, peşəkarlığı artıq beynəlxalq arenada öz sözünü deyəcək. Belə ki, cari ilin 23 avqust - 1 sentyabr tarixlərində Moskva şəhərinin Qırmızı Meydanında  keçiriləcək "Spasskaya Başnya" XII Beynəlxalq Hərbi Musiqi festivalında ölkəmizi, Azərbaycan Ordusunu polkovnik Etibar Əliyevin rəhbərlik etdiyi yaradıcı heyət təmsil edəcək.
Qastrola gedəcək heyətin rəhbəri polkovnik Etibar Əliyevlə həmsöhbət olub, keçirilən festival və ölkəmizi təmsil edəcək kollektiv haqqında  məlumat aldım.
- Tərkibi hər il dəyişilən, dünyanın ən böyük musiqi festivallarından olan "Spasskaya Başnya" Beynəlxalq Hərbi Musiqi festivalında bu il izləyicilər yenə də maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər. Bu festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri təmsil edəcək. Məlumat üçün deyim ki, orkestr 1992-ci ilin fevralından fəaliyyət göstərir. Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir. Biz bu festivalda ilk dəfədir iştirak edirik. Festivalın keçirilmə şərtlərinə uyğun olaraq yarışda orkestrlə birlikdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu da çıxış edərək öz rəqsləri və təmrinləri ilə orkestri müşayiət edəcək. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri dövlətin xalqlarının və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər. Heyətimiz festivalda Müslüm Maqomayevin "Radio marşı", "Odlar yurdu Azərbaycan", Əlimərdan Əliyevin "Bayramlı Azərbaycan", Üzeyir Hacıbəyovun "Cəngi" musiqilərini ifa edəcək. Həmçinin, orkestrimiz  şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil edəcək. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev və digər bəstəkarlarımızın dəyərli musiqi əsərləri və dünya klassiklərinin mahnıları tamaşaçılara təqdim ediləcək.
Polkovnik Etibar Əliyev festivala hazırlıq mərhələsinin uğurla getdiyindən də söz açaraq bildirdi:
- Hazırda festivala hazırlıq mərhələsində, həftədə üç dəfə olmaqla, gərgin məşqlər aparırıq. Bütün məşq prosesini dron və kamera çəkiliş vasitəsilə qeydə alırıq və məşqdən sonra həmin videonu izləyib yol verilmiş nöqsanları aradan qaldırırıq. Məşqlər zamanı Azərbaycan Respublikasının Xalq artisti, tanınmış rəqqas Təranə Muradovanın təcrübələrindən və məsləhətlərindən də bəhrələnirik. Bir sözlə, böyük səylə hazırlaşdığımız bu möhtəşəm və dünyanın ən böyük musiqi festivalından yaxşı nəticə ilə qayıtmağı qarşımıza məqsəd qoymuşuq. Əminik ki, ölkəmizi, ordumuzu, musiqimizi, milli-mənəvi dəyərlərimizi debütantı olduğumuz bu festivalda layiqincə təmsil edəcək və uğurlu nəticə ilə qayıdacağıq. Onu da vurğulayım ki, Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov hazırlığımız və ehtiyaclarımızla yaxından maraqlanaraq, festivala qatılacaq heyətin təzə formalar və ən müasir musiqi alətləri ilə təmin olunmasına göstəriş verib. Bu addım cənab nazirimizin ordumuzun hər bir şəxsinə diqqət və qayğı göstərdiyinin, sosial təminatlarımızın qaydasında olmasını daim diqqətdə saxladığının bir daha göstəricisidir. Cənab nazirimizin bizə olan bu qayğısı festivala gedəcək heyətin ruh yüksəkliyini daha da artırdı. Yarışqabağı bizə təqdim olunan bu  hədiyyələr hər birimizə stimul oldu. Bizə göstərilən bu etimadı doğrultmaq və ölkəmizi layiqincə təmsil etmək üçün hər birimiz əlimizdən gələni edəcəyik.
Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadə də fikirlərini bölüşdü. O bildirdi ki, xalqımızın fərqli mədəni dəyərlərini özündə birləşdirən musiqimizdə  xalqımızın paklığı, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunur. Zabit qeyd etdi ki, musiqi insanın psixikasına fəal təsir edən incəsənət növüdür, hətta qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Festival haqqında da təəssüratlarından danışan hərbi-dirijor uzun illərdir "Spasskaya Başnya" Beynəlxalq Hərbi Musiqi festivalına tamaşaçı kimi baxdığını deyib. Hərbi orkestrlərin ifası, iştirakçıların peşəkarlığı, tədbirdəki hər bir detalın musiqiçi kimi onu cəlb etdiyini bildirən mayor F.Məmmədzadə dirijoru olduğu orkestrin qatılacağı builki sözügedən festivalda zəngin repertuarı ilə tamaşaçıları heyran edəcəklərinə çalışacaqlarını vurğuladı.
Məlumat üçün onu da bildirim ki, müxtəlif ölkələrin hərbi musiqi dəstələrinin və rəqs qruplarının iştirak etdiyi və 2009-cu ildən bəri təşkil olunan festivalı ötən il 60 mindən artıq tamaşaçı izləyib. Ümumilikdə internet və televiziya auditoriyasını nəzərə alsaq, 50 milyondan artıq izləyicisi olub.  Builki festivalda da böyük izləyici kütləsi gözlənilir. 
23 avqustda start götürəcək XII Beynəlxalq Hərbi Musiqi festivalında orkestrlər 70 mindən çox tamaşaçı qarşısında ifalarını səsləndirəcəklər. Eyni zamanda festivalı Rusiyanın birinci kanalı "ORT" canlı olaraq bütün dünyaya yayımlayacaq. Həmçinin, festivalın yayımlanmasına 30-a yaxın televiziya, 60 çap nəşriyyatı və 12 radiostansiya cəlb olunacaq. Dünyanın bir çox ölkələrində festival tam şəkildə yayımlanacaq, kütləvi informasiya vasitələrində süjetlər veriləcəkdir.
Bir zamanlar İkinci Dünya müharibəsində qalib gələn SSRİ qoşunlarının zəfər paradının keçirildiyi, YUNESCO tərəfindən Dünya Mirası siyahısına salınan Qırmızı Meydanda  təşkil olunan "Spasskaya Başnya" XII Beynəlxalq Hərbi Musiqi festivalında müstəqil dövlətimizin, qüdrətli ordumuzun təmsil olunacağı hər birimizi qürurlandırır, sevindirir. Bu onun göstəricisidir ki, dövlətimizdə gedən sürətli inkişaf hər sahədə özünü göstərir.
Sonda polkovnik Etibar Əliyev onu da qeyd etdi ki, Azərbaycan Ordusu hərtərəfli inkişaf edir, hərbçilərimiz təlimlərdə, döyüş meydanında qətiyyət, mərdlik, şücaət göstərdiyi kimi, idman, yaradıcılıq, musiqi və digər sahələrdə də ölkəmizi, ordumuzu dünya miqyasında layiqincə təmsil etməyə qadirdir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"