Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 09:33

“Şəxsi heyətimizin vətənpərvərlik ruhu yüksəkdir”

Bu gün ordu rəhbərliyinin tələblərindən biri də şəxsi heyətin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Leytenant Nurlan Əliyev söhbət zamanı dediklərimizin təsdiqi olaraq bildirdi ki, ordunun qarşısında duran yükü nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşılmalıdır. “Şəxsi heyətimizin vətənpərvərlik ruhunun yüksək olması hər mənada ordu və dövlət üçün gərəklidir. Vətənpərvərlik hisslərinin əsgərlərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Bu məqsədlə həftədə iki dəfə tədris edilən ictimai-siyasi hazırlıq dərsləri əsgərlərin hərbi vətənpərvərlik, dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşmasında mühüm rol oynayır. İctimai-siyasi hazırlıq dərslərində dövlət rəmzlərimiz, işğal olunmuş rayonlarımız, tarixi keçmişimizlə bağlı bir çox mövzular öz əksini tapır. Plana əsasən şərh və söhbət üslubunda davamlı olaraq keçirilən dərslərə elə mövzular salınır ki, hamısı bir-birindən maraqlı və əhəmiyyətlidir.”
Əsgər Oruc Bayramov bildirdi ki, torpaqlarımızı işğaldan azad etməklə Vətənimizin qarşısında borcumuzu müəyyən mənada ödəyə bilərik. "Hər birimiz torpağımızı, Vətənimizi sevməyə borcluyuq. Vətəni sevmək böyük əxlaqi keyfiyyətdir. Hərbi xidmətə bu sevgi ilə gəlirik, bu sevgi ilə öyrədilirik, öyrənirik ki, nəticədə Vətənimiz Azərbaycana yararlı olaq, torpaqlarımızı azad edək, xalqımızın intizarına son qoyaq. İntizara son qoymaq üçün bizlər buradayıq, gördüyünüz ictimai-siyasi hazırlıq dərsi ilə məşğul oluruq. Tədris prosesində əldə etdiyimiz nailiyyət isə Vətən sevgisindən qaynaqlanır".
"Bu gün mən fəxr edirəm ki, Ulu Öndər tərəfindən yenidən qurulan, formalaşdırılan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən bir ordunun əsgəriyəm", - deyə əsgər Məhərrəm Hüseynov söhbətə başladı. - Aprel döyüşləri ordumuzun gücünün bariz nümunəsidi. Düşmən anladı ki, Azərbaycanın ən müasir silah-sursatla təmin olunmuş çox güclü ordusu və peşəkar hərbçiləri var. Bu ordu  işğal altında olan əraziləri təmizləməyə qadirdir.
Əsgərlər Ceyhun Tahirov, Sənan Məmmədov, Fərid Novruzov, Xanalı Xankişizadə və Hilal Əhmədov əminliklə bildirdilər ki, ictimai-siyasi hazırlıqdan tutmuş döyüş hazırlığına qədər bütün hazırlıqları sevinclə, qürurla həyata keçirirlər. Yaxşı bilirlər ki, qarşılarında çox böyük vəzifələr durur və onların hər biri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını və digər müvəqqəti işğal altında olan torpaqlarımızı azad etməyə hazırdılar.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"