Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2019 10:27

Taqım, farağat!

"Taqım, farağat! Yoldaş əsgərlər bugünkü məşğələmizin mövzusu - rəisə yaxınlaşmadır. Hərbi qulluqçu çağırış ilə rəisə yaxınlaşarkən iki-üç addım qalmış dayanır, ayağını saxlamaqla eyni vaxtda sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırır və məruzə edir. Məsələn: "Cənab kapitan, əsgər İsmayılov əmrinizlə gəldi". Əsgər məruzə başa çatdıqdan sonra əlini aşağı salır. Hərbi qulluqçuya rəis tapşırıq verdikdən sonra isə, sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdıraraq "Oldu" cavabı verir, hərəkət istiqamətində dönür, birinci sol ayağını yerə qoymaqla əlini aşağı salır və hərəkəti səfər addımları və yaxud qaçaraq davam etdirir", - deyə  əsgərlərimizə sıra hazırlığının sirlərini öyrədən zabitin gözlərindən peşəsinin vurğunu olduğu sezilirdi.
Şəxsi heyət ilkin mərhələdə bəzi səhvlərə yol versələr də, taqım komandiri usanmadan onlara hərəkətləri yenidən göstərərək başa salır. Nəhayət, məşğələnin yekununda komandir istəyinə nail olur. Əsgərlər bir nəfər kimi bütün əmrləri dəqiq və cəld yerinə yetirirlər. Məşğələ bitdikdən sonra şəxsi heyətlə söhbət etmək üçün fürsət yaranır.
Kapitan Kənan Nəsirov ordumuza layiqli komandir olmaq onun uşaqlıq arzusu olduğunu bildirdi. "Hərbçi olmaq uşaq vaxtlarımdan qarşıma qoyduğum məqsəddir. Qərarımı valideynlərimə bildirəndə mənimlə fəxr etdiklərini və bu yolda sonadək məni dəstəklədiklərini bildirdilər. Gənc yaşlarımdan hərbi mundiri daşıyan zabit kimi əminliklə deyə bilərəm ki, nizam-intizam sıradan başlayır. İntizamlı ordunun döyüş ruhu da yüksək səviyyədə olur. Ordumuzun nizam-intizamı, döyüş qabiliyyəti və ruh yüksəkliyi Aprel döyüşlərində özünü sübut etdi.
Aprel döyüşlərində xidmət etdiyim bölmə Lələtəpə istiqamətində döyüşürdü. Qeyd edim ki, tabeliyimdə olanlar yalnız irəli getmək istəyir, düşməni törətdiklərinə görə peşman etmək arzusundaydılar. Unutmaq olmaz ki, belə hazırlığın arxasında keçirilən məşğələlər dayanır. Bu gün biz təhsil müddətində və praktikada mənimsədiklərimizi əsgərlərimizə öyrədirik. Gördüyünüz kimi, onlar da dərslərə məsuliyyətlə yanaşır, öyrədilənləri dərindən mənimsəməyə çalışırlar."
- Hərbçi olmaq, Vətənin keşiyində dayanmaq nə qədər çətin və məsuliyyətli vəzifə olduğunu uşaq vaxtlarımdan bilirəm. Atam Qarabağ müharibəsi veteranıdır. O, mənə müharibənin ağrılı-acılı illərindən, Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərən igidlərimizin şücaətindən danışardı. Hərbi xidmətə yola salanda komandirlərimizin əmrlərini sözsüz, dəqiq və vaxtında yerinə yetirməyi tapşırdı. Əsgəri xidmətə başladığımız gündən komandirlərimiz bizə hər an döyüşə hazır, düşmənə qarşı qətiyyətli və prinsipial olmağı öyrədirlər. Bunun üçün peşəkarlığımızı daim artırmalıyıq. Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırıq, - bu sözləri əsgər Orxan Ağayev dedi.
Əsgər Amil İbrahimov keçirilən məşğələlərdən və asudə vaxtlarından səmərəli istifadə etdiklərini bildirdi. "Hamımız üzərimizə düşən vəzifənin məsuliyyətini başa düşürük. Müxtəlif ədəbiyyatlardan istifadə edərək hərbi biliklərimizi artırırıq. Komandirlərimiz də bu yolda köməkliklərini əsirgəmirlər. Onlar döyüş meydanında düşmənə qarşı amansız olmağı, Xocalıda törədilən vəhşiliklərin qisasını almağı öyrədirlər. Bu gün xalqımızın əsgərinə etimadı böyükdür, biz də bunu doğrultmalıyıq. Bunun üçün isə öz üzərimizdə işləməli, peşəkarlığımızı artırmalıyıq ki, döyüş əmri verildikdə ərazi bütövlüyümüzü bərpa edək".
Əsgərlərimiz Anar Möyləyev, Nicat İsmayılov, Rasim Məmmədov və digərləri ilə söhbət etdikcə onların nə qədər Vətənimizin vurğunu olduqlarını gözlərindən görməmək mümkün deyildi. Biz də əsgərlərimizə bu müqəddəs yolda uğurlar arzulayaraq, onlarla Böyük Qələbə günü görüşmək ümidilə sağollaşırıq.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"