Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2019 09:48

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun növbəti buraxılışı həyata keçirildi. Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında Hərbi Attaşesi general-mayor İsmayıl Hakkı Köseali də iştirak etdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev mərasim iştirakçılarını Milli Qurtuluş Günü və Azərbaycan Ordusunun yaradılmasının 101-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik etdi:  
- Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsas vəzifələrindən biri dövlət orqanlarında çalışan vəzifəli şəxslərə respublikanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etməkdir. Bu il Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursundan 16 dövlət təşkilatından 20 dinləyici  məzun olur.                       
Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda müdafiənin strategiyası və planlaşdırması, Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatımızın inkişaf strategiyası və dünya iqtisadiyyatına inteqrasiyası, sosial-mədəni və milli təhlükəsizliyimizi əhatə edən digər məsələlərə dair mühazirələr oxundu.
Güc nazirliklərinin mütəxəssisləri kursun tədris proqramına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və təşəkkül tapması, onların strukturu, qarşısında duran vəzifələri haqqında və digər mövzularda akademik kursun dinləyiciləri qarşısında çıxışlar etdilər.
Hərbi Akademiyanın və akademik kursun tədris proqramlarına müvafiq olaraq Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun və Əməliyyat-taktiki fakültənin dinləyiciləri Hərbi oyunda iştirak etdilər.
Hərbi oyun müddətində akademik kursun dinləyiciləri hökumətin rəhbər vəzifələrini, şərti olaraq, böhran və müharibə şəraitində icra ediblər.
Hərbi Akademiyanın tədris proqramına müvafiq olaraq akademik kursun dinləyiciləri  Xarici İşlər Nazirliyi, Daxili Qoşunların, Hərbi Hava Qüvvələrinin və Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri, Müdafiə Sənayesi Nazirliyinin elm-istehsalat birliyi, iri yanacaq və energetika kompleksləri, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri, respublikanın strateji əhəmiyyətli obyektləri və mədəni-tarixi yerləri ilə tanış oldular.
Şübhəsiz, bu praktiki məşğələlər dinləyicilərin respublikanın sənaye potensialı və Silahlı Qüvvələrin döyüş hazırlığı, mənəvi-psixoloji durumu, məişət şəraiti ilə bağlı təsəvvürlərini daha da genişləndirdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasında və tədris prosesinin təşkil edilməsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşeliyinin əməyi də yüksək qiymətləndirildi.  
Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısındakı son çıxışlarının birində demişdir: "Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır... Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik... Bütün işğal olunmuş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha güclü ordu yaratmalıyıq."
Ali Baş Komandanın bu sözləri Hərbi Akademiyanın da qarşısında kadr hazırlığı sahəsində yeni tapşırıqlar qoyur.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün müasir tələblərə cavab verən ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, hərb elminin təşkili və inkişaf etdirilməsi, ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrlə mülki dövlət qurumlarının birgə fəaliyyətinin təşkili məsələləri bundan sonra da Hərbi Akademiyanın fəaliyyətinin  əsas istiqamətləri olacaqdır".
Tədbirdə məzunlar adından Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Məmmədəliyeva və Dövlət Gömrük Komitəsinin nümayəndəsi gömrük xidməti polkovniki Elçin Allahverdiyev çıxış etdilər. Natiqlər akademik kursda tədris prosesinin təşkilini və dinləyicilər üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi və Hərbi Akademiyanın komandanlığına təşəkkürlərini bildirdilər.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyəti adından Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının professoru Rasim Həsənov çıxış etdi, məzunlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzuladı.
Buraxılış mərasiminin sonunda xatirə şəkli çəkdirildi.  

Telman ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun rəisi