Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

“İnam da, etibar da güc deməkdir”

Son illərdə Müdafiə nazirinin əmri ilə müntəzəm keçirilən "Açıq qapı günü" ordu-ictimaiyyət münasibətlərinin səmimiliklə daha da dərinləşməsində müstəsna əhəmiyyətə malikdir. Bu tədbir təkcə şəffaflığın deyil, həm də etimadın, inamın, etibarın, güvəncin təsdiqidir. Əsgər atalarının ürək sözləri bir mətləbin ifadəsi kimi səsləndi: "İnam da, etibar da güc deməkdir". Bu güc Azərbaycan əsgərinin döyüş hazırığının tərkib hissəsidir.
"Azərbaycan Ordusu"

İsmayıl Məhərrəmov (Qarabağ müharibəsi veteranı):
- "Açıq qapı" günü təkcə valideynlərə deyil, əsgərlərə də, zabitlərə də, ictimaiyyətin nümayəndələrinə də könül xoşluğu verir. Son illərdə  bu tədbir ordu-ictimaiyyət münasibətlərinin daha da sıxlaşması üçündü. Buna görə də ordu quruculuğunun tərkib hissəsi olub. Əsgərin valideynləri, əzizləri əsgərin necə yüksək səviyyədə təşkil olunmuş şəraitdə xidmət etdiyini görürlər. Bu, əminlik deməkdir. Valideynlər, deməli, ictimaiyyət gücünə, qüdrətinə bələd olduğu ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının səviyyəsini də görür. İctimaiyyətin orduya inamı kimi təşkil edilən "Açıq qapı" günü hərbi hissənin şəxsi heyətinin timsalında ordunun ictimaiyyətə arxalandığının təsdiqidir. Əsgər valideyinlərini görür, əzizlərini, ictimaiyyətin nümayəndələrini, Qarabağ müharibəsinin veteranlarını, əlillərini görür, bu gəlişi, bu qələbəliyi etimad bilir.
"Açıq qapı" günündə 2016-cı ilin Aprel döyüşləri də xatırlandı, ordumuzun 100 illiyinə həsr olunmuş parad da. Bu ovqat aprel zəfərini qazananların davamçıları olmaq istəyən əsgər və zabitlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının döyüş əzmidi, qələbə ruhudu.
Təmsil etdiyim ictimai təşkilatın fəaliyyətinin əsasını yeniyetmələrin, çağırışçıların, gənclərin vətənpərvərlik tərbiyəsinin azərbaycançılıq ideologiyasına müvafiq qurulması təşkil edir. Belə tədbirlərdə iştirakımız əsgərlərin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olur.
2016-cı ilin Aprel döyüşlərində bugünkü əsgərlər məktəbli idi. Veteranların da döyüşlərə getmək istədiklərini görmüşdülər də, eşitmişdilər də. Hər biri birlik komandirinin timsalında ordunun rəhbərliyinin, İcra Hakimiyyəti başçısının timsalında dövlətin onlara ünvanlanan tövsiyələrini yenə böyük sevgilərlə dinlədilər. Tədbirdən sonra valideynlərindən də eyni tövsiyələri eşidəcəkdilər. Yəni, "Açıq qapı" günü həm də şəxsi heyətin vətənpərvərlik ruhunun yüksəldilməsində olduqca əhəmiyyətli vasitələrdəndir...

Naib Qasımov (əsgər atası):

- Ordumuzda mən də xidmət etmişəm. Döyüşə-döyüşə xidmət edirdik. Ulu Öndərin sərkərdəlik məharəti ilə Horadiz əməliyyatı keçirildi, qazanılan qələbə düşmənin gözünü qorxutdu, atəşkəs elan edildi.
Bizim övladlarımız atəşkəs dövründə xidmət edir, lakin düşmən atəşkəsi pozur, əsgərlərimiz onların təxribatlarının qarşısını qətiyyətlə alır. Düşmən də bilir ki, Azərbaycan Ordusu həm döyüş hazırlığına, həm də mənəvi-psixoloji hazırlığına görə ondan müqayisəyəgəlməz dərəcədə güclüdür.
"Açıq qapı" günü təkcə valideynlərin oğullarıyla görüş günü deyil, həm də valideynlər üçün də, əsgərlər üçün də vətənpərvərlik tədbiridir.
Mən Gədəbəydənəm. Düşmənin həmlə və hücumları haqqında oğlum İsmayıl hələ hərbi xidmətə gəlməmişdən eşitmişdi. Bir var eşidəsən, bir də var görəsən. Eşitdiklərini tamamlayan gördükləri onun hərbi xidmətə hazırlığında əhəmiyyətli oldu. Andiçmə mərasimində oğlum demişdi: "Biz Lələtəpə, Bayraqtəpə, Günnüt zəfərlərini qazananlarımızın davamçıları olacağıq". Eyni fikirləri, daha qətiyyətlə bu dəfə də dedi. İnandıq ki, Ali Baş Komandan əmr verərsə ordumuz torpaqlarımızı işğaldan tamamilə azad edəcəkdir.
Müdafiə nazirinin əmri ilə keçirilən "Açıq qapı" günü əsgərlər üçün də, valideynlər üçün də, ictimaiyyət üçün də olduqca gərəkli tədbirdir. Mən bu tədbiri təkcə əsgər atası kimi deyil, həm də bir vətəndaş kimi alqışlayıram.

Fotolar C.CƏFƏROVUNDUR