Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 09:39

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirildi.
Mayın 13-dən 18-dək davam edən yarışlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və təlim mərkəzlərindən birinin bazasında təşkil olunmuşdu. Birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının cəlb olunduğu yarışlarda 14 komandanın tərkibində 84 idmançı iştirak edirdi. İdmançılar maneələr zolağını dəfetmə, maneələrlə üzmə, qumbaraatma, atış, 8 kilometr məsafəyə kross qaçışı mərhələləri üzrə güclərini sınadılar. Birincilik "Azərbaycan Respublikası Silahlı Qüvvələrində idman və hərbi-idman yarışlarının təşkili, keçirilməsi və yarış qaydaları"nın tələblərinə uyğun təşkil olunan yarış Müdafiə Nazirliyinin məsul zabitləri tərəfindən idarə edildi.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində rəsmi ritualların yerinə yetirilməsi ilə yarışlar başlandı. Ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Polkovnik Sadiq Paşayev yarışları açıq elan edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd etdi. Bildirdi ki, fiziki hazırlıq hərbi qulluqçuların təlim və döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə döyüş hazırlığının mühüm və ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətlərindən biridir. Belə yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında fiziki keyfiyyətləri inkişaf etdirmək, zəruri səviyyədə saxlamaqdır.
Ümumi olaraq şəxsi heyətə yarış zamanı təhlükəsizlik qaydaları çatdırıldı.
Birincilik maneələr zolağını dəfetmə mərhələsi ilə başladı. 500 metr uzunluğunda və 20 maneədən ibarət olan maneələr zolağını keçmə üsulunu seçməkdə iştirakçı sərbəst idi. Əgər hər hansı bir maneə qaydaya uyğun şəkildə keçilməzdisə, iştirakçı həmin maneəni yenidən dəf etməli idi. Gərgin idman mübarizəsi şəraitində keçən bu mərhələdə əsgər Fəhmin Nəsirov ("Beyləqan") birinci, əsgər Murad İlmanov (HHQ), kursant Mirağa Əliyev (H.Əliyev adına AAHM) üçüncü oldular.
Məktəbin bazasında yenicə istifadəyə verilmiş üzgüçülük hovuzunda maneələrlə üzmə mərhələsi təşkil olundu. Bu mərhələdə iştirakçılar uzunluğu 50 metr olan hovuzda  4 maneəni dəf etməklə sərbəst üsulla üzməli idilər. Startdan çıxış beynəlxalq yarış qaydalarına uyğun formada verildi. Start zamanı səhv olardısa, start dayandırılır, iştirakçıya xəbərdarlıq ediləcəkdi.  Ümumi nəticəyə əsasən, bu mərhələdə baş leytenant Ramazan Balakişiyev (HDQ) ən yüksək nəticə göstərdi. Baş leytenant Rüfət Səfərov (HHQ) ikinci, miçman Vasif Əmənov  (HDQ) üçüncü oldular.
Yarışın ikinci günündə qumbaraatma mərhələsi keçirildi. İdmançılar qumbaranın dəqiqliklə və uzağa atılması üzrə güclərini sınadılar. Qumbaranın dəqiqliyə atılması zamanı iştirakçılar sıra ilə 20, 25, 30 və 35 metr uzaqlıqda olan 4 dairəyə 4 qumbara olmaqla, cəmi 16 qumbara atdılar. 16 qumbaraatmadan əldə olunan xallar cəmləndi. Qumbaranın uzağa atılmasında iştirakçılar 3 ədəd qumbaranı sərhədləri nişanlanmış atış sahəsində mümkün olduğu qədər uzağa atmalı, qumbara nişanlanmış sahəyə düşməli idi. 3 qumbaradan ən uzağa düşənin məsafəsi ölçülür və ona uyğun xal yazılırdı. Hər iki qumbaraatmadan əldə olunan xalların cəminə əsasən miçman Vasif Əmənov  (HDQ) birinci, əsgər Fəhmin Nəsirov ("Beyləqan") ikinci, əsgər Orxan Əbiyev ("Bərdə") üçüncü oldular.
Yarışların üçüncü günündə iştirakçılar atış mərhələsində sərrast atəşaçma bacarıqlarını nümayiş etdirdilər. İdmançılar Beynəlxalq İdman Atıcılığı Federasiyasının müəyyən etdiyi 10 dairəli hədəfə 200 metr məsafədən dəqiq atəş açmalı idilər. Atəş açmaq üsulları yavaş və sürətli tempdə müəyyənləşdirilmişdi. Hər temp üçün iştirakçıya 10 patron verilirdi. Hər iki atışda qazanılan xallar toplanır və yekun nəticə çıxarılırdı. Miçman Vasif Əmənov  (HDQ) daha çox xal toplamaqla birinci oldu. Kiçik çavuş Anar Abbasov ("Beyləqan") ikinci, kursant Sunel Abbasov (TTM) isə üçüncü oldular.
Mübarizənin sonuncu günündə təlim mərkəzində 8 kilometr məsafəyə kross qaçışı keçirildi. Kiçik çavuş Əhliman Gülmalıyev ("Mühəndis") birinci, əsgər Ələkbər Ələkbərov (HHQ) ikinci və kiçik çavuş Pərviz Bəbirov ("Şəmkir") üçüncü oldular.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində yarışların mükafatlandırılma və bağlanış mərasimi keçirildi. Yarışın nəticələri elan olundu. Fərdi mübarizədə ən çox xal toplamış kursant Almaz Misirxanov (H.Əliyev adına AAHM) birinci, çavuş Nurlan Nəzərov ("Bakı") ikinci, kursant Mirağa Əliyev (H.Əliyev adına AAHM) üçüncü oldular. Komanda hesabında "Beyləqan" komandası birinci yeri tutdu. AAHM və "Şəmkir" komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutdular.
Sonda qalib komanda  kubokla, fərqlənən idmançılar fəxri fərman və medallarla mükafatlandırıldılar. Yarışların keçirilməsində yüksək səviyyədə hakimlik etdiyinə görə mayor Fuad Şahgəldiyev və mayor Taleh Eyyubov diplomla təltif olundular. Qaliblərlə xatirə şəkli çəkdirildi.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"