Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2019 11:16

“Döyüşlərə hər zaman səfərbərik”

Bu günlərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri ilə silsilə görüşlər keçirilib. Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı adından Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin bir qrupuna mükafatlar təqdim olunub.
Rubrikamızın budəfəki qonağı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyevdir.
İctimai birliyin sədri  M.Mehdiyev söhbətinə ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin  vətənsevərlik haqqında söylədiyi kəlamla başladı: "Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Əlbəttə, bu fikir hər bir Azərbaycan vətəndaşının dilində əzbər olmalıdır. Uşaq bağçalarında tərbiyə alan, orta və ali  məktəblərdə təhsil alan hər bir Azərbaycan vətəndaşı vətənpərvər ruhda böyüyüb müstəqil həyata atılmalıdır. Qarabağ müharibəsi başlayanda hər birimizin ürəyi Vətən eşqi  ilə döyünürdü. Silaha sarılıb doğma Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü uğrunda  döyüşürdük. Qəlbi Vətən eşqi ilə alovlanan yüzlərlə qardaş və bacımız öz şirin canından keçib şəhid oldu. Döyüşlərdə ağır yaralanıb qazi oldular. Bu gün yenə də ağır cəbhələrdə döyüşmüş Qarabağ veteranları, qaziləri ilə bir sırada Vətənimizin keşiyində dayanmışıq. Biz keçmiş Qarabağ döyüşçüləri Ali Baş Komandanın döyüş əmrinə  hər an hazırıq. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hər zaman səfərbərik."
Bugünkü ordumuzun gücündən danışan birlik sədri bildirdi ki, ordumuz çox çətin bir dövrdə, müharibə şəraitində formalaşdı. "Bu gün dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusunun təməli məhz Ümummilli Liderimiz tərəfindən qoyuldu. Dağınıq dəstələrdən nizami orduya çevrildi. Ordumuz vahid komandanlıqdan idarə olunmağa başlandı. Ulu Öndərin komandanlığı altında strateji əhəmiyyətli yüksəkliklər, çoxlu sayda yaşayış məntəqələri düşmən işğalından azad edildi.  Bunu hər zaman qeyd etməliyik ki, Azərbaycanımızda ordu quruculuğu ötən əsrin 60-cı illərinin sonlarından başlayıb. Ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmasaydı, bəlkə bugünkü ordumuz da belə qısa zamanda formalaşmazdı. Hər kəsə məlumdur ki, milli ordumuz yarananda onun zabit heyətinin əsasını həmin məktəbin məzunları təşkil edirdi. Mən də bu məktəbin məzunuyam. Bu məktəbi bitirməyimlə hər zaman  fəxr etmişəm. Hər bir keçmiş Qarabağ döyüşçüsü müharibə illərini yaxşı xatırlayır. Heç bir təminat, təchizat yox idi. O dövrün ən müasir silahları ilə təmin edilən erməni yaraqlıları ilə, güclü təlim keçmiş xaricdən gətirilən muzdlu döyüşçülərlə döyüşürdük. Şükürlər olsun, bu gün ordumuz dünyanın ən güclü silah və texnikaları ilə təchiz edilib, hər il də Azərbaycan Ordusunun silahlanmasına yeniləri daxil edilir. Respublikamızın müdafiəsinin, təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ölkəmizdə müdafiə sənayesi yaradılıb. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Azərbaycanımızın müdafiə qabiliyyəti hər gün artır. Ötən il Bakıda keçirilən iki möhtəşəm hərbi parad da ordumuzun gücünü bir daha təsdiqlədi."
Azərbaycan Ordusunun son illərdə keçirdiyi əks-hücum əməliyyatları  -  Aprel döyüşləri, Naxçıvanda Günnüt əməliyyatı zamanı işğalda olan torpaqlarımızın bir qisminin azad olunması barədə də danışan M.Mehdiyev bildirdi ki, hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik. "Biz Qarabağ müharibəsi veteranları, qaziləri mütəmadi olaraq cəbhə bölgələrində yerləşən hərbi hissələrimizdə əsgər və zabitlərimizlə görüşürük. Onlarla hərbi vətənpərvərlik mövzusunda dəyirmi masalar təşkil edib, diskussiyalar keçiririk. Yeri gəlmişkən, xalqımızın əziz bayramı Ramazan bayramı ərəfəsində cəbhə xəttində yerləşən "N" hərbi hissəsində Qarabağ veteranlarının, qazilərinin, ictimaiyyət nümayəndələrinin, o cümlədən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iştirakı ilə ön xətt bölmələrimizdə xidmət edən əsgər və zabitlərimizlə görüşümüz oldu. Ön xətdə xidmət edən ordumuzun hərbi qulluqçuları ilə belə görüşlərin mütəmadi olaraq keçirilməsinin onların mənəvi-psixoloji hazırlığında böyük rolu var. Ona görə də biz veteranlar, qazilər ön xətdə xidmət edən əsgər və zabitlərimizlə tez-tez görüşür, onlara ordumuzun keçdiyi şanlı döyüş yolundan, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan müasir ordu quruculuğuna verdiyi töhfələrdən, bu gün isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkənin hərbi quruculuq sahəsində apardığı zəngin fəaliyyətindən danışırıq."
Aprel döyüşləri zamanı Qarabağ veteranlarının, qazilərinin döyüş gedən bölgələrdə Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli istiqamətlərində döyüşən ordumuzun yanında olduğunu deyən Qeyri-Hökumət Təşkilatının rəhbəri onu da vurğuladı ki, biz hər an döyüşə hazır vəziyyətdə dayanmışdıq. "Birliyimizin 3000 nəfər üzvü döyüşlərə getmək üçün siyahı hazırlayıb Müdafiə Nazirliyinə təqdim etmişdik. Aprel döyüşlərindən danışarkən bu fikri hər zaman deyirəm: düşmən gördü ki, Azərbaycan Ordusu artıq ötən əsrin 90-cı illərinin ordusu deyil, XXI əsrin ən müasir ordusudur. Xalqımız, ordumuz, dövlətimiz səfərbər olunaraq Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa edib, Qarabağımızı, Şuşamızı, Kəlbəcərimizi və digər işğalda olan torpaqlarımızı düşməndən azad etmək qüdrətindədir."
Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə, veteranlarına dövlətimiz tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini deyən Mehdi Mehdiyev daha sonra bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin dövlət siyasətində əsas istiqamətlərdən sayılan şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə dövlət tərəfindən diqqət və qayğının göstərilməsi məsələsi bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. "Ölkəmizdə müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllini tapması, hər cür qayğı ilə əhatə olunması yüksək səviyyədə təşkil olunur.  Dövlətimizin rəhbəri tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Bütün bu istiqamətdə atılan addımlar təqdirəlayiq hal kimi qiymətləndirilir. Hər zaman dövlətin şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə göstərdiyi qayğı cəmiyyətdə məmnunluqla qarşılanıb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və minik avtomobilləri ilə təmin olunması da çox müsbət addım kimi dəyərləndirilir. Bunu da qeyd etmək yerinə düşər ki, dövlətimizin başçısının 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişin verilməsi Azərbaycan Prezidentinin şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürü idi. Ümumiyyətlə, respublikamızda dövlətimizin Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə qayğısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən olmaqla yanaşı, eyni zamanda, davamlı, çoxşaxəli səciyyə daşıyır."
QMƏVŞAİB-nin sədri M.Mehdiyev söhbətinin sonunda qəzetimiz vasitəsilə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından hər zaman üzərlərində diqqət və qayğısını hiss etdikləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Söhbəti apardı: Lalə HÜSEYNOVA,"Azərbaycan Ordusu"