Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2019 09:14

Ordumuz-qürurumuz

Dövlətin özünü də, dövlətçiliyi də ordusu qoruyur. Bu, ordunun gücüdür, ordu  dövlətin. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi. Müstəqil Azərbaycan Respublikasının ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun varisi kimi formalaşdı, gücləndi, nəinki Cənubi Qafqazda, dünya miqyasında da ən güclü ordulardan biri oldu.
Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var". Bu ordunun 101 illiyini qeyd edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Cümhuriyyət ilində Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar keçirildi. Xalq bu paradları milli-xəlqi ruhumuzun paradı kmi izlədi. İndi tarix olan o günlər böyük qürurla, fəxrlə xatırlanmaqdadır. Biz sevgilərlə, bizə düşmən kəsilənlər səksəkəylə, vahiməylə əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda dedikləri yaxın vaxtlarda  gerçəkləşəcək  reallığın ifadəsidir: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək."
101 yaşlı Azərbaycan Ordusunun inkişafı özünəməxsus xüsusiyyətlərə malik olmaqla müəyyən mərhələlərdən keçib.
Müstəqilliyin ilk illərində yaradılmış yerli müdafiə batalyonları ordu kimi fəaliyyət göstərmirdi. Bu və ya digər ictimai qurumun, hətta fərdin iradəsinə xidmət etdiyi üçün bu batalyonlar nizami ordu kimi formalaşa bilməzdi. Həm də ambisiyalar, peşəkarlığın olmaması, batalyonların siyasi mənsubiyyəti səbəbindən Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etdi.
Hakimiyyət səriştəsizliyi respublikada siyasi gərginlik, siyasi gərginliyin nəticəsi kimi vətəndaş qarşıdurması yaratmışdı. Tarix təsdiqləyir ki, belə vəziyyətlərdə dövlətçiliyi ancaq olduqca həssas, olduqca dürüst, olduqca məntiqli, milli-xəlqi ruha əsaslanan siyasət xilas edə bilər. 1993-cü ilin yayında xalq vəziyyətdən yeganə qurtuluş ümidiylə təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 15 iyun Azərbaycanın  dövlətçilik tarixində Arximed nöqtəsi, istinad nöqtəsi oldu. Tarixi şəxsiyyətlər tarixin axarını xalqının, millətinin mənafeyi istiqamətinə yönəldə bilir. Mustafa Kamal Atatürk Türkiyəni xilas etdi, Heydər Əliyev Azərbaycanı. Respublikanın iqtisadi inkişafını təmin edən beynəlxalq müqavilələr imzalandı. İqtisadi inkişaf iqtisadi inkişafın dinamikası ordu quruculuğunu dövlət üçün prioritet məsələlərdən birinə çevirdi. Ordu quruculuğu istiqamətində müqayisəyəgəlməz islahatlar həyata keçirildi - yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin olundu, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında kifayət qədər təsirli tədbirlər ordunun nizami ordu kimi formalaşmasında əsaslı stimul oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin sərkərdəliliylə o dövr üçün olduqca gərəkli Horadiz əməliyyatı keçirildi. Qələbə ilə nəticələnən bu əməliyyat ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri inandı və ictimaiyyəti inandırdı ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu inam xalqın orduya münasibətinin başlıca tərkib hissəsi oldu...
Ulu öndər Heydər Əliyev ordu quruculuğunu dövlət üçün prioritet elan etdi, orduya qayğı və diqqət daha da artdı, irimiqyaslı islahatlar həyata keçirildi, yeni hərbi hissələr istifadəyə verildi, əsaslı təmir edildi. Azərbaycan Ordusunun təminatına dünyanın əksər ordularının şəxsi heyəti həsəd apara bilər.
Horadiz əməliyyatından sonra Ali Baş Komandanın ön xətdə, səngərlərdə, əsgər və zabitlərlə müntəzəm söhbətləri, tövsiyələri, sözün əsl mənasında, ordu quruculuğunun dönməzliyinin təsdiqi kimi yaşanıldı. Bu görüşləri, söhbətləri, tövsiyələri əsgər və zabitlər döyüş əzminə, qələbə ruhuna sərkərdə xeyir-duası bildilər.
Bununla da Azərbaycan Ordusunda nizami ordu kimi formalaşma prosesi uğurla davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olundu, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirildi. Ulu Öndərin sərəncamı ilə yaradılmış Ali Təyyarəçilik Məktəbində hazırlanan yüksək ixtisaslı hərbi pilotlar ən müasir döyüş təyyarələrini, döyüş helikopterlərini məharətlə idarə edir. Bu, 2016-cı ilin Aprel döyüşlərində də, 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlarda da təsdiqləndi.
Azərbaycan Ordusunun pilotlarının nəyə qadir olması son təlimdə də təsdiqləndi. Digər təlimlər kimi, genişmiqyaslı bu əməliyyat-taktik təlim də yüksək səviyyədə keçdi. Bu təlimdə bölmələrin gecə şəraitində hücum əməliyyatının aparılması üzrə taktiki fəaliyyəti nümayiş etdirildi. Bu da ordunun gücü baxımından dəyərləndirilməlidir.
Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların vəzifə maaşının artırılması dövlətin orduya növbəti qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir.
Azərbaycanda ordu quruculuğu dönməz prosesdir. Bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir.

Gülsurə HÜSEYNOVA, Hərbi Akademiyanın adyunktu