Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2019 09:43

“Bu görüşü həmişə xoş hisslərlə xatırlayacam”

Son illər ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki təminatın yüksəldilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığının və orduya diqqətin dövlət üçün prioritet olduğunun bariz sübutudur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar. Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Təlim zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqlənən və təltif olunan hərbi qulluqçulardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cavid İbixanlıdır. Döyüş hazırlığından keçirilən dərsdə iştirak edən, Müdafiə naziri tərəfindən mükafat almağın sevincini yaşayan Cavidin düşüncələrini öyrəndim:
- Bu görüşü həmişə xoş hisslərlə xatırlayacağam. Bu hədiyyənin böyük mənəvi dəyəri var. Həyatımda aldığım ən özəl hədiyyədir. Bu saat təkcə vaxtı göstərmir, ona baxanda həmin an keçirdiyin sevinci, həyəcanı görürsən. Hərbi formanın qürurunu, müqəddəs vəzifəni, ana Vətənini görürsən. Bir də keçən hər saatın səni doğma Qarabağımıza yaxınlaşdırdığını görürsən. Şuşaya, Laçına, Kəlbəcərə... şanlı bayrağımızı sancacağın günü görürsən. Ekranında yazılan Müdafiə Nazirliyi sözlərini gördükcə 100 yaşını adlayan qüdrətli ordunun nümayəndəsi olmaqdan, Vətən müdafiəçisi adını daşımaqdan qürurlanırsan.
Cavidlə kəlmələşmək könül xoşluğu aşılayır. Bax, Azərbaycan Ordusunun əsl gücü seçdiyi peşəyə ürəkdən bağlı olan, Vətənə xidməti mənəvi borc bilib, nümunəvi xidmət edən belə oğulların  qətiyyətindədir. Dövlətimizlə, ordumuzla, əsgərimizlə bir daha qürurlanırsan.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"