Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2019 09:55

“Xidmətdə dostuq, yarışda rəqib”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin mövqeyində olduğumuz zaman yaradılan sosial-məişət şəraiti ilə tanış olduq. Yataqxanadakı səliqə-sahman, təmizlik göz oxşayırdı. İstirahət otağında isə Vətənin keşiyində dayanan hərbi qulluqçular arasında maraqlı oyun gedirdi. Onlara yaxınlaşıb fikirlərini öyrənmək qərarına gəlirik.
Əsgər İsmayıl Quluzadə Vətənin keşiyində dayanmaq kimi müqəddəs vəzifənin öhdəsindən gəldiyindən qürur duyduğunu bildirdi. "Düşmənlə üzbəüz xidmət etmək böyük məsuliyyətdir. Atamın Qarabağ müharibəsinin iştirakçısı olması bu məsuliyyətimi ikiqat artırır. Hər zaman çalışıram ki, silahdaşlarıma yaxşı nümunə olum. Xidmətə gəldiyimiz ilk gündən komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Savadlı, bacarıqlı və tələbkar zabitlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər mənimsəyirik. Onların səyi nəticəsində qorxmaz, mərd, cəsur döyüşçü kimi formalaşmışıq. Düşmənlə təmas xəttində yerləşən bölmələrin birində xidmət etməyimizə baxmayaraq, məişət şəraitimiz yüksək səviyyədədir. Bu cür şərait uğurlu xidmətimiz üçün müsbət təsir göstərir. Asudə vaxtımız da maraqlı keçir. Gördüyünüz kimi, dama, şahmat kimi stolüstü idman oyunları oynayır, qəzet və jurnallar oxuyur, Vətənimizdən, qəhrəmanlarımızdan bəhs edən filmlərə baxırıq."
- Gənc əsgər hazırlıq dövründən sonra burada xidmət edirəm, - deyə əsgər Murad İsmayılov söhbətimizə qoşuldu. - İlk dəfə növbəyə gedəndə çox həyəcanlı və narahat idim. Növbətçilik haqqında məlumatım olsa da, bu özümdən asılı deyildi. Komandirlərimiz ilk gündən deyirlər ki, daima ayıq-sayıq olmalıyıq, mütəmadi olaraq düşmənin bütün hərəkətləri haqqında məlumat verməliyik. Növbəyə çıxandan sonra anladım ki, bizim ani diqqətsizliyimiz düşməni sevindirə bilər. Buna heç bir Azərbaycan əsgəri razı deyil. Əksinə, biz düşməni törətdiklərinə görə peşman etməliyik. Onları ata-baba yurdumuzdan qovub çıxarmalıyıq. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyir, peşəkar döyüşçü kimi formalaşırıq. İndi hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə atılmağa hazırıq. İnanıram ki, bütün xalqımızın səbirsizliklə gözlədiyi qələbə müjdəsi uzaqda deyil. Mən də bu müqəddəs müharibədə qardaşımla çiyin-çiyinə vuruşacağımla qürur duyuram. Çox istəyirəm ki, Vətənimizin tarixinə düşməni törətdikləri vəhşiliklərə görə peşman edən ordunun qalib qardaşları kimi düşək.
Bölmədə olduğum zaman komandir-əsgər münasibətinin nə qədər möhkəm olmasını, şəxsi heyət arasında mehribanlığı, səmimiyyəti, ürəklərində olan Vətən sevgisini hiss etdim. Onların gözlərində düşmənə olan nifrətin nə qədər böyük olduğunu görməmək mümkün deyildi. Bir daha əmin oldum ki, Qarabağ həsrəti ilə xidmət edən bu oğullar tezliklə düşmən üzərində qələbə qazanaraq, xalqımızı sevindirəcəklər...

 

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

foto  C.CƏFƏROVUNDUR