Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2019 09:46

Hərbçilərə göstərilən diqqət və qayğının növbəti təzahürü

Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Bu günlərdə ölkə başçısının bütün güc strukturlarının, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı Sərəncam da bu qəbildəndir.

3-cü dərəcəli kapitan İlhami Quliyev:
- Ali Baş Komandanın bu Sərəncamına görə çox sevincliyik. Nəinki hərbi qulluqçuların özləri, hətta onların ailə üzvləri, yaxın qohumları da buna görə çox sevinirlər. Bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarlığımızı bildiririk.
Bu Sərəncam bizim sosial-məişət şəraitimizi daha da yaxşılaşdıracaq, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə çox böyük təkan verəcək. Biz hərbi qulluqçular üçün ilk sırada Vətənə xidmət, onu qorumaq dayanır. Bu Sərəncam bizim üzərimizə qoyulmuş məsuliyyəti bir daha artırır. Bundan sonra da biz hərbçilər göstərilən etimadı doğrultmağa, daha nümunəvi xidmət aparmağa, Vətəni qorumağa hər an hazırıq.

Baş leytenant Vüsal Ağalarov:
- Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara  diqqət və qayğısını əsirgəmiyib, bu gün də əsirgəmir. Dövlət başçısının yaxın günlərdə imzaladığı Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılması haqqında Sərəncamı da sübut edir ki, biz hərbi qulluqçuların və ailələrimizin sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir. Bizi sevindirən odur ki, dövlətimiz, o cümlədən qüdrətli, dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir. Aprel döyüşləri, Günnüt zəfəri, keçən il keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin bariz sübutudur. Biz hərbi qulluqçular, həmçinin ailə üzvlərimiz inkişafı, tərəqqini, eyni zamanda dövlət başçımız tərəfindən bu münasibəti gördükcə böyük qürur hissi keçiririk.  
Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Aparılan islahatlar, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir. Hesab edirəm ki, bizlər də öz bilik və bacarığımızdan, təcrübəmizdən istifadə edərək, Ali Baş Komandanımızın etimadını doğruldacaq, ordumuzun güclənməsinə öz töhfələrimizi verəcək, xalqımıza Böyük Qələbənin sevincini yaşadacağıq.
Bu gün Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızın işğaldan azad olunmasıdır. Münaqişə ədalətli həllini tapanda, tarixi torpaqlarımız işğaldan azad olunanda yanan qəlbimizə su səpiləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq. Xalqımız inanır ki, tezliklə Azərbaycan Ordusu bu tarixi nailiyyəti əldə edəcək, Azərbaycanın üçrəngli bayrağını Ağdamda, Xankəndidə, Şuşada... dalğalandıracaq. Vətənini, torpağını, xalqını sevən Prezidentimizlə, Ali Baş Komandanımızla xalqımıza, millətimizə, dövlətimizə tezliklə qələbə sevinci bəxş edəcəyik!
Mən bir daha müvafiq sərəncama görə, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusunun hərbi qulluqçularına göstərdiyi diqqət və qayğıya, sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyü  bütün işlərə görə dərin təşəkkür edirəm.

