Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2019 09:44

“Vətənə xidmətdən qürur duyuram”

Əsgər Vasif Əliyevin xidmətinin xeyli hissəsi arxada qalıb. Bu müddət ərzində o, üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Nümunəvi xidməti ilə həm komandirlərinin, həm də əsgər dostlarının rəğbətini qazanıb.
Əsgər Vasif Əliyev orta məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb, Vətən qarşısında borcunu yerinə yetirməyə başlayıb. Qısa müddət ərzində özünü bacarıqlı bir əsgər kimi göstərib. Təlimlərdə və məşğələlərdə fəal iştirak edib. Silahların və texnikaların sirlərinə dərindən yiyələnib.
- Əsgər forması geyindiyim günü heç vaxt unutmayacağam, - deyə əsgər Vasif Əliyev söhbətə başladı. - Mən həmişə arzu etmişəm ki, əsgər olum, doğma Vətənimə övladlıq borcumu yerinə yetirim. Bu borc şərəflə yerinə yetirilməlidir. Mənə elə gəlir ki, Vətənə əsgər olmaqdan şərəfli heç nə ola bilməz. Hərbi xidmətə hər zaman böyük marağım olduğu üçün dərs və məşğələlərdə hərbi bilikləri mənimsəmək çətin olmadı. Komandirlərimizin sayəsində qısa vaxt ərzində sıra, döyüş, fiziki, atəş hazırlıqlarını mükəmməl mənimsədik. Xidmətimizi daha həvəslə davam etdiririk. Komandirlərimizin əmr və tapşırıqlarını sözsüz və vaxtında yerinə yetiririk.
Üzərinə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşdüyünü deyən Vasif söhbətinə davam etdi: "Bu vəzifələri həm də mənəvi borc bilirəm. Mübariz, Çingiz, Raquf ... kimi mərd oğullarımızın keçdiyi yol, qəhrəmanlıq nümunələri Azərbaycan əsgəri üçün örnəkdir. Bizim yalnız bir məqsədimiz var - ermənilərdən qisasımızı alıb, əzəli torpaqlarımıza geri dönmək. Mən də hər bir Azərbaycan əsgəri kimi inanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında o günə çox az qalıb".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Loğman Ağcayev də söhbətimizə qoşularaq əsgər Vasif Əliyevin nümunəvi xidmət etdiyini dedi: “O, həm fiziki hazırlıq məşğələsində, həm də keçirilən təlimlərdə verilən əmr və tapşırıqları peşəkarlıqla yerinə yetirir. Qazandığı uğurlarla heç vaxt arxayınlaşmır, hər zaman biliklərini daha da təkmilləşdirməyə çalışır. Xidmətə yeni başlayan gənc əsgərlərimizə də köməklik edir. Bu amillər onu şəxsi heyətə sevdirir. Belə mərd, igid və bacarıqlı əsgərlərimizlə öyünürük”.
 
Orxan HÜSEYNLİ,"Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR