Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2019 09:44

Hərbi hissələrdə bayram tədbiri keçirildi

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların birliyini təmin etməkdir. Bu bayram ölkəmizdə böyük coşqu ilə qarşılanır. Ramazan bayramı ölkəmizin hər bir bölgəsində olduğu kimi, Azərbaycan Ordusunda da təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Növbəti bayram tədbiri "N" hərbi hissəsində Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə hərbi hissənin şəxsi heyəti iştirak edirdi.
Əvvəlcə hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini kapitan Vüsal Kərimov əsgərləri müqəddəs bayram münasibətilə təbrik edərək onlara bu günün əhəmiyyətindən danışdı. "Ramazan bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramlarından biridir. Qədim tarixə malik olan bu bayram hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan bu bayram insanları həmrəyliyə, qardaşlığa dəvət edir. Həmçinin bu müqəddəs günlərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın da xatirələri yad edilir. Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, hər il Ramazan bayramında şəhid ailələrinə, qazilərə müxtəlif yardımlar göstərilir. Mən bir daha sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik, saf niyyətlər, xidmətinizdə uğurlar və qələbə müjdəli xəbərlər arzulayıram. "
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları leytenant Günel Dadaşova və Gülxar Məmmədova da əsgərlərimizi bayram münasibətilə təbrik etdilər. "Bu gün insanların səmimiyyəti tamam fərqlidir. Hər kəs bir-birini daxildən gələn sevgi ilə təbrik edir. Bu bir islami kamillikdir. Qoy Uca Yaradan Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq, xoş günlər bəxş etsin. Tezliklə bütün bayramları işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda qeyd edək."
Sonda Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi hərbi hissənin şəxsi heyətini öz gözəl nəğmələri və rəqsləri ilə təbrik etdilər. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatdı.

 

* * *



Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində Ramazan bayramı münasibətilə tədbir keçirildi.
Hərbi Dəniz Qüvvələrinin zabiti mayor Cabir Bəxtiyarov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, hər birinə ən səmimi arzu və diləklərini çatdırdı. “Mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, hərbi hissəmizdə də mübarək Ramazan ayını böyük fərəh hissi və könül xoşluğu ilə qeyd edirik. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edirlər, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər tanrı dərgahında qəbul olunacaq və işğal altında olan torpaqlarımız tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında azad ediləcəkdir”.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti leytenant Günel Dadaşova da tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi. Müqəddəs Ramazan bayramının mahiyyəti haqqında ətraflı danışan zabit milli və dini tolerantlığın hökm sürdüyü Vətənimizdə bütün dini bayramların, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini bildirdi. O, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu xüsusi vurğuladı. Natiq ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirərək, bu ənənənin bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi Gülxar Məmmədova Ramazan bayramı münasibəti ilə tədbir iştirakçılarını, eləcə də bütün xalqımızı təbrik edərək, əminliklə qeyd etdi ki, növbəti Ramazan bayramımızı Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirəcəyik.
Tədbir Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə başa çatdı.


Məhəmməd NƏSİRLİ, Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"