Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

“Ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”

Yayın ilk günləridi... Əsrarəngiz yaz fəslindən sonra isti yayın gəlişi nədənsə mənə qələbə ovqatı bəxş edir. Qələbə ovqatlı isti bir yay günündə yolumuz ön xəttədir. Səngərə, əsgərlərlə görüşə tələsirik.
Artıq hərbi hissənin qərargahındayıq. Zabit Qənbər Orucovla görüşürük. O, söhbət əsnasında Azərbaycan əsgərinin Vətənin keşiyində daim ayıq-sayıq dayandığını, onların mənəvi-psixoloji vəziyyətinin, məişət şəraitlərinin yüksək səviyyədə olduğunu bildirir.
- Çalışırıq ki, Vətənin keşiyində dayanan şəxsi heyətin heç bir problemi olmasın. Ordu rəhbərliyi cəbhə bölgəsinə diqqət və qayğı ilə yanaşır. Ön xəttə edilən səfərlər də bunun bariz nümunəsidir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət hərbi hissələrə gəlir, əsgərlərlə görüşür, onların xidmət şəraiti ilə maraqlanır, lazımi tapşırıqlar verirlər. Bunun nəticəsidir ki, əsgərlər xidmətə daha da məsuliyyətlə yanaşır, verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirirlər.
Zabit son vaxtlar keçirilən taktiki təlimlərin də əsgərlərin xidmətinə müsbət təsir göstərdiyindən söz açır: "Keçirilən bu cür təlimlər şəxsi heyətdə ruh yüksəkliyi yaradır. Onlar dərs müddətində qazandıqları bilik və bacarıqları təlim vaxtı praktiki olaraq yerinə yetirmək imkanı qazanırlar. Ermənilər yaxşı bilirlər ki, Azərbaycan Ordusunun sahib olduğu həm peşəkar zabit və əsgər heyəti, həm də arsenalında mövcud olan silah-texnika ilə istənilən an işğal altında olan torpaqları geri qaytarmaq mümkündür."
Söhbətimizi yekunlaşdırıb baş leytenant Vüsal Ağalarovla birgə ön xəttə yola düşürük. O da şəxsi heyətin təlim-tərbiyəsi ilə məşğul olan məsul zabitlərdən biridir. Zabit mütəmadi olaraq ön xətdəki mövqelərə gəldiyini, şəxsi heyətin qayğıları ilə məşğul olduğunu deyir. "Bu gün ordu sıralarına çağırılan gənclər Vətənə sədaqət və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar. Ölkəmiz müharibə şəraitindədir. Buna görə də cəmiyyətimiz gənc nəslin vətənpərvər ruhda yetişməsinə çalışmalıdır. Gənclərimizə Vətənimiz, torpaqlarımız əmanət olunacaq. Torpaqlarımızın işğaldan azad olunması missiyası onların çiyinlərinə düşəcək. Ona görə də hər kəs onlara düzgün istiqamət verməli, Ana Vətən dediyimiz Azərbaycanımızı sevdirməliyik."
Çox çətin və uzun bir yol qət edirik. Avtomobil bu yollarda qalxmaqda çətinlik çəksə də, sürücünün təcrübəli və yola bələd olması sayəsində bütün çətinlikləri arxada qoyuruq, səngərə çatırıq. Burada təmiz əsgər yataqxanası, ayıq-sayıq aparılan döyüş növbətçiliyi səliqə-sahmandan və nizam-intizamdan xəbər verir. Gənc döyüşçülər müxtəlif çaplı silahlarla təmin olunublar. Onlar düşmənlə üzbəüz dayanmağın məsuliyyətini dərk edir, sayıqlığı əldən vermirlər.
İlk olaraq mövqedə leytenant Asim Bağırovla həmsöhbət oluram. 2017-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "ehtiyat zabit hazırlığı" kursunu bitirən zabitə görə ön xətdə xidmət etmək hər kəs üçün məsuliyyətli və şərəflidir. Təmas xəttində xidmət etmələrinə baxmayaraq yuxarı komandanlığın diqqətindən kənarda qalmadıqlarını qeyd edən zabit son zamanlar göstərilən qayğıdan da söz açmağı unutmadı. Qeyd etdi ki, məişət şəraitinin yaxşılaşdırılması, əşya, ərzaq və digər təminatların gücləndirilməsi əsgərlərdə ruh yüksəkliyi yaradır. "İndi orduda xidmət etmək çətin deyil. Yadımdadır, atam hər dəfə hərbi xidmətdən söhbət edəndə, o dövrdə baş verən özbaşınalıqlardan, sosial təminatın aşağı səviyyədə olmasından söz açardı. İndi vəziyyət tamamilə fərqlidir. Atam da fəxr edir ki, Azərbaycan Ordusu qısa bir zamanda güclü və müasir orduya çevrilib. O bilir ki, oğlu üçün hər cür şərait yaradılıb. Bütün Azərbaycan xalqı kimi o da hiss edir ki, güclü ordumuz işğal altında olan torpaqları hər an azad etməyə və üçrəngli Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırmağa hazırdır."
Əsgər Elmir Əliyev də barıt qoxulu səngərdə xidmət etməkdən qürur duyduğunu bildirir. "Biz qətiyyən düşməndən çəkinmirik, qorxmuruq. Döyüş postunda hər an ayıq-sayıq dayanıb Ali Baş Komandanın əmrini gözləyirik. Valideynlərimə söz vermişəm ki, Vətənimə layiqli övlad kimi xidmət edəcəyəm. Mən xidmətə namərdlik edərək torpaqlarımıza sahiblənmək istəyənləri yer üzündən silməyə gəlmişəm. Qoy düşmən də bilsin ki, Azərbaycan əsgəri qələbəyə köklənib, onun qalib gələcəyi gün uzaqda deyil. Aldıqları nəfəs qədər yaxınıq onlara və almaq istəyəcəkləri son nəfəsin qərarını biz verəcəyik."
- Azərbaycan əsgərisənsə, deməli, güclüsən və bacarıqlısan, - deyə əsgər Sarif Məmmədov söhbətimizə qoşulur. - Bizlər ayıq-sayıq və daim diqqətliyik. Komandirlərimizin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetiririk. Çünki Azərbaycan əsgəri nizam-intizamlı, nümunəvidir. Ən əsası tarix boyu düşmənlərindən heç vaxt qorxmayıb və qorxmayacaq. Vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırsansa, doğulub boya-başa çatdığın Ana Vətəni sevirsənsə, onda heç kimdən qorxmayacaqsan. Necə ki, Aprel döyüşlərində bizlər canımız bahasına vuruşduğumuz halda erməni əsgərləri öz canlarının hayına düşüb qaçmağa başladılar. Nəticə etibarilə isə ordumuz qalib gəldi və bir çox strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edildi. Bu torpaqda dünyaya göz açıb, naz-neməti ilə böyüyüb boya-başa çatmışıqsa, deməli, Vətənimizi, torpağımızı hər şeydən çox sevməliyik.
Əsgərin bu sözləri mənə sairimiz Abbas Səhhətin "Vətən" şeirini xatırladır. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatının klassiklərindən olan Abbas Səhhətin "Vətən" şeirindəki hər misranı səngərdə dayanan əsgərlərimizin gözlərində görürəm. Əsgərlər də qollarını açaraq onlara qoynunda yer verdiyinə, böyütdüyünə görə Vətənə minnətdardılar. Bu gün bu minnətdarlığın əvəzi olaraq əldə silah döyüş növbətçiliyində dayanaraq onu mənfurlardan qoruyurlar.
- Vətəni elə sevməliyik ki,  onun hər qarışı uğrunda canımızdan keçməyə hazır olaq, - deyən əsgər Həmid Orucəliyev elə bil fikirlərimi oxudu. - Ağsaqqal söhbətlərinə qulaq asanda dəfələrlə eşitmişik ki, Vətən sevgisi imandan, Vətənə sədaqət, bağlılıq insanın ruhundan gəlir. Həmişə bu millət öz azadlığı, müstəqilliyi naminə düşmənləri ilə vuruşub. İndi də biz gənclərin növbəsidir ki, əcdadlarımızın canları bahasına ucalan bayrağımızı əlimizə alaraq düşmən üzərinə şığıyaq və onları işğal etdikləri ata-baba torpaqlarımızdan qovub çıxaraq.
Əsgər Səbuhi Əliyev də söhbətimizə qoşularaq qeyd edir ki, verdiyimiz şəhidlər, onların ruhu bizim döyüş ruhumuzu yüksəldir, gücümüzə güc qatır. "Düşmən elə bilməsin ki, şəhid olan zabitimizin, əsgərimizin qisası yerdə qalacaq. Qısa vaxtda onlara elə layiqli cavab verəcəyik ki, atdıqları hər gülləyə görə peşman olacaqlar. Bir gün onlar Azərbaycan əsgərindən yaşamaq üçün aman diləyəcəklər. Lakin biz heç vaxt Xocalı soyqrımını, 20 Yanvar hadisələrini törədənlərə aman verməyəcəyik."
Artıq qayıtmaq vaxtıdır. Əsgərlərlə sağollaşıb getmək istəyirdik ki, əsgər Səccad Əhmədli dillənir:
- İnşallah, tez bir zamanda bu yerlərdən qələbə reportajını hazırlayarsınız və yenə də müsahibiniz bizlər olarıq. Sizin qəzet vasitəsilə bütün xalqımızı təbrik edərək, hamımız birlikdə "Yaşasın güclü ordumuz, var olsun Azərbaycan!" deyərik.
Əsgər Səccad Əhmədlinin dilə gətirdiyi bu arzu təkcə onun deyil, dostları Elmirin, Həmidin, Sarifin, Səbuhinin... də arzusu idi. Gözlər qəlbin aynasıdır, deyirlər; bu arzu gözlərindən aşkar oxunurdu. İnanıram ki, onların bu arzusu tez bir zamanda Ali Baş Komandanımızın verəcəyi "İrəli" komandası ilə gerçəkləşəcək və mən bu gənc döyüşçülərimizdən "Böyük qələbənin əsgərləri" adı altında reportaj hazırlayacam.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR