Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2019 09:48

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:  Müstəqillik tariximizin mühüm mərhələsi - 15 İyun Milli Qurtuluş Günüdür.

Suallar:
1. Müstəqillik tariximizin mühüm mərhələsi.
2. 15 İyun Milli Qurtuluş Günüdür.

 

Müstəqillik tariximizin mühüm mərhələsi



Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. 1923-cü ildə "Müsavat" partiyası gizli şəkildə "İstiqlal" vərəqəsi nəşr etdirmiş və onun səhifələrində verilmiş bəyannamədə yazılmışdı: "Ey türk (Azərbaycan) xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir. Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir! Yaşasın, Azərbaycan istiqlalı! Yaşasın, üçrəngli bayrağımız!"
Demokratiya və aşkarlıq şəraitindən məharətlə istifadə edən ermənilərin Azərbaycanın əzəli torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq iştahaları yenidən artdı. İlk növbədə azərbaycanlılar kütləvi olaraq Qərbi Azərbaycandakı doğma torpaqlarından qovuldular. Qısa müddət ərzində 230 mindən çox azərbaycanlı deportasiyaya məruz qaldı. 1988-ci il fevralın 21-də Azərbaycanın əzəli tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə qərar qəbul edildi. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağdan da azərbaycanlıların təmizlənməsinə başlanıldı. 1988-ci il fevralın 24-də Əsgəranda iki azərbaycanlı öldürüldü, fevralın 28-də faciəli Sumqayıt hadisəsi törədildi. 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Kütlələrin etiraz mitinqlərindən ən əzəmətlisi 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında oldu. Bu mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Mitinq "suverenlik", "azadlıq" şüarları altında keçmişdi. Mitinq zamanı iştirakçıların bir qismi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Mitinq dekabrın 4-də səhərə yaxın silahlı qüvvələr tərəfindən dağıdıldı. Bu, Azərbaycanın müasir tarixinə Milli Dirçəliş hadisəsi kimi daxil olmuşdur.
1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə" fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Qüvvələrin dinc şəhərə daxil olmasına yol verməməyə çalışan bir qrup şəhər sakinləri simvolik maneələr yaratmağa səy göstərdilər. Lakin "şanlı" sovet hərbi hissələri mərkəzin azərbaycanlılara divan tutmaq qərarını yerinə yetirməyə başladılar. Əməliyyata bilavasitə o zamankı SSRİ Müdafiə naziri D.Yazov başçılıq edirdi. Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti ayın 20-i saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Lakin o, qırğından sonra elan olunmuşdu. Əhaliyə hadisələr barədə məlumat verilməsin deyə yanvarın 19-u axşam respublika dövlət televiziyasının enerji bloku partladıldı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xüsusi təyinatlı hissələrdən ibarət "şanlı" Sovet ordusu Bakı üzərinə hücuma keçdi. Şəhərdə qanlı qırğın törədildi. Bakıda və digər rayonlarda dinc vətəndaşlar qətlə yetirildi. Onların arasında çoxlu sayda qocalar, qadınlar və uşaqlar var idi. "Qanlı Yanvar"a etiraz olaraq respublikada 40 günlük ümummilli matəm tətili keçirildi. Bu faciədən xəbər tutan Heydər Əliyev ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın Bakıda qanlı qırğın törətdiyini dünyaya bəyan etdi, onu "təcavüz və xəyanət" kimi qiymətləndirdi. Həmin ərəfədə respublikada hakimiyyət dəyişikliyi baş verərək, Əbdülrəhman Vəzirovun yerinə hakimiyyətə Ayaz Mütəllibov təyin edilmişdi. O, 1990-cı ilin yanvarında Azərbaycan KP MK-nın birinci katibi, həmin ilin mayında isə Ali Sovet tərəfindən Azərbaycan SSR-in prezidenti seