Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2019 09:50

Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arenasında Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirildi. Yarışların açılış mərasimində ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim və tələbə heyəti iştirak etdilər.
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Fiziki Hazırlıq və İdman şöbəsinin rəisi polkovnik Sadiq Paşayev yarış iştirakçılarını salamlayaraq idmançılara uğurlar arzuladı, layiqli idmançıların qalib gələcəyinə əmin olduğunu bildirdi. Müdafiə Nazirliyi rəhbərliyinin  daim şəxsi heyətin fiziki hazırlığına diqqət yetirdiyini, onların inkişafı üçün lazımi tədbirlər həyata keçirdiyini vurğuladı.
- Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır, - deyə şöbə rəisi bildirdi. - Yarışların keçirilməsində əsas məqsəd hərbi hissələrdə yüngül atletikanın daha da inkişaf etdirilməsi və bu idman növünün hərbi qulluqçular arasında geniş yayılmasını təbliğ etməkdir. Hərbçilərimizə xarakterik cəldlik, çeviklik və dözümlük kimi keyfiyyətlərin nümayiş olunduğu bu yarışlar olduqca əhəmiyyətlidir.
Polkovnik onu da vurğuladı ki, hərbi idmançılar döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, ölkə miqyasında, həmçinin beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.
Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda tərkibi 12 nəfərdən ibarət olmaqla 14 komanda iştirak etdi.
Birinciliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından təyin olunmuş hakimlər idarə etdi.
Reqlamentə əsasən, kişilər 100  və 3000 metrə qaçış, hündürlüyə və uzunluğa tullanma, estafet (4x400), qadınlar isə 100 və 1500 metrə qaçış, estafet (4x100)  yarışlarında özlərini sınadılar.
Təntənəli açılış mərasimindən sonra hakimlər tərəfindən iştirakçılara qaçış qaydaları, düzgün tullanış mövqeyi, tullanış texnikasının əsasları haqqında ümumi məlumat verildi.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Hərbi Hava Qüvvələri”  komandasının atleti leytenant Nicat Nurəliyev birinciliyi əldən vermədi. "Bakı" komandasını təmsil edən əsgər Cavad Muradov ikinci yerə, leytenant Emin Nəsirov (HHQ) isə üçüncü yerə  sahib oldular.
Bu məsafəyə yarışda qadın idmançılar da öz güclərini sınadılar. Əzmkarlığa görə kişi idmançılardan geri qalmayan qadınlar arasında 100 metr məsafəyə qaçışda "Şəmkir" komandasının idmançısı çavuş Ülkər Sadıqova bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatdı.  Əsgər Aytən Hacıyeva ("Beyləqan") finişə ikinci çataraq gümüş medal qazandı. Hərbi Hava Qüvvələrinin atleti əsgər Günel Ağayarova isə üçüncü nəticə göstərdi.
Qadınlar həm də 1500 metr məsafədə yarışların medalları uğrunda mübarizə apardılar. Əsgər Pərvanə Heydərova (HHQ)  bütün rəqiblərini qabaqlayaraq, finişə birinci çataraq komandasına vacib xallar qazandırdı. "Bakı" komandasından əsgər Kəbirə Süleymanova yarışın ikincisi kimi birinciliyin gümüş medalına layiq görüldü. Əsgər Məryəm Ziyadxanova (HHQ) bu mübarizədə üçüncü olaraq mükafatçılar sırasında öz yerini təmin etdi.
3000 metr məsafəyə qaçış üzrə kişilər arasında keçirilən yarışda finişə birinci "Şəmkir" komandasından çavuş Şükür Zeynalov çatdı. Cüzi fərqlə əsgər Elşən İbişov ("Beyləqan")  ikinci, Heydər Əliyev adına AAHM komandasından kursant İbrahim Abdurrəhmanlı isə üçüncü oldu.
Yarışların uzunluğa tullanma mərhələsindən öncə hakim idmançılara qaydalar barədə ətraflı məlumat verərək qeyd etdi ki, tullanmalar üçün nəzərdə tutulan çökək qaçış cığırı bərabər səviyyədə qumla doldurulub. "Yarış iştirakçılarına üç cəhd etmək hüququ verilir.  Bu cəhdlərdən nəticə olaraq ən yaxşısı hesaba alınacaq".
Yarış haqqında dəqiq məlumatlanan idmançılar sıra ilə öz məharətlərini nümayiş etdirdilər. Yekun nəticəyə əsasən, “HHQ” komandasını təmsil edən əsgər Elvin Qafarov bütün rəqiblərindən üstün ustalıq nümayiş etdirdi və yarışın qızıl medalçıları sırasına qatıldı. “AAHM” komandasından kursant Mirağa Əliyev ikinci pillədə qərarlaşdı, "Beyləqan" komandasından əsgər Elxan Ağazadə üçüncü pillədə bürünc medala layiq görüldü.
Hündürlüyə tullanma yarışında "Bərdə" komandasını təmsil edən gizir Samir Xəlilov artıq üçüncü ildir ki, qazandığı qalibiyyətini təsadüfi olmadığını bir daha sübut etdi. "Bərdə" komandasından kiçik çavuş Sərvər Şahverdiyev ikinci yerə layiq görüldü. "Beyləqan" komandasından baş leytenant Orxan Əhmədov üçüncü oldu.  
İdman azərkeşləri  tərəfindən keçirilən komanda xarakterli 4x400 metr məsafəyə estafet yarışları böyük çoşqu ilə izlənildi. İdmançılar ağ xətlərlə ayrılan qaçış cığırlarında "Diqqət!" komandasından sonra yerlərini tutdular. Bütün idmançıların qaçış məsafələrinin bərabər olması üçün onların start yerləri cığırların uzunluğuna uyğun olaraq qabağa çəkildi. Qaydalara əsasən çığırları dəyişmək olmazdı. İdmançılar təyin olunmuş məsafəni qaçaraq əlində tutduğu estafet çubuğunu komanda yoldaşına ötürür, idman çubuğunu alan idmançı isə yarışı davam etdirirdi.
Gərgin mübarizə şəratində keçən yarışların bu növündə "Şəmkir" komandasını təmsil edən dördlük finişə birinci çataraq fəxri kürsünün ən yüksək pilləsində yerlərini təmin etdilər. "Beyləqan" komandasının idmançıları gümüş medalla kifayətləndilər. “HHQ” komandası isə üçüncü yerə çıxdı.
Qadınların komanda xarakterli 4x100 metr məsafəyə estafet yarışlarında birinci yerə “HHQ” komandası, ikinci yerə "Şəmkir" komandası, üçüncü yerə isə "Beyləqan" komandası layiq görüldü. 
Yekunda birinci qrupda ümumi komanda hesabında I yerə “HHQ” komandası, II yerə "Beyləqan" komandası, III yerə “AAHM” komandası, ikinci qrupda isə I yerə “TTM” komandası, II yerə "Kəşfiyyatçılar" komandası, III yerə  isə "Mühəndislər" komandası layiq görüldülər.
Yarışların bağlanış mərasimində çıxış edən şöbə rəisi polkovnik Sadiq Paşayev qalib gələn komandaları və idmançıları təbrik  etdi, onlara gələcək yarışlarda uğurlar arzuladı.
Yekunda birinci, ikinci və üçüncü yerləri tutan komanda və idmançılara kubok, medal və diplomlar təqdim edildi. Komanda hesabında göstərilən nəticələrə görə yarışların kuboku “HHQ” komandasına verildi.
Sonda xatirə şəkilləri çəkildi.

Günay TAĞIYEVA,"Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR