Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2019 10:29

“Yaxşı dost arzulayan yaxşı dost olmalıdır”

Gürcü şairi Karlo Kaladzenin misrasıdı...
İnsanın həyatda qazandığı ən böyük nailiyyətlərindən biri dostluqdur. Dostluq  mehribanlığın, səmimiyyətin sarsılmaz bağıdır. Təsadüfi deyil ki, dostluq qırılmaz zəncirlə müqayisə edilir. Hərbi xidmət dövründə yaranan dostluqlar isə daha möhkəm və uzunmüddətli olur. "N" hərbi hissəsində xidmət edən əsgər Qorxmaz Umudovla əsgər Kərim Heydərovun dostluğu sübut edir ki, bu gün əsgərlərimizin arasındakı hörmət, qardaşlıq bağları çox güclüdür. Əslində bu dostluq münasibətinin əsasında adət-ənənəyə hörmət, elinə-obasına bağlılıq, əqidə, məfkurə birliyi, Vətən sevgisi dayanır. Belə dostluqlar hər zaman möhkəm, qırılmaz və sarsılmaz olur.
"Dostluq nədir?" sualına cavab olaraq əsgər Qorxmaz Umudov bildirdi ki, dostluq fədakarlıqdır. "Valideynlərim həmişə mənə dünyanın ən böyük yatırımının dost olduğunu deyirdilər. Əvvəllər onların dedikləri fikrin fərqinə varmasam da, böyüdükcə nə qədər haqlı olduqlarını anladım. Bu gün mənim çoxlu dostlarım var. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Həmişə dostlarımı və aramızda olan dostluğu qorumağa çalışıram. Məni hərbi xidmətə yola salanda dedilər ki, tezliklə onlar da Vətənimizi qoruyan igidlərimizin sıralarına daxil olacaqlar. Burada mən özümə Kərim kimi mərd, qorxmaz, Vətənini canından çox sevən dost qazandım. O, ilk gündən hərbi vərdişlərə yiyələnməkdə mənə köməklik göstərir. Asudə vaxtlarında məşğələlərdə öyrəndiklərimizi təkrarlayır, müxtəlif məsələləri müzakirə edirik. Çox vaxt dostumla döyüş növbətçiliyini birgə aparırıq. Bu, məni daha da ruhlandırır."
- Uşaq bağçasından başlayaraq bir çox insanlarla ünsiyyətdə oluruq, - deyə əsgər Kərim Heydərov söhbətə başladı. - Ancaq onların hamısına dost demək olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Uşaq bağçasından, məktəbdən yalnız bir neçə həqiqi dost qazanmaq olur. Onlar hər zaman yanında olur, səni çətin vəziyyətdə tək qoymurlar. Kimlər  həyatımıza  gəlsə də,  dostlarımızın  yeri heç  vaxt dəyişməyərək  qalır. Mənim  üçün  illər  keçsə də,  belə  qalacaq. Bəlkə də belə düşündüyüm üçün, illərdir dostluqlarım  davam  edir. Hesab edirəm ki, dostluğa nə qul, nə ağa lazımdır. Dostluq bərabərliyi sevir. Əsgərlik dostluğu isə ömürlük olur. Düşmənlə üzbəüz dayananda Vətən sevgisinə, dövlətçiliyimizə, dövlətimizə, bir də dostlarına güvənirsən. Mənim Qorxmaza güvənim sonsuzdur. Səngərdə hər an onunla birgə Ali Baş Komandanın "İrəli" əmri ilə düşməni işğal altındakı torpaqlarımızdan qovub çıxarmağın arzusu ilə yaşayırıq. Torpaqlarımızın harayına yetişməliyik. Hər günə döyüşə gedirik kimi hazırlaşırıq. İnanıram ki, Qorxmaz Umudovla çiyin-çiyinə döyüşə gedəcəyim gün uzaqda deyil. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunan torpaqlarımızı azad edəcəyik."
Əsgərlərimizin arasında bu cür səmimi, mehriban  və dostluq, qardaşlıq münasibətlərini görmək bizi çox sevindirdi. Vətən sevgisi onları bir-birlərinə daha möhkəm bağla birləşdirib. Bu igid dostların sədalarının Şuşadan, Laçından, Zəngilandan...  gəlməsini arzulayırıq.

Ruslan HƏSƏNZADƏ,"Azərbaycan Ordusu"