Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 09:38

Tarix haqqında dəyərli tədqiqat

Müstəqillik dövrü Azərbaycan Respublikasının sürətli inkişafının ən bariz göstəricilərindən biri də təşkilatlanması və formalaşmaq Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan Ordusudur. Hazırda müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı dayağına çevrilən bu ordunun şərəfli tarixinin yüzüncü ildönümü keçən il böyük sevinc və qürurla qeyd edildi. Fəxrlə qeyd olunmalıdır ki, müasir Azərbaycan Ordusu yüz illik bir tarixə malikdir və bu tarixin hər bir səhifəsi Vətən övladlarının fədakar xidməti ilə yazılmışdır. Bu şərəfli tarixin öyrənilməsi, üzə çıxarılması tarixçilərimiz qarşısında dayanan məsuliyyətli bir vəzifədir. Bu istiqamətdə sözsüz ki, son illər ərzində müəyyən işlər görülübdür.  Lakin görüləsi işlər də çoxdur və bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-məsləhətçisi, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun son zamanlar işıq üzü görmüş beş cildlik "Azərbaycan Ordusunun tarixi" əsəri Azərbaycan Ordusunun tarixinin elmi-akademik araşdırılması istiqamətində çox sanballı bir araşdırma kimi dəyərləndirilməlidir.
Bu kitab kifayət qədər aktual bir mövzuya həsr edilmişdir. Mövzu yalnız ordu quruculuğu ilə məşğul olanlar üçün deyil, bütünlükdə cəmiyyət üçün maraqlıdır. Çünki müstəqil dövlətin həm ordusunun şəxsi heyəti, həm də bu dövlətin gəncliyi öz qəhrəmanlıq tarixini öyrənməli, bu tarix üzərində formalaşmalıdır. Bu tarix Vətənə məhəbbət, müstəqilliyə sədaqət, dövlətçiliyə bağlılıq tarixidir və onun öyrənilməsi gəncliyimizin mənəvi dünyasının daha da zənginləşməsinə aparan bir yoldur. Bu mənada təqdim olunan kitab qiymətli bir vasitə ola bilər.
Həcmi etibarı ilə bu araşdırma böyük elmi axtarışların və zəhmətin nümunəsi kimi diqqəti cəlb etməkdədir. Ümumi həcmi dörd min səhifəyə yaxın olan bu əsər Azərbaycan Ordusunun yüz illik tarixinin beş dövrünü əhatə edir. Adı çəkilən əsərin birinci cildi Azərbaycan Ordusunun Qafqaz İslam Ordusu dövrü, ikinci cildi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbi nazir Səməd bəy Mehmandarovun rəhbərliyi altındakı təşkilatlanma dövrü, üçüncü cildi 1920-22-ci illəri, dördüncü cildi 1923-1990-cı illəri və nəhayət, beşinci cildi müasir dövrü əhatə edir.
Təqdim olunan kitab Cümhuriyyət dövrünün ordu quruculuğunu əhatəli şəkildə öyrənməyə imkan verən bir kitabdır. Azərbaycan tarixşünaslığında Cümhuriyyət ordusunun tarixi ilk dəfədir ki, belə geniş, əhatəli və elmi şəkildə öyrənilmişdir. Mövzu dəfələrlə aprobasiyadan çıxarılmışdır. Çünki müəllif təxminən 20 ildir ki, Cümhuriyyət ordusunun tarixinin öyrənilməsi ilə məşğul olur. Bunun üçün o, nəinki Azərbaycan arxivlərində, həm də Türkiyə Silahlı Qüvvələrinin arxivlərində saxlanılan Qafqaz İslam Ordusunun sənədlərini araşdırmışdır. Ötən 20 il ərzində müəllifin Cümhuriyyət ordusu mövzusunda 10-a yaxın kitabı çap olunmuşdur və bu kitablarda əldə edilmiş yeni sənədlər və faktlar əsasında daha da təkmilləşdirilmişdir.
Bu kitabın dəyərli tərəflərindən biri də müəllifinin hərbçi olması ilə bağlıdır. Bu da müəllifə imkan vermişdir ki, mövzunun araşdırılmasına hərbi-tarixi baxımdan yanaşsın və apardığı tədqiqatlardan düzgün hərbi-elmi qənaətlər əldə etsin.
"Azərbaycan Ordusunun tarixi. I-II cild" kitabı Azərbaycanda ordu quruculuğu tarixinin Cümhuriyyət dövrünü əhatə edir və bu dövrdə ordu quruculuğunun elə bir əsaslı məsələsi yoxdur ki, adı çəkilən kitabda tədqiq edilməsin.
Cümhuriyyət dövrünün ordu quruculuğu Azərbaycanda nizami ordu quruculuğunun başlanğıcını qoymuşdur və bu ordu quruculuğunun aparılmasına Azərbaycan xalqının şərəfli generallar və zabitlər nəsli cəlb edilmişdi. Cümhuriyyət hökumətinin rəhbərliyi altında məhz bu zabit və generalların sədaqətli xidmətləri, onların Azərbaycanın müstəqilliyinə bağlılığı nəsillərimiz üçün qürur mənbəyi olacaq bir hərbi irs miras qoymuşlar. Bu mirasın əhatəli şəkildə araşdırılması və geniş oxucu kütləsinə çatdırılması sahəsində təqdim olunan kitabın da əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.
Tarix haqqında bu dəyərli tədqiqat əsərinin birinci cildində çar Rusiyası dövründə azərbaycanlılar arasında hərb işinin vəziyyətinə, Birinci Dünya müharibəsi dövründə təşkil edilmiş Tatar atlı alayının, çar Rusiyasının çökməsindən sonra təşkilinə başlanmış Müsəlman korpusunun tarixinə toxunulsa da, başlıca olaraq Qafqaz İslam Ordusunun təşkili və Azərbaycanın bolşevik-daşnaklardan xilas edilməsi sahəsində bu ordunun tarixi fəaliyyəti tədqiqat obyektinə çevrilmişdir. Kitabın ikinci cildi isə 1918-ci ilin noyabrından etibarən general Səməd bəy Mehmandarovun rəhbərliyi altında aparılan ordu quruculuğunun tarixinin araşdırılmasına həsr edilmişdir.
Cümhuriyyətin ordu quruculuğunun hər iki dövrü çox zəngin arxiv materialları əsasında araşdırılmışdır. Türkiyə Silahlı Qüvvələrinin arxivlərində Qafqaz İslam Ordusuna aid olan materialların araşdırılması, habelə Azərbaycan arxivlərində Cümhuriyyət ordusu ilə bağlı saxlanılan arxivlərin əhatəli şəkildə araşdırılması müəllifə maraqlı və əhatəli bir əsər yazmağa imkan vermişdir.
Cümhuriyyət dövrü ordu quruculuğunun öyrənilməsi üçün M.Süleymanovun təqdim olunan kitabı hazırda Azərbaycan tarixşünaslığında müraciət edilə biləcək əsas ədəbiyyatdır. Bu kitabda aparılan tədqiqatın obyektivliyi, əldə edilmiş nəticə və qənaətlərin doğruluğu şübhə doğurmaya bilər. Çünki müəllif bu mövzu ilə uzun illərdir ki, məşğul olur və Azərbaycan tarixşünaslığında Cümhuriyyət ordusunun əsas mütəxəssislərindən biri kimi tanınır. "Azərbaycan Ordusunun tarixi" istər tarixi elmi, istərsə də elmi dəyəri ilə diqqəti çəkir. Azərbaycan tarixşünaslığında başlıca mənbələrdən biri kimi dəyərləndirilməlidir.

Gülsurə HÜSEYNOVA, Hərbi Akademiyanın adyunktu