Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 09:33

“Ordumuzun qüdrəti əsgərin gücü deməkdir”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin gücü onun vətənpərvərliyindədir. Doğrudan da, ürəyində, qəlbində Vətən sevgisi olan əsgərin gücü ən müasir silahla daha da güclənir. Əsgər Vətəninə, millətinə, dövlətinə sıx tellərlə bağlıdır. Məlum Aprel və Günnüt zəfəri Azərbaycan Ordusunda zabit və əsgərlərin yüksək vətənpərvərlik hissinə malik olduğunu göstərdi. Çox qısa bir vaxtda mühüm yüksəkliklər fəth edildi. Bu gün həmin yüksəkliklərdə ucalan bayrağımız zabitimizin, əsgərimizin mənəvi dəyərlərə sədaqətinin rəmzi kimi dalğalanır.
Cəbhə bölgəsinə ezamiyyətlərdə əsgərlərimizin baxışlarında hiss etmişəm ki, torpaqlarımız qətiyyətlə qorunur. Yüksək  mənəvi keyfiyyətlərə malik olan əsgərlərimizin cəbhə xəttində döyüş növbətçiliyini uğurla keçirməsi xalqın orduya inamını möhkəmlədir, bizi Böyük Qələbəyə yaxınlaşdırır.  Son illər öz gücü və qüdrəti ilə dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini məsuliyyətlə icra etməyə qadirdir.
Mayor Emin Əkbərov qeyd edir ki, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Bu gün sıralarımızdakı hər bir əsgər torpaqlarımızın qalan hissəsini də hərb yolu ilə azad etməyə tam hazır və qadirdir. Azərbaycan Ordusunun düşmən üzərində qələbələri hər kəsə ruh yüksəkliyi aşılayıb. Əsgərlərimiz qəhrəmanların, şəhidlərin hər birini özlərinə örnək bilirlər. Hər biri hücum əmri gözləyir.
Düşmənlə təmas xəttində Vətən borcunu yerinə yetirən əsgərlərin görüşünə tələsirik. Zabit yolboyu deyir ki, qarşıdan isti yay ayları gəlir. Bu fəsildə də hava  şəraiti tez-tez dəyişir. “Bir neçə gün qabaq qar da yağırdı. Lakin hava şəraitindən asılı olmayaraq əsgərlərimiz döyüş növbəsində ayıq-sayıqdırlar. Hər kəs burada öz məsuliyyətini dərindən hiss edir. Döyüş hazırlıqlarına da söz ola bilməz. Hər biri silahından istifadə etməyi bacaran, yüksək döyüş hazırlıqlı əsgərdir. Ən güclü silahları Vətən sevgisidir. Mütəmadi olaraq mövqeləri gəzir, onlarla fərdi söhbətlər aparıram. Şahidi oluram ki, yüksək əhval-ruhiyyədə xidmət edirlər, daim qələbə ab-havasındadırlar. “Döyüşə hazırsınızmı?” sualını verəndə hamısı “Bəli, düşmən bizdən qat-qat zəifdi, Ali Baş Komandanımız əmr versin, torpaqlarımızı azad edək”, - deyirlər”.
Səngərlə irəliləyirik, mühəndis-istehkam işləri burada da yüksək tələblərə cavab verir. Bu tədbirlərin təhlükəsizlik baxımından dəyəri böyükdür. Əsgərlər dəbilqə və gödəkçələrlə təmin ediliblər. Onlar yaxşı bilirlər ki, təhlükəsizlik qaydalarının pozulması bölmənin ümumi fəaliyyətinə ziyan vura bilər. Buna görə də heyət növbəyə getməzdən əvvəl təlimatlandırılır, təhlükəsizlik qaydaları çatdırılır. Bunları zabit Araz Vəliyev də təsdiqləyir. "Döyüş növbətçiliyinin ayıq-sayıq aparılması üçün şəxsi heyətin düzgün təlimatlandırılması əsas şərtlərdəndir. Sırada düzülənlər döyüş növbətçiliyinə gedəcək heyətdi. Gördüyünüz kimi, gizir Afərin Xeybərzadə onları təlimatlandırır, düşmən hücumunun ən çox ehtimal edildiyi istiqamətləri xatırladır, təhlükəsizlik qaydalarını çatdırır. Bütün tapşırıqları verdikdən sonra növbətçiliyin təhvil-təslimi olur. Xidmətimiz uğurla gedir. Əsgərlərin xidmətə sevgi ilə yanaşması xidmətin təşkilinə müsbət təsir edir. Hərbi hissədən xeyli uzaqda olsaq da, bütün təminatlarımız vaxtlı-vaxtında gətirilir. Heç bir çətinlik yoxdu", - leytenant A.Vəliyev deyir.
...Hava xoşdur. Yağıntılı keçən günlərdən sonra ərazilər yamyaşıl dona bürünüb.  Yol boyu bizi  müşayiət edən günəşin saçaqları yaşıl otların, təzə ləçəklənən,  boy qaldıran çiçəklərin üzərinə yayılır. Bu mənzərənin ruha sığal çəkdiyi yerdə, Vətən keşikçilərinin qətiyyətli sözləri, nümunəvi xidmətləri  də könül oxşayır. Bir təbiətin mənzərəsinə baxıb valeh olursan, bir də igid oğullarımıza baxıb qürurlanırsan. Bu xoş duyğular arasında ürəyimdən bir sızıltı keçir: torpaqlarımızın bir hissəsi düşmən tapdağındadır. Tezliklə o ərazilərdə də al-əlvan çiçəklər bitəcək.
Əsgər Elvin Qurbanov məni düşüncələrimdən ayırır:
- Düşmən tərəfi atəşkəsi yenə pozur, lakin tez də cavablarını alırlar. Bir gənc üçün əsgəri xidmət, Vətənə övladlıq borcunu ödəmək müqəddəs və qürurlu vəzifədir. Vətəni sadəcə sevmək azdır, onun uğrunda hər addımda fədakarlığa hazır olmalıyıq. Hərbi xidmətə gəldiyim ilk gündən yurdumun müdafiəsində ayıq-sayıq dayanacağıma söz vermişəm. Biz də üzərimizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlir, döyüş növbəsində ayıq-sayıq dayanırıq.
Əsgər Mirmövsüm Vəliyev də səngərdə  xidmət etməkdən  fərəhlənir. Deyir ki, Vətəni düşməndən qoruyan oğulların sırasında olmaq onun üçün böyük şərəfdir. "Həmişə vətənpərvərlikdən söz düşəndə Mübariz, Fərid, Samid, Raquf, Çingiz... kimi oğulları özümə ideal sanıram. Hər birinin ömür yolu, vətənpərvərliyi bizə örnəkdir".
Əsgərlərin sözləri onun göstəricisidir ki, həm cəmiyyətimizdə, həm də ordumuzda vətənpərvərlik yüksək səviyyədə təbliğ olunur. Həm də bir daha sübut edir ki, ordu quruculuğunda mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində görülən uğurlu işlər müsbət nəticələrini verir. Bu gün istər arxa cəbhədə, istərsə də ön xətdə xidmət edən şəxsi heyət yüksək döyüş ruhundadır və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Əsgərlər Sübhan Sanıyev, Tacir Hüseynov, Elvin Cəfərov, Pərviz Zeynalov və digərləri də bunu təsdiqləyirlər.
"Azərbaycan Ordusunda xidmət etmək hər bir azərbaycanlı gəncin mənəvi  borcu, şərəfli vəzifəsidir. Keçirilən nəzəri dərslərin, təlimlərin nəticəsində bacarıqlı əsgərlər kimi formalaşmışıq. Səngərdə dayanmaq, Vətənə keşik çəkmək hər birimiz üçün qürurvericidir. İşğal altında olan torpaqlarımıza baxdıqca yağıları oradan çıxarmaq üçün səbirsizlənirik. Daha da əzmkar, məsuliyyətli xidmət edirik. Ali Baş Komandan tərəfindən əmr olacağı təqdirdə, biz işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə tam qadirik", - əsgərlər belə deyirlər.
...Vətənpərvərlik budur! Qorxu bilmədən torpaqların keşiyini çəkən əsgər, Vətəni əsl övlad məhəbbəti ilə sevən bu igidlərlə ehtiramlarla sağollaşırıq.
Bu ehtiram yolboyu gördüyüm füsunkar mənzərələrlə bütünləşir. Günortadan xeyli keçib. Günəş şüalarının parlaqlığı azalmağa doğru gedir. İndi təbiətin füsunkarlığı  daha çox, daha həssaslıqla  gözə çarpır. Yaşıl ərazilərin, al-əlvan çiçəklərin cazibəsində quşların, kəpənəklərin uçuşunu Böyük Qələbənin müjdəsi bilmək keçir könlümdən. Yaşıl don üzərində əsrarəngiz gözəllik yaradan çiçəklərlə ordumuzun güc və qüdrətini formalaşdıran əsgərlərimizin xidməti arasında üzvi bağlılıq görürəm və mənə elə gəlir ki, bu vəhdətə hamı bağır basır...
Dahi sərkərdələrin, hərb xadimlərinin dediyi kimi, ordunun qüdrəti əsgərinin gücündən asılıdır. 

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"