Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 09:29

Hazırlıqlı hərbçi döyüşdə qalib gəlir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində minaatan batareyasının atəş hazırlığı dərsini izlədik. Gördüklərimizdən belə nəticəyə gəlmək olur ki, hərbi hissəsinin komandanlığı şəxsi heyətin döyüş vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayırır.
Əsas istiqamətə oriyentirləşmiş maşının vizirinə (bussola) görə paralel yelpik qurmaq üçün leytenant Fuad Ələkbərov növbə ilə viziri hər bir topun panoramına tuşlayaraq bucaqölçən halqası və barabanından göstəriciləri oxuyur və komanda verirdi. Top komandirləri batareyanın baş zabitinin komandasını təkrar edirdilər. Tuşlayıcılar komandada göstərilən bucaqölçəni təkrar edib panoramada qurur, panoramın xaçını (xətlərinin kəsişməsini) vizirə tuşlayırdılar. Hazır olduqları haqqında məlumat verərək, sərbəst şəkildə tuşlama nöqtələrinə qeyd götürürdülər. Tuşlama bitdikdən sonra top komandirləri komandanın yerinə yetirməsini yoxlayırdılar.
Məşğələni izləyəndə şəxsi heyətin nə qədər bilikli və bacarıqlı olduğu dərslərdə fəal iştirak etmələrindən aydın görünürdü. Dərs bitdikdən sonra leytenant Fuad Ələkbərov hazırlıqlı hərbi qulluqçunun döyüşdə qalib gəldiyini bildirərək dedi: "Tabeliyimizdə xidmət edən şəxsi heyətin həm mənəvi-psixoloji, həm döyüş, həm də fiziki hazırlıq səviyyəsi yüksəkdir. Üzərimizə məsuliyyətli, bir o qədər də müqəddəs vəzifə düşür. Aprel döyüşlərində və Günnüt zəfərində ordumuz nəyə qadir olduğunu təsdiqlədi. Düşmən hücumunun qarşısını alaraq, torpaqlarımızın bir qismini işğaldan azad etdik. İşğalda olan digər torpaqlarımızı azad edəcəyimiz Böyük Qələbə uğrunda gedəcək döyüşə də hazırıq."
- Hərbi xidmətə başladığım andan mən də komandirlərimin diqqət və qayğısı ilə əhatə olunmuşam, - deyə əsgər İlkin İzzətli söhbətə başladı. - Onlar daima hərbi biliklərimizin və vərdişlərimizin artırılmasında köməklik göstərirlər. Məşğələdən sonra da mövzu ilə bağlı yaranan suallarımızı cavablandırırlar. Asudə vaxtlarımızda Aprel döyüşlərində ordumuzun əldə etdiyi nailiyyətlərdən danışırlar, ordumuzun gələcək döyüşlərdə də qalib gələcəyini deyirlər. Bunun üçün döyüşə daim hazır olmalı, keçirilən məşğələləri dərindən mənimsəməliyik. Əminik ki, tez bir zamanda ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əsgərlər İntizam Muradov, Orxan Vəliyev, Laçın Heydərov və digərləri bildirdilər ki, Azərbaycan əsgərinin arzusu Ali Baş Komandanın əmriylə döyüşmək, qələbə qazanmaqdır. Əsgərlərin hər biri istəyir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərin iştirakçısı olsun. Ordu sıralarında xidmət edən savadlı və bacarıqlı komandirlər tabeliyində olan şəxsi heyəti Qələbəyə ruhlandırır. Həmin günün intizarındayıq...

Ruslan HƏSƏNZADƏ,  "Azərbaycan Ordusu"