Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2019 10:34

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin ildönümü qeyd olundu

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin yaranmasından 26 il ötür. Bu zaman kəsiyində Mərkəz tərəfindən çox böyük işlər görülüb, böyük işlərin altından böyük insanların imzası atılıb. Mərkəz yarandığı gündən etibarən hər zaman cəmiyyətdə və ordu həyatında ictimai rəyi formalaşdıran əsas vasitələrdən biri olub. Bu baxımdan milli-mənəvi dəyərlərin təbliğində Mərkəzin rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi özünəməxsus fəaliyyət yolu keçib. Şərəfli, zəhmət və əziyyətlə dolu bir yol.
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin yaradılmasının 26-cı ildönümündə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin müdafiə qüdrəti möhkəmlənib, Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəlib və şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artıb. "Bu gün Azərbaycanda ordu quruculuğu, ordunun müasir standartlar səviyyəsində inkişaf etməsi və orduda milli-mənəvi dəyərlərin qorunması dövlətin prioritet siyasətinə çevrilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında milli-mənəvi dəyərlərin təbliği və aşılanması işinin əsas yükü Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin üzərinə düşüb. Üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələn Mərkəz və onun kollektivi Vətənə olan sevgisindən güc alaraq Azərbaycan Ordusunu, dövlətimizin ordu quruculuğu prosesini, onun tarixini kadrlarda əbədiləşdirməkdədi. Azərbaycan vətəndaşı, Azərbaycan Ordusu, Azərbaycan Ordusunun hərbi qulluqçuları, ən əsası isə Azərbaycan xalqı naminə görülən vacib işinizdə sizlərə uğurlar arzulayıram".
İdarə rəisi Azərbaycan Ordusunda keçirilən son genişmiqyaslı əməliyyat-taktiki təliminə də toxundu və kollektivin bu təlimdə fəaliyyətini yüksək qiymətləndirdi. "Təlim zamanı kollektivin fəaliyyətinin təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilməsi, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra etməsi açıq-aydın hiss olundu. Fəaliyyətiniz Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Hesab edirəm ki, bu qurumun əsas məqsədi hərbi strategiyanın müəyyənləşdirilməsinə, cəmiyyətimizin, ordumuzun, tariximizin ən önəmli hissələrindən bəhs edən, gənclərdə yüksək vətənpərvərlik hissləri tərbiyə edən əsərlər yaradılmasına köməklik göstərməkdir və Mərkəz bu istiqamətdə kifayət qədər uğurlu fəaliyyət göstərir və bundan sonra da göstərəcəkdir".
Görüşdə şəxsi heyətə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin təbriki çatdırıldı. Təbrikdə deyilirdi: "Döyüş və mənəvi-psixoloji hazırlıqda əldə edilən yüksək nailiyyətlərin təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində, döyüş ruhunun yüksəldilməsində, Azərbaycan Ordusunun təbliğində və ictimaiyyət arasında nüfuzunun artırılması məqsədilə silsilə çəkilişlərin hazırlanmasında, ordumuzun fəaliyyətinin obyektiv işıqlandırılmasında və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin kollektivinin layiqli töhfəsi vardır.
İnanıram ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, ordu həyatının operativ işıqlandırılmasında səylərinizi artıracaqsınız".
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin rəisi polkovnik-leytenant Samir Əfəndiyev öz adından, eyni zamanda, kollektivin adından Müdafiə Nazirliyinin rəhbərliyinə və gələn qonaqlara təşəkkürünü bildirdi. Zabit onu da qeyd etdi ki, Mərkəz bu günə kimi özünün həm texniki, həm də intellektual-yaradıcı potensialı baxımından üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışıb və bundan sonra da şəxsi heyət gücünü, istedadını, bilik və bacarığını əsirgəməyərək Azərbaycan dövləti və onun ordusu naminə layiqincə gəlməyə çalışacaq.
Sonda Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin döyüş hazırlığında və nizam-intizamda  fərqlənən bir qrup hərbi və mülki qulluqçusuna fəxri fərman və çavuş hərbi rütbələri təqdim olundu.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"