Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 09:34

“Ən yaxşı zenit-raket artilleriya batareyası”

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir. Ən çətin tapşırıqların uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir, döyüş növbətçiliyi uğurla həyata keçirilir.
Silahlanmada mövcud olan hava hücumundan müdafiə vasitələrinin texniki xüsusiyyətləri alçaq hündürlükdə, qəflətən peyda olan hədəflərin vaxtında aşkar olunmasına və məhv edilməsinə imkan verir. Heyətlərin dəfələrlə döyüş atışlı taktiki təlimlərdə yüksək nəticələr göstərməsi həm hərbi qulluqçuların peşəkarlığının, həm də silahlanmada olan hava hücumundan müdafiə vasitələrinin döyüş imkanlarının ən müasir səviyyədə olmasının təsdiqidir.
2019-cu ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu qoşunlarında "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda keçirilən yarışda yüksək nəticələr əldə etmiş bölmələrdən birindəyəm. Ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilirdi. Hər bir hədəf heyətlər tərəfindən tam dəqiqliyi ilə məhv edildi.
Atışlardan sonra bölmənin zabiti Dilqəm Cabayev zenit qurğusunun taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verərək bildirdi ki, bu qurğu müəyyən məsafədə, hündürlükdə uçan təyyarə, vertolyot, pilotsuz aparatları və digər hava hədəflərini məhv etmək üçün təyin edilib. Qurğunun konstruktiv xüsusiyyətləri 2000 metr uzaqlıqda olan yerüstü yüngül zirehli hədəflərlə və atəş nöqtələri ilə mübarizə aparmaq üçün istifadə etməyə imkan verir. Bölmədə praktiki atışların tez-tez icra edilməsi şəxsi heyətin bilik, bacarıq və təcrübəsini daha da artırır. Keçirilən məşğələ və təlimlərə cəlb olunan bu zenit qurğusu heyətlərinin hədəfləri ilk atəşlə vurmaları onların dərsləri yüksək səviyyədə mənimsəmələrindən və peşəkarlıqlarından xəbər verir.
Zabit Yunis Tarverdiyev bildirdi ki, bu yarışa daşınan zenit-raket komplekslərinin və zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən ordu aviasiyası cəlb edilmişdi. Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə  praktiki bacarıqları və bilik səviyyəsi yoxlanıldı, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirildi. Hazırda bizim bölmədə zenit qurğularının heyətləri ilə keçirilən praktiki atışlara hava düşmənini təqlid edən ordu aviasiyasının da cəlb edilməsi şəxsi heyətin peşəkarlığını daha da artırır.
Məşğələ, təlim və yarışlarda yüksək nəticələr əldə etmiş hərbi qulluqçulardan çavuş Aqil Məmmədov bildirdi ki, hava sərhədlərini müdafiə etməsi ilə fəxr edən əsgərlərdən Mehdi Alpaşayev, Həmid Cabbarov, Nurlan Abbasov, Hümbət Hümbətov, Balabəy Məmmədov, Yüksəl Əliyev və digərləri hər an düşmənin hava hücumunu dəf etməyə hazırdırlar.
Hərbi ekspertlərin fikrinə görə yerüstü zirehli hədəflərə və canlı qüvvəyə səmərəli effektli olan bu zenit qurğusu alçaqdan uçan hava hədəflərini də vura bilər. Təbii ki, ordumuzun silah arsenalında işğalçıları tez bir zamanda məhv etməyə qadir olan ən müasir silah və texnikalar da mövcuddur. Ordumuz atıcı silahlardan tutmuş, ən müasir reaktiv-artilleriya sistemlərinə, zirehli döyüş maşınlarına, hava hücumundan müdafiə vasitələrinə və aviasiya texnikalarına qədər bütün növ silah və texnikaya malikdir. Bu silah və texnikalar yüksək döyüş əzminə malik, vətənpərvər, cəsur döyüşçülərə təhkim edilib.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi