Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 09:31

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

"N" hərbi hissəsinin mövqeyindəyik. Zabit Araz Vəliyevlə bölmənin döyüş hazırlığından, nizam-intizamından, mənəvi-psixoloji durumundan danışdıq. Zabit xidmətin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Bölmənin ərazisi, şəraiti ilə tanışlığım, şəxsi heyətin nizam-intizamı, yüksək döyüş ruhunda olması zabitin dediklərini təsdiqləyir. Leytenant A.Vəliyev bir hərbçidən söz açdı. Onun kim olduğunu soruşdum.
- Gizir Afərin Xeybərzadə xidmətə gəldiyi ilk gündən məsuliyyəti, nizam-intizamı, vətənpərvərliyi, qorxmazlığı və bir çox müsbət mənəvi-əxlaqi keyfiyyətləri ilə komandirlərinin və yoldaşlarının rəğbətini qazanıb. Hər zaman nümunəvi xidməti ilə seçilir. Hərb peşəsinə ehtiramı var, işini sevir və ona məsuliyyətlə yanaşır. Həm xidməti, həm də özü şəxsi nümunədir. Hazırda döyüş növbəsinə gedəcək heyətə təlimat keçir.
Gizir tapşırıqları təmkinlə, səbrlə, həvəslə izah edirdi. Təlimat başa çatırdı, şəxsi heyət döyüş növbəsini təhvil alırdı.
Gizir A.Xeybərzadə ilə əsgərlərin döyüş növbətçiliyində inamla dayandığından danışdıq. O, burada görülən mühəndis-istehkam işlərindən, düşmən basqınının qarşısının alınması üçün hər cür müdafiə vasitələrinin olmasından danışdı. “Hərb peşəsini seçməyin necə oldu?”, - deyə soruşdum. Öyrəndim ki, gizir  A.Xeybərzadə Aprel döyüşlərində erməni ordusunun onlarla canlı qüvvəsini və texnikasını məhv edərək qəhrəmancasına şəhid olan gizir Pəncəli Teymurovun dayısı oğludu. Hərb peşəsini seçmək istəyində də məhz Pəncəlinin təsiri olub.
"O, bütün qohumlarının, yaxınlarının, dostlarının sevimlisi idi. Artıq bütün Azərbaycan xalqının xatirəsinə əbədi həkk olunan bir qəhrəmandı. Onunla hər zaman fəxr edirəm. Mən uşaqlıqdan Pəncəlini özümə nümunə bilmişəm. Onun Vətən sevgisinə, mərdliyinə, cəsarətinə həsəd aparmışam. "Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə arzu etmişəm ki, Vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının  üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin", - Pəncəli belə deyərdi. "Pəncəli əbədiyyətə qovuşdu. Aprel döyüşlərində onun kimi yüzlərlə igid oğullarımızın göstərdiyi qəhrəmanlıq hərbçi olmaq istəyimi daha da artırdı. Pəncəli kimi gizir olub, torpaqlarımızın keşiyində durmağı, düşmənlərdən qisas alaraq, növbəti qələbələri qazananların sırasında olmağı özümə mənəvi borc bildim. Sənədlərimi gizir hazırlığı kursuna verdim. İmtahanlardan müvəffəqiyyətlə keçərək arzuma çatdım. İki ildən artıqdır xidmətdəyəm. Geydiyim formadan, yerinə yetirdiyim vəzifədən qürur duyuram. Ən böyük arzum odur ki, Ali Baş Komandanımız əmr versin,  həlledici döyüşlərə atılaq, torpaqlarımızı işğaldan azad edək, Laçın yaylağından, Cıdır düzündən dərilmiş gülləri Pəncəlinin məzarına düzüm."
Gözəl arzudur. Bu arzu həm də xalqın arzusudur.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"