Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 09:24

“Döyüş əmrinə hər an hazırıq”

Yaz fəslidir. Yol boyu mənzərə göz oxşayır. Günəşin şüaları səxavətlə yer üzərinə səpələnib. Gözəl bir hava hiss olunmaqdadır. Yazın torpağa çəkdiyi əlvanlıq ürəkləri tərpədir. Təpələr rəngbərəng örtüklərə bürünüb. Bahar çiçəkləri cığırların yan-yörəsini bəzəyir. Ağacların tumurcuqları çiçəkləməkdədi. Havada yarpaq qoxusu, torpaq təravəti duyulur.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Səngərlərə gedirik. Hərbi hissənin zabiti Ruslan Novruzov şəxsi heyətin mənəvi-psixoloji durumunun, döyüş, fiziki, atəş hazırlıqlarının  yüksək səviyyədə olduğunu bildirir. "Döyüş hazırlığı planına uyğun olaraq, əsgərlərimiz təlim-məşq keçir, təcrübə və səriştələrini artırırlar. Həm sinif, həm də çöl şəraitində dərs keçmək üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb. Təcrübəli zabitlərimiz tədris imkanlarından bəhrələnərək şəxsi heyətə hərbi bilik və vərdişlər aşılayırlar. Dərs və məşğələlər səmərəli keçir. Buna görə də şəxsi heyətin döyüş hazırlığı gündən-günə artır.  
Səngərlərə çatmışıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Loğman Ağcayev zabit Ruslan Novruzova heç bir hadisənin baş vermədiyi, döyüş növbətçiliyinin düzgün təşkil olunduğu, düşmənin bütün fəaliyyətinin nəzarət altında saxlanıldığı barədə raport verir.
Kiçik çavuş Loğman Ağcayev deyir ki, dayım İlham Rüstəmov birinci Qarabağ müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Atam Elşən könüllülər dəstəsində döyüşlərdə iştirak edib. Loğman onu da bildirir ki, əsgərlərimiz həmişə üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirmək məqsədi ilə bütün bilik və bacarıqlarından yetərincə bəhrələnməyə çalışırlar. "Əsgərlərimiz təlim-məşqlərdə də fəal iştirak edir, vərdişlərini təkmilləşdirir, döyüş qabiliyyətlərini artırırlar. Düşmən təxribatlarının və hücumlarının qarşısını alaraq, onlara layiqli cavab verirlər. Hər bir Azərbaycan əsgəri düşmən üzərində qələbə qazanmaq əzmiylə xidmət edir. Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik".
Əsgər Elvin Əlizadə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur:
- Mən fəxr edirəm ki, bu gün cəbhə bölgəsində ön xətdə xidmət edirəm. Bu, əsl mərdlik, qəhrəmanlıq yoludur. Vətənini sevən hər kəs bu şərəfli yolu keçməlidir. Biz güclüyük. O gücü bizə verən Vətəndi, xalqımızın, millətimizin yolunu həsrətlə gözləyən işğal altında olan torpaqlarımızdı. Torpaqlarımızı işğaldan azad edəcəyimiz günə az qalıb.
Əsgər Elşən Abbasov deyir:
- Burada keçirdiyim günlər heç vaxt yaddaşımdan silinməyəcək. Hərbi and qəbul etdiyim gün, ilk dəfə döyüş növbətçisi çıxdığım gün, özümə dost qazandığım gün, düşmən hücumlarının qarşısını aldığımız gün, səngərdə və yaxud növbədə olduğumuz zaman qarşıladığımız bayramlar və digər günlər yaddaşımda silinməz iz buraxıb. Düzdür, səngərdə xidmət etmək çətindir. Bu çətinliklərin sayəsində gələcək həyatımızda daha inamlı, qürurlu, güclü oluruq. Tezliklə Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik".
- Bir əsgər kimi xidmət etməyi, torpaqlarımızın keşiyində dayanmağı özümə müqəddəs borc bilirəm, - əsgər Əmrah Şahbazov deyir. - Hərbi xidmətə başladığım ilk gündən çalışmışam ki, verilən əmr və tapşırıqları sözsüz və vaxtında yerinə yetirim. Yaxşı əsgər olmaq üçün komandirlərin etimadını qazanmaq lazımdır. İnanıram ki, buna nail ola bilmişəm. Komandirlərimizin sayəsində hər birimizin döyüş, atəş və fiziki hazırlığı yüksəkdir.
Əsgər Vasif Əliyev bildirir:
- Hələ kiçik yaşlarımdan hərbi forma geyinib Vətənə əsgər olmağın arzusundaydım. Aylar, illər arxada qaldı. Bu gün əsgərəm. Xidmətə böyük həvəslə başlamışam. Hər bir məşğələdə fəal iştirak etməyə çalışmışam. Qısa müddət ərzində mən də müəyyən qədər hərbi bilik və vərdişlərə yiyələnmişəm. Hərbi anda həmişə sadiq qalacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacağam. Arzu edirəm ki, tez bir zamanda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mən də iştirak edim.
Əsgər Səbuhi Məmmədov ön xətdə döyüş növbətçiliyinin aparılmasının sirlərini mükəmməl öyrəndiyini, düşmənlə üz-üzə xidmət etməkdən qürur duyduğunu deyir.
İnanırıq ki, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadir olan əsgərlərimiz verilən bütün vəzifələrin öhdəsindən inamla gələcəklər.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR