Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

Mənəvi-psixoloji hazırlıqda ideoloji vasitə

Azərbaycanın malik olduğu iqtisadi potensialı ilə bir sırada dövlətçilik tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı dünya dövlətlərinin diqqətini çəkmiş, bu münasibət Azərbaycana böyük ehtiram qazandırmışdır. Ordu quruculuğu dövlət üçün prioritet olan Azərbaycanın güclü ordusu olması bu baxımdan təbiidir, qanunauyğundur, qibtəediləndir. 2018-ci ildə Bakıda Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar bu ehtiramı daha da mətinləşdirdi, dönməzləşdirdi.
Ordumuz indi dünyada ən güclü ordular sırasındadır. Onun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında müxtəlif forma və metodlar var. Hərbi hissələrdə şəraitə müvafiq seçilən mövcud üsullar, tətbiq edilən yeniliklər arzulanan nəticənin təmin edilməsində etibarlı vəsilə olur. Ön xətdə yerləşən "N" hərbi hissəsində təşkil edilmiş - böyük məsuliyyətlə, yaradıcılıqla  yaradılmış ideoloji otaq belə etibarlı vasitələrdən biri kimi dəyərləndirilməlidir.
İdeoloji otağın mahiyyəti - məzmunu şəxsi heyətin dünyagörüşünün formalaşmasını, dövlətlə, dövlətçiliklə, ordu quruculuğuyla əlaqəli biliklərin zənginləşməsini təmin edir.
Bəzən bir şəkil müəyyən bir mövzu haqqında müfəssəl məlumat verməyə vasitə kimi qiymətlidir. Belə şəkillərdən ibarət guşə, belə guşələri birləşdirən, tamamlayan otaq daha məzmunlu olur, daha diqqətçəkən sujeti mətləbin şərhinə vizual mənbə bilmək məntiqi baxımdan nöqsanlı deyil. "N" hərbi hissəsinin ideoloji otağında stendlər bu baxımdan təşkil olunub və kifayət qədər geniş informasiyalıdır. Məzmunlu fakt-şəkillər yüksək zövqlə, estetik ülgü ilə tərtib edilib ki, bu da onların istər ayrılıqda, istərsə də vəhdətdə dərkini asanlaşdırır; stendlər metodiki mahiyyətiylə maarifləndirmə missiyası kimi anlaşılır. Məhz belə təşkil edildiyinə görə hərbi hissə ən yaxşı səyyar ideoloji məntəqə, guşə və ideoloji baxış-müsabiqənin qalibi olub...
Baş leytenant Bünyad Əliyev ideoloji otağın mənəvi-psixoloji hazırlıqda əhəmiyyətli olduğunu qeyd etdi.
"Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur" guşəsi mahiyyəti etibarilə tarixi mənbə təsirindədir. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanda dövlət boşluğu yaranması, separatçılıq meyilləri, vətəndaş qarşıdurması səviyyəsində daxili çəkişmələr dövlətçiliyə böyük təhlükə yaratmışdı. Xalqın ciddi təkidli tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa müddətdə vətəndaş qarşıdurması da, dövlətçiliyə təhlükə yaradan separatçılıq meyilləri də aradan qaldırıldı, dövlətin iqtisadi inkişafını sürətləndirən beynəlxalq layihələr imzalandı, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarında təmsil olunmağa başladı. Bütün bunlarla bir sırada Azərbaycanda ordu quruculuğunda əsaslı dönüş yaradıldı - yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, ordu nizami ordu kimi formalaşmağa başladı. Bu ordu Ulu Öndərin sərkərdəliyiylə 1994-cü ilin əvvəllərində Horadiz əməliyyatı nəticəsində min hektarlarla ərazini azad etdi, şəxsi heyətin döyüş əzmi, qələbə ruhu yüksəldi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin döyüş bölgələrində, səngərlərdə əsgər və zabitlərlə söhbətləri də, fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etməsi də mənəvi-psixoloji hazırlığın səviyyəsini kifayət qədər yüksəltdi.
İdeoloji otaqda bir stendi digərinin davamı hesab etmək olar. Bu baxımdan "Ordunun inkişafı dövlət siyasətinin prioritetidir" stendi "Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur" stendini məntiqi baxımdan tamamlayır. Foto-şəkillər son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların mahiyyətini əks etdirir. Bunların hər biri kifayət qədər əhatəli informasiya daşıyıcısıdır: yeni hərbi hissələr, ordunun silahlanmasına daxil edilən ən müasir texnikalar, qurğular, şəxsi heyət üçün yaradılan şərait, Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə söhbətləri, ... Bu məzmunlu stend Azərbaycan Ordusunun formalaşma mərhələlərini əhatələyən əyani vəsait kimi dəyərlidir.
