Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2019 09:07

“Vətənə sədaqətlə xidmət etmək ən müqəddəs borcumuzdur”

Nümunəvi xidmətlərinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunan hərbi qulluqçularla həmsöhbət olub, onların düşüncələrini qələmə almaq üçün "N" hərbi hissəsinə üz tuturuq. Görüşümüz məhz təlim nöqtəsində baş tutur. Şəxsi heyət plana uyğun olaraq döyüş hazırlığından praktiki dərs keçirdi. Dərsin mərhələlərini hər biri bacarıqla yerinə yetirirdi. Döyüş hazırlıqlarının yüksək səviyyədə olduğu hər hərəkətlərindən bəlli olurdu. İzlədiyimiz dərs prosesi, şəxsi heyətin fiziki, mənəvi-psixoloji, taktiki və döyüş hazırlıqlarının yüksək olduğundan xəbər verirdi. Dərs prosesi başa çatır, Müdafiə naziri tərəfindən mükafat almağın sevincini yaşayan igidləri yaxından tanıyır, düşüncələrini öyrənirik.
Gənc zabit Akif Abdullayev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunudur. Zabit belə görüşlərin bölmənin hər bir şəxsi heyəti üçün böyük dəyəri olduğunu bildirdi. Onun şəhid əmisinin adını daşıdığını öyrənirik. Həmkarım, əmisi, polis serjantı Abdullayev Akif İsgəndər oğlunun 1991-ci ildə Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirdi. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən əmisinin adına layiqli zabit olacağına söz verən leytenant "Vətənə sədaqətlə xidmət etmək ən müqəddəs borcumuzdur" dedi. Sözünə davam edən zabit bu görüşün sevincli və unudulmaz olduğunu vurğuladı. 
- Müdafiə nazirimiz başda olmaqla rəhbər heyətin bizimlə görüşməsi, döyüş hazırlığımızı yüksək qiymətləndirməsi, hədiyyələr təqdim etməsi, sosial-məişət şəraitimiz ilə maraqlanması bizi çox sevindirdi. Bu görüşlər hər birimizin döyüş, mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir. Seçdiyim şərəfli yolun hələ astanasındayam. Qarşımda uzun illər, üzərimə düşən mühüm vəzifələr var. Bu şərəfli yolun başlanğıcında cənab nazirimiz tərəfindən qiymətləndirilmək, göstərilən etimada layiqli xidmət etdiyini bilmək böyük sevincdir. Bu məqamı hər zaman sevinclə xatırlayacaq, bu ehtimadı doğrultmaq üçün xidmətimi daha da uğurlu təşkil edəcəyəm. İstər Hərbi liseydə, istərsə də Ali Hərbi Məktəbdə bizi bacarıqlı hərbçilər kimi hazırlayan müəllimlərimə minnətdarlığımı bildirirəm. Həm də ona görə sevinirəm ki, onların əziyyəti boşuna getməyib. Qəzetinizin nümunəvi xidmət rubrikasında mənim şəklimi gördükdə inanıram ki, onlar da mənim qədər sevinəcəklər. Bu uğurumu və xidmətim boyu qazanacağım bütün uğurlarımı adını daşıdığım şəhid əmimə həsr edirəm. Tezliklə ona və onun kimi şəhid olan bütün həmvətənlərimizə Böyük Qələbəni həsr edəcəyik.
Vətəninə və dövlətinə ürəkdən bağlı olan, xidməti vəzifələrinin öhdəsindən uğurla gələn daha bir igid sevincini bölüşdü. Gizir Sənan Süleymanov da həmin günün qürurunu yaşayanlardandı. Aprel döyüşlərinin də iştirakçısı olan Sənan, nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və təşəkkür aldığını bildirdi.
- Cənab nazirimizin və rəhbər heyətin bizimlə görüşə gəlib xidmətimizlə, şəraitimizlə maraqlanması bizim üçün ən böyük hədiyyədir. Dövlətimiz tərəfindən orduya, hərbçilərə olan yüksək qayğını onsuz da hər gün hiss edirik. Müasir şəraitimiz, yüksək təminatımız da bunun bariz nümunəsidir. Belə yüksək qayğının qarşılığında layiqli xidmət etmək hər birimizin mənəvi borcudur. Biz təlim zamanı nümayiş etdirdik ki, döyüş qabiliyyətimiz yüksəkdir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə qadirik. Qətiyyətlə deyirik ki, müharibə yolu ilə torpaqlarımızı azad etməyə hər an hazırıq. Ali Baş Komandanımız əmr verərsə, biz zəfər bayramını xalqımıza hədiyyə edərik. Elə ən böyük arzum da odur ki, Böyük Qələbənin iştirakçısı kimi təltif olunum və sizə Qələbə müsahibəsi verim.
Digər silahdaşları kimi Müdafiə naziri tərəfindən təltif olunmağın qürurunu yaşayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elçin Aslanov da fikirlərini bölüşdü. Həmin günün hərbi xidmətdə ən yaddaqalan gün kimi yaddaşına əbədi həkk olunduğunu bildirdi.
- Bu haqda danışmaq, hansı hissləri keçirdiyini dilə gətirmək çox çətindi. Sevərək seçdiyin və ürəkdən bağlı olduğun bir işdə qiymətləndirilmək, "sağol" almaq hər kəs üçün əvəzolunmaz hissdir. Onu sadəcə yaşamaq, hiss etmək lazımdır. Müdafiə nazirimiz əlimi sıxıb hədiyyəni təqdim edəndə sevincdən və həyəcandan ürəyim dağa dönmüşdü. Qəlbim qanadlanıb uçacaq kimiydi. Komandirlərimin fərəhli baxışlarını üzərimdə hiss edirdim, bu məqamı bütün sevdiklərimin görüb mənimlə qürur duymasını istəyirdim. Sağolsun rəhbər heyəti ki, xidmətimizi belə yüksək qiymətləndirirlər. Düşünürəm ki, bu hadisə təkcə bizə yox, bütün silahdaşlarımıza ruh yüksəkliyi aşılayır, stimul olur. Şərt deyil ki, hədiyyə alasan, elə rəhbər heyətin sıx-sıx bizimlə görüşə gəlməsi, şəraitimizlə maraqlanması bizə göstərilən yüksək etimaddır. Bunun qarşılığında hər birimiz daha da əzmkar xidmət edir, Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq.

Ceyhun CƏFƏRLİ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"