Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə diqqət və qayğı daimidir

Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Müharibə əlilləri, veteranları və şəhid ailələri bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladılar, dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Vəfalı Safiyev:
- 1972-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıldaş kəndində anadan olmuşam. Bu gün də həsrətini çəkdiyim dədə-baba torpaqlarımızdan 1988-ci ildə deportasiya olunduq. Bakı şəhərində məskunlaşdıq. Orta məktəbi Keşlə qəsəbəsində bitirib, Sovet ordusunda qulluq etdim.
Vətənimizin başının üstünü qara buludların aldığı bir vaxtda - 1992-ci ilin qanlı-qadalı günlərində  könüllü olaraq cəbhəyə yollandım. Mən bir Azərbaycan vətəndaşı olaraq Vətənin  dar günündə rahat otura bilməzdim.
1993-cü ilin 26 dekabrı... Füzuli rayon Yuxarı Kürdmahmudlu, Alıxanlı kəndləri uğrunda döyüşlər gedirdi. Düşmən güllələrinin ardı-arası kəsilmir, mərmi yağışından göz açmaq olmurdu. Lakin bu, bizi qətiyyən qorxutmur, mübarizlik əzmimizi qıra bilmirdi. Çünki bilirdik ki, düşmənimiz qorxaq, ikiüzlü, riyakar, insanlıqdan uzaqdır. Şiddətli döyüşlər zamanı mənimlə bərabər çiyin-çiyinə vuruşan neçə-neçə mərd oğullar Vətən uğrunda gözlərini belə qırpmadan şəhid oldular. Döyüşlər zamanı yaralananlar da az deyildi. Mən də həmin xəsarət alanlar arasında idim. Bu döyüşlərdə sol ayağımı itirdim.
II qrup Qarabağ müharibəsi əliliyəm. Lakin yaşadıqlarım bir an olsun belə mənim "insan son nəfəsinə kimi Vətəni üçün yaşamalıdır" fikrimi dəyişdirmədi.
O illərdən çox vaxt keçsə də, yenə də o dəhşətli günlər xatirimdən çıxmır, çıxmayacaq da. Mən əlil olmağıma baxmayaraq torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyə hazıram. Bu gün müharibə veteranlarına böyük qayğı var. Mən də bu qayğıdan bəhrələnmişəm. Dövlət tərəfindən ev və maşınla təmin olunmuşam. Bu gün ali təhsil alan övladım dövlət tərəfindən təhsil haqqından azad olunub. Bizə göstərilən qayğıya görə dövlətimizə, Prezidentimizə, birinci vitse-prezidentimizə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdaram.

Elnarə Qurbanova:
- Həyat yoldaşım II qrup Qarabağ əlili Ramiz Qurbanov 21 oktyabr 2009-cu ildə döyüşlərdə aldığı ağır güllə yaralarından dünyasını dəyişdi. O, 1971-ci ildə Zaqatala rayonunun Tala kəndində anadan olmuşdu. 18 avqust 1992-ci ildə könüllü olaraq Qarabağda başlayan döyüşlərə gedib. 14 avqust 1996-cı ildə müharibədən ağır yaralanaraq qayıdıb. İştirak etdiyi ağır döyüşlərdən, erməni quldurlarına qarşı vuruşan şəhid oğullarımızın qəhrəmanlığından, igidliyindən hər kəsə danışmaqdan yorulmazdı. Deyirdi ki, gərək onları hamı tanısın, onların adları unudulmamalıdır. Ramizin döyüşçü yoldaşları ilə bağlı çoxlu maraqlı xatirələri vardı. Çox vətənpərvər idi. Tezliklə torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayırdı. Dövlətimizin, dövlət başçımızın yüksək diqqət və qayğısı sayəsində iki övladımızı onun adına layiq övlad kimi böyütdüm. Həyat yoldaşım dünyasını dəyişəndə onlar çox kiçik yaşlarında idi. Bu gün mən bir ana kimi qürur hissi keçirirəm ki, onlar atasının arzularını həyata keçirməyə, Vətənin müdafiəsinə qalxmağa həmişə hazırdırlar. Böyük oğlum Aqşin Qurbanov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin II kursunda oxuyur. Özü də nümunəvi kursantdır. Azərbaycan Ordusunun gələcək zabitidir. Qəzetiniz vasitəsilə bizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dünyasını dəyişən Qarabağ qazisinin ailəsi adından minnətdarlığımı bildirirəm.