Leytenant Asim Hüseynli:
- Biz Vətən qoruyucularıyıq. Vətənini heç bir təmənnasız cani-könüldən sevən, onu göz bəbəyi kimi qoruyanlarıq. Seçdiyimiz şərəfli peşəyə ürəkdən bağlıyıq. Hamımız Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət edirik. Bu müqəddəs yolda canımızı sevə-sevə verməyə hər an hazırıq. Düzdür, biz Vətənimizi qarşılıqsız sevirik. Lakin hər bir işdə insan öz əməyinə qiymət verildiyini görəndə daha da ruhlanır, daha da yaxşısını etməyə çalışır. Bir zabit kimi ölkəmizdə ordu quruculuğunun hər zaman prioritet məsələ olduğunu, Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini, xalq tərəfindən ordu mənsublarına xüsusi rəğbət və hörmət bəsləndiyini hər an hiss edirəm. Bunlarla yanaşı, sosial rifahımızın yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünün də hamı şahididir. Bir sözlə, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü göstərir. Prezidentimiz tərəfindən orduya göstərilən diqqətin nəticəsidir ki, ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər ordumuzda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Sosial-məişət şəraitimizin daim yaxşılaşdırılması, yeni və müasir silah-texnika ilə təmin olunmağımız, aylıq vəzifə maaşlarımızın dəfələrlə artırılması, sağlamlığımızın daim diqqətdə saxlanılması, yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi ordu sıralarında xidmət edən hər bir şəxsin mənəvi-psixoloji durumunun yüksək olmasında müsbət rol oynayır. Ordumuz dünyaya səs salan Aprel və Günnüt qələbələri ilə də bir daha sübut etdi ki, müasir silah və texnikası ilə yanaşı, şəxsi heyətinin döyüş ruhu da yüksəkdir və sönməzdir.
Bir neçə gün bundan öncə ölkə başçımız tərəfindən əmək haqlarımızın artırılması ilə bağlı verilən sərəncam hamı kimi məni də sevindirdi. Sosial-məişət şəraitimizin daha da yaxşılaşdırılması istiqamətində atılan bu addım həm iqtisadiyyatımızın artan gücünün göstəricisi, həm də Ali Baş Komandanımızın daim xalqın rifahı üçün çalışdığının, yürütdüyü uğurlu daxili və xarici siyasətin yalnız bir istiqamətə - əhalinin yaşayış səviyyəsinin və minimum əmək haqqının daha da yüksəldilməsinə xidmət etdiyinin bariz nümunəsidir. Həm bir vətəndaş, həm də Ali Baş Komandanın əsgəri kimi bütün silahdaşlarım adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Hər birimiz bunu dərindən dərk edirik ki, bu qayğı, əlbəttə, böyük tələb və etimadla müşayiət olunur. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində inamla dayanır,  Ali Baş Komandanımızın və xalqımızın etimadını doğrultmaq üçün əlimizdən gələni edir, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlığımızı daim artırırıq. Bundan sonra da hər birimiz xidmətimizdə daha məsuliyyətli olacaq, uğurlu xidmətimizlə bizə göstərilən inamı doğruldacağıq.

Gizir İbrahim Məmmədov:
- Həqiqi hərbi xidmətimin ön xətdə keçməsilə həmişə fəxr etmişəm. Səngərin nə olduğunu mən də yaxşı bilirəm. Onu da bilirəm ki, biz səngərləri dövlət sərhədlərimizə köçürmək üçün xidmət edirik və Ali Baş Komandanın döyüş əmriylə yaxın vaxtlarda bunu yerinə yetirəcəyik.
Tərxis edildikdən sonra xidmətimi davam etdirmək istədim. İstəyimi nəzərə aldılar. Mənə təhsil almaq üçün şərait yaradıldı. Yenə ön xətdə xidmət edirəm.
Ötən il Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar təsdiqlədi ki, ordumuz güclüdür, qüdrətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Mən fəxr edirəm ki, belə bir ordunun hərbi qulluqçusuyam. Biz 2016-cı ildə Lələtəpə, Bayraqtəpə, 2018-ci ildə Günnüt zəfərlərini qazanan hərbi qulluqçuların davamçıları olacağıq. Bu, bizim hər birimizin hərbi xidmət amalımızdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə xidmət yoldaşlarım adından hərbi qulluqçuların vəzifə maaşlarını artırdığına görə təşəkkürümü bildirirəm. Ölkə başçısını və ictimiayyəti əmin edirəm ki, hər birimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün veriləcək döyüş əmrinə hazırıq. Biz qalib gələcəyik!..

Baş çavuş Elçin Talıbov:
- Ali Baş Komandanımıza Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında imzaladığı Sərəncama görə təşəkkürümüzü bildiririk. Fəxr edirik ki, Ali Baş Komandan ordumuza, düşmənlə üz-üzə səngərdə xidmət edən biz hərbçilərə belə diqqət və qayğı göstərir. Bu, təkcə bizi yox, ailə üzvlərimizi də sevindirir. Bu Sərəncam onu göstərdi ki, Prezidentimiz hərbi qulluqçuların yalnız özlərinin deyil, onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması istiqamətində daim mühüm tədbirlər həyata keçirir. Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularına öz qayğısını növbəti dəfə ifadə etdi.

"Azərbaycan Ordusu"