Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2019 09:22

Azərbaycan Ordusu güclü ordular sırasındadır

101 il əvvəl Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahürü idi.
XX əsrin əvvəllərində milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başlanıldı. Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qaldı. 1969-cu ildə böyük tarixi şəxsiyyət Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində mühüm işlər görüldü. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının yaradılması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu.
Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunması və inkişaf etdirilməsi sonradan müstəqil Azərbaycanda nizami ordunun yaranmasına təkan oldu. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasət uğurları təmin etdi. Yerli müdafiə batalyonlarının  buraxılması, vahid komandanlığın təmin edilməsi nizami ordunun formalaşmasına şərait yaratdı. 1994-cü ilin əvvəlində Ulu Öndərin sərkərdəliyiylə keçirilən Horadiz əməliyyatı qələbə ilə nəticələndi, Ermənistan atəşkəsə razılıq verməyə məcbur oldu. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə başa çatdırıldı, hərbi xidmətin hüquqi bazası və orduya çağırış təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. 26 İyun - Silahlı Qüvvələr Günü  bayram olaraq rəsmi dövlət statusu qazandı.
Bu gün ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafı təmin edən ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu möhkəm nizam-intizama, yüksək döyüş ruhuna malikdir. 
Ordumuzun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilib, şəxsi heyət müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnib. Maddi-texniki baza inkişaf etdirilir, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sistemi daim təkmilləşdirilir, hərbi təhsil və hərb elmi günün tələbləri səviyyəsinə qaldırılır, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilir.
Azərbaycan Ordusunun qüdrətini son illərdəki hərbi əməliyyatlar da sübut edir. Ermənistanın təxribatlarının qarşısı uğurlu əks-hücum əməliyyatları ilə alındı.  Ordumuz qısa müddətdə bir sıra yaşayış məntəqələrini Ermənistanın işğalından azad etdi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Ordumuz istənilən an işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Silahlı Qüvvələrin və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da ordumuzun yüksək döyüş qabiliyyətini, vətənpərvərlik əhval-ruhiyyəsini bir daha sübut etdi. Güclü hərbi potensialın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu adını dünya miqyasında 50 ən güclü ordu sırasına yazdı.
Bu il də Azərbaycan Ordusunda yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata keçirildi. Ali Baş Komandanın və ordu rəhbərliyinin cəbhə bölgələrində yerləşən hərbi hissələrin şəraiti, əsgərlərin döyüş hazırlığı ilə tanış olmaları, əmr, tapşırıq və tövsiyələr vermələri öz dəstəyini göstərdi, cəbhə zonasında döyüş tapşırığı icra edən hərbi hissələrin məişət şəraiti daha da yaxşılaşdırıldı, döyüş növbəsi aparan əsgərlərin məişət xarakterli işlərlə məşğul olmalarının miqyası azaldıldı.
Ötən illərdə olduğu kimi, 2019-cu ilin altı ayı ərzində də Azərbaycan Ordusunda keçirilən bir neçə irimiqyaslı təlim diqqəti çəkdi və ölkənin müdafiə qüdrəti barədə layiqincə yüksək təəssürat yaratdı. Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyət və təminatın təşkili, döyüş əməliyyatlarında qarşıya qoyulan tapşırıqların icrasının yoxlanılması məqsədilə keçirilən təlimlərə ordunun şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnikalar cəlb edildi.
Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını da müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.
Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu günlərdə ölkə başçısının bütün güc strukturlarının, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı Sərəncam da bu qəbildəndir.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə də qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Bu gün yeni hərbi hissələr inşa edilməkdə davam edir, şəxsi  heyət üçün hər cür şərait yaradılır. NATO standartlarına müvafiq şəkildə qurulan hərbi hissələrdə xidmət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə də təsir göstərib. Hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi tərəfindən ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onlar müvafiq instansiyalara təqdim edilib.
Bu gün Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə qanunvericiliyin tələblərinə tam və dönmədən əməl olunması, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi sahəsində Hərbi Prokurorluğun da fəaliyyəti danılmazdır. Yuxarıda qeyd edilən amilləri təmin etmək məqsədilə Hərbi Prokurorluğun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı "Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair", "Cinayətkarlığa qarşı mübarizəyə dair", "Cinayət hadisələrinin qarşısının alınmasına dair", "Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair" və s. mövzular üzrə tədbirlər planları əsasında Hərbi Prokurorluğun yüksək vəzifəli işçiləri həmin qurumların rəhbər vəzifəli əməkdaşları ilə birgə mütəmadi olaraq səmərəli işlər görür, tədbirlər təşkil edirlər. Bu tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılır, onların fərdi qəbulları keçirilir, əsgərlərin asudə vaxtının təşkili işində yaxından iştirak edilir. Bütün bu görüşlərin əsas məqsədi möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini hərtərəfli dəstəkləyərək ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında, xalqına və dövlətinə xidmətdə öz töhfəsini verməkdir.
Azərbaycan Ordusuna ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması isə ordu rəhbərliyinin ordu-cəmiyyət əlaqələrinə xüsusi önəm verməsindən xəbər verir. "Açıq qapı" günlərinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Televiziya ekranlarında deputatların, jurnalistlərin, qeyri-hökumət təşkilatların təmsilçilərinin müntəzəm olaraq hərbi hissələrə getdiklərini, əsgərlərin şəraiti ilə maraqlandıqlarının şahidi oluruq.
Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir.  Müdafiə Nazirliyinin rəhbərliyi ölkəmizin NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi ordunun inkişafının əsasında dayanır. Ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Azərbaycan Ordusu ən şərəfli missiyasının - torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

Fərrux ƏZİMLİ, Füzuli Hərbi Prokurorunun  köməkçisi