"Ordu dövlətin müstəqilliyinin qarantıdır" stendinə ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı    İlham Əliyevin inkişaf etdirdiyi ordunun dövlətin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunun təsdiqi kimi baxılır. Şəkil-sənədlərin informasiyası  dolğundur, müəyyən bilgi verməyə qadirdir.  
2016-cı ilin Aprel döyüşləri, qazanılan qələbələr Azərbaycan Ordusunun təkcə gücünün deyil, həm də qüdrətinin təsdiqidir. Reallığı əks etdirən eksponatlara həm də güclü təbliğat vasitəsi demək mümkündür. Müvafiq tədbirlərdə bunlardan əyani vəsait kimi istifadə edilməsi səmərəli olur. Sözü şəkil-eksponat tamamlayanda, şəklin ifadə etdiyi məzmunu məntiqi baxımdan söz yekunlaşdıranda mahiyyət dinləyənə daha səmərəli şəkildə çatdırılır.
Hər şəkil-eksponat ordu quruculuğu prosesinin bir məqamını əks etdirdiyi üçün digər stendlər kimi bu stendin də elmi-metodoloji baxımdan mükəmməl hazırlandığını deyə  bilərik.
"Azərbaycan Respublikasının dövlət rəmzləri" stendi əsgərin də hər zaman sayğılarla, sevgilərlə mənəvi ucalıqda yaşadılmalı olduğu dövlət rəmzlərini əhatələyir. Onsuz da heç zaman unudulmayan rəmzlər hər tədbirdə duyğusallıqla görünür, Vətəni, dövləti məhz bu rəmzləriylə ucalıqlarda, müqəddəslik mərtəbəsində yaşatmağın mənəvi borc olduğu xatırlanır; əsgərlərimiz dövlət rəmzlərimizi ehtiramla yaşadırlar...
Stendləri bir amal birləşdirir: Vətən, dövlət, dövlətə, dövlətçiliyə, Vətənə sevgi, ehtiram. İdeoloji otaq bu məfhumların daha duyğusallıqla yaşadılması istəyinin otağıdır. Bu otaq hərbi xidmətin təkcə Vətən qarşısında ödənilməli borc olmadığını, Vətən, dövlət, dövlətçilik ifadələrinin müqəddəsliyinin dərkinə istiqamətləndirməyə qadir olan otaqdır...
Baş leytenant Bünyad Əliyev dedi ki, burada müxtəlif məzmunlu, müxtəlif miqyaslı tədbirlər keçirilir. Əsgərlər bu otağa gələndə, obrazlı şəkildə desək, işığa gəlirmiş kimi gəlirlər. Burada keçirilən hər tədbir özlüyündə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir. Bölmələrin döyüş fəallarıyla keçirilən görüşlər, bu və ya digər mövzuda müzakirələr istər ayrılıqda, istərsə də vəhdətdə ideoloji işin səmərəliliyini təmin edir.
Burada son illərin ən yaddaqalan hadisələrinə həsr olunmuş tədbirlər keçirilib: 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, qazanılan qələbələr, Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar, irimiqyaslı təlimlərdən sonra verilən informasiya mahiyyətli məlumatlar saatı, ordu gənclərinin son toplantısında qarşıya qoyulan vəzifələr, ...
Baş leytenant Bünyad Əliyev onu da bildirdi ki, yaxın vaxtlarda bu otaqda Azərbaycan əsgərinin qazandığı Böyük Qələbədən, döyüşlərin qaliblərindən danışılacağına özü də inanır, əsgərləri də.
Öyrəndik ki, müvafiq tədbirlərdə ideoloji otaq həm də əsgərlərin fərdi keyfiyyətlərinin inkişafında vasitə olur. Belə ki, bəzi tədbirlərdə mövzunu dinləyicilərə çatdırmaq əsgərlərə tapşırılır, yaxşı nitq qabiliyyətinə malik olan əsgərlərin təfəkküründən, eləcə də digər yaradıcı keyfiyyətlərindən də istifadə edilir; "yaxşı əsgər - yaxşı vətəndaş" amalı bu hərbi hissədə də fəaliyyətin tərkib hissələrindəndir.
İdeoloji otaqda xidmətdə fərqlənən hərbi qulluqçularla görüş - tanıtma tədbirləri də böyük coşqu ilə keçirilir.
Bu otaq hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının hansı mənbələrə əsaslandığını göstərən otaqdır. Bu otaq əsgərlərin hərbi xidmətdən sonrakı illərinin də Vətənlə bağlılığını dönməzləşdirəcək otaqdır...
"N" hərbi hissəsində ideoloji otaq əsgərlərin döyüş əzminin, qələbə ruhunun yüksəlməsində ideoloji vasitədir...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
foto C.CƏFƏROVUNDUR