Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2019 09:25

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.
Tədbiri giriş sözü ilə açan İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabiti Elmar Zeynalabdinov təlim iştirakçılarını salamlayaraq, orduda baş verən yeniliklərin, hadisələrin, keçirilən təlimlərin ictimaiyyətə ilk mənbədən, dolğun və dəqiq çatdırmağın vacib olduğunu vurğuladı. O dedi ki, əvvəllər yaranmış problemlərə yol verməmək üçün jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlanıb. Zabit onu da qeyd etdi ki, Müdafiə Nazirliyi də informasiyanın mediaya ötürülməsi üçün zəruri işlər görür. Həmçinin jurnalistlər hərbi hissələrə getmək üçün akreditasiyadan keçirilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti polkovnik-leytenant Elvin Əzizov çıxış edərək hərbi hissə daxilində davranış qaydaları, nizam-intizam, daxili qayda-qanunlar, təhlükəsizlik qaydalarına riayət edilməsi və digər mühüm məsələlər haqqında dinləyiciləri məlumatlandırdı: "Belə təlimlərin keçirilməsi kütləvi  informasiya vasitələrinin nümayəndələri ilə ordu mənsubları arasında sıx və möhkəm əlaqələrin qurulmasına təkan verir. Eləcə də televiziya və radio işçilərinin bölmələrdə şəxsi heyətlə görüşləri təşkil olunur ki, bu da ordumuzun güc və qüdrətinin, yaradılan yüksək sosial-məişət şəraitinin cəmiyyətə daha dolğun və düzgün çatdırılmasında müsbət rol oynayır". Çıxışına davam edən zabit təlim mərkəzinin iş prinsipindən, ümumi fəaliyyətindən söz açaraq, burada təhsil alan kursantlara jurnalistlərlə davranma, ünsiyyətə girmə, fəaliyyətləri barədə informasiya vermə haqqında maarifləndirici işlərin də aparıldığını vurğulayaraq təlimin gedişinə uğurlar arzuladı.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin psixoloqu baş-leytanant Reyhan Maniyeva  hərbi kollektiv arasında formalaşan sosial-psixoloji mühitdən danışaraq, jurnalistin həmin mühitə uyğunlaşmasında psixoloji faktorların rolundan söz açdı. Stress, həyəcan kimi daxili vəziyyətlərdən danışdı. Həmçinin zabit təlim iştirakçıları ilə jurnalistin ekstremal vəziyyətlərlə üzləşəcəyi təqdirdə necə davranacağına dair test yoxlaması keçirdi və nəticələri işitrakçılarla birgə  təhlil etdi.
Daha sonra Baki Media Mərkəzinin foto-müxbiri Vüqar İbadov foto-jurnalistikanın sirlərindən danışaraq təcrübələrini gənc jurnalistlərlə bölüşdü və öz fəaliyyəti zamanı obyektivinə tuş gələn maraqlı, yaradıcı fotolardan hazırladığı slaydı nümayiş etdirdi.
Auditoriya təlimindən sonra təlimalanlar xatirə şəkli çəkdirdilər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"