Yaqut İsmayılova:
- Həyat yoldaşım Vaqif İsmayılov I qrup əlil idi. 2018-ci il iyunun 2-də rəhmətə gedib.
Vaqif çox vətənpərvər bir insan idi. Mənfur qonşularımız torpaq iddiası ilə soydaşlarımıza divan tutanda o heç cür rahatlıq tapa bilmirdi. 1992-ci ildə Yasamal könüllü müdafiə dəstəsinin sıralarında döyüşlərə atıldı.
Vaqif sonralar o günləri xatırlayanda deyirdi ki, əgər o zaman xalqın təkidli tələbi ilə hakimiyyətə ulu öndər Heydər Əliyev gəlməsəydi, vəziyyət çox acınacaqlı ola bilərdi.
Yaxşı yadımdadır, 1993-cü il noyabrın 2-si ulu öndər Heydər Əliyev xalqa çağırış edən zaman Vaqif Bakıya bizə baş çəkməyə gəlmişdi. Ümummilli Liderin çağırışından sonra ordu sıralarına qoşuldu. Horadiz Beyləqan istiqamətində döyüşlərə atıldı...
Tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. Vətənsevər insanların rəşadətli mübarizəsini söz ilə ifadə etmək çətindir. Qəhrəman insanlarımız dünən də var idi, bu gün də var, sabah da olacaq.
Vaqif iki övladına da daim Vətəninə, torpağına, millətinə layiq olmağı tövsiyə edərdi. Oğlunu torpaqlarımızı işğaldan azad edəcək ordumuzun sıralarında görməyi arzulayardı.
Mən bir müharibə  veteranı ailəsi olaraq deyə bilərəm ki, bu gün dövlətimiz tərəfindən bizlərə böyük qayğı var. Bütün bunlar dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir.
Bu günlərdə Müdafiə Nazirliyinin rəhbərliyinin keçirdiyi görüşə məni də dəvət etmişdilər. Sözun əsl mənasında, belə bir dövlətin vətəndaşı olmağımla qürur duydum. Həyat yoldaşımın həyatda olmamasına baxmayaraq, onu xatırlayırlar, ailəsinə dəyər verir, problemləri ilə maraqlanırlar. Mən bir Azərbaycan vətəndaşı, Qarabağ müharibəsi veteranı ailəsi olaraq Prezidentimiz İlham Əliyevə, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, bizim kimi insanlara öz diqqət və qayğılarını əsirgəmirlər.

III qrup Qarabağ əlili İlham Nəcəfov:
- 1970-ci ildə Siyəzən rayonunda anadan olmuşam. Keçmiş Sovet Ordusu sıralarında artilleriya bölmələrindən birində hərbi xidmət keçmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin noyabrındakı müraciətindən dərhal sonra könüllü olaraq milli ordu sıralarına daxil oldum. "N" hərbi hissəsinin artilleriya bölməsində Murovdağ uğrunda gedən döyüşlərdə iştirak etdim. Orada da ağır yaralandım. Bu gün biz Qarabağ qaziləri, veteranları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək onun döyüş əmrinə həmişə hazırıq. O günü səbirsizliklə gözləyirəm. Dövlətimizin rəhbəri Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə öz diqqət və qayğısını heç zaman əsirgəmir, sosial vəziyyətimizlə bağlı qərarlarını, göstərişlərini verir. Yaranmış imkanı dəyərləndirərək, qəzetiniz vasitəsilə bizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

Günay TAĞIYEVA, Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR