Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2019 10:37

“Yarışlar bizi bir yumruq kimi birləşdirir”

Azərbaycan Ordusunda şəxsi heyətin asudə vaxtının səmərəli keçməsinə xüsusi diqqət yetirilir. Asudə vaxtda hərbi qulluqçularla müxtəlif növ yarışlar da keçirilir. Yarışlar əsgərlərimizin zehni inkişafında, gücünün və dözümlülüyünün artmasında müstəsna rol oynayır. Bu mənada ən qədim və geniş yayılan yüngül atletika yarışlarının keçirilməsi vacibdir.
"N" hərbi hissəsində əsgərlərimizin bölmələr arasında komandalara bölünərək estafet qaçışında iştirak etdiklərinin şahidi olduq. Bölmə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini kapitan Emin Əliyev bildirdi ki, estafet yarışında üç komanda iştirak edir. "Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, döyüş ruhunun yüksək səviyyədə olması əsas vəzifələrimizdən biridir. Mütəmadi olaraq müxtəlif növ yarışlar təşkil olunur. Bu gün şəxsi heyət arasında estafet qaçışı keçiririk. Qaçışda 12 nəfərdən ibarət 3 komanda iştirak edir. İştirakçılar növbə ilə ümumi məsafənin eyni və ya müxtəlif uzunluqda mərhələlərini qaçacaqlar. Hər mərhələnin sonunda əllərində tutduqları estafet çubuğunu komanda yoldaşına verir, idman çubuğunu alan isə yarışı davam etdirir. Yarış yolu hər komandanın iştirakçısı üçün bölünür. Onu da qeyd edim ki, hər döngədə mərkəzə yaxın olan iştirakçının yolu daha qısa olur. Bu səbəbdən start yerləri cığırın uzunluğuna uyğun olaraq qabağa çəkilir. Yarışa hazırlıq zamanı çalışmışıq ki, bütün bunları nəzərə alaq. Qaçışda qalib gələn komandanın üzvləri müxtəlif hədiyyələrlə qiymətləndiriləcəklər."
Yarış bitdikdən sonra qalib gələn şəxsi heyətlə söhbət etmək imkanı qazandıq. İlk həmsöhbətimiz əsgər Dəyanət Ağayevdir.
-  Hərbi xidmətə başladığım andan komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq, - deyə əsgər D.Ağayev bildirdi. - Asudə vaxtımız səmərəli və maraqlı keçir. Müxtəlif növ yarışlar keçirilir. Yarışlar zamanı bir birimizlə rəqabət aparmağımıza baxmayaraq, yarışdan sonra yoldaşlarımızın qələbəsinə sevinirik. Bu cür yarışlar bizi daha da yaxınlaşdırır, bir yumruq kimi birləşdirir. Döyüş meydanında bu vacib amillərdən biridir. Bununla yanaşı, hərbi biliklərimizin də artırılmasına xüsusi diqqət yetirilir. Bunun üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb.
"Qalib komandanın üzvü olmağımla qürur duyuram. Hər birimiz əlimizdən gələni edirdik ki, qalib olaq. Ancaq uduzsaq da, üzülmüyəcəkdim. Çünki bizim üçün yarışda qalib olmaq yox, iştirak etmək vacib idi. Tərxis olmağıma az vaxt qalıb. Xidmət günlərim heç vaxt yadımdan çıxmayacaq. Xidmətim dövründə hərbi biliklərimi və vərdişlərimi artırdım. Bunda komandirlərimin köməyi böyükdür. Çox istərdim ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mənim də payım olsun. Tərxis olsam da, hər zaman yenidən ordu sıralarına qayıtmağa hazıram", - əsgər Xaliq Məhərli dedi.
Əsgərlər Elvin Abbaslı, Rəşad Abbasov, Xəyyam Həsənov, Hikmət Pənahov, Cavid Cavadov və Akif İsmayılov xidmətlərinin səmərəliliyindən, hərbi hissədə yaradılan sosial-məişət şəraitindən danışdılar. Hər zaman Vətənimizin dilbər güşələrini düşməndən azad etməyə hazır olduqlarını bildirdilər.

Ruslan HƏSƏNZADƏ,"Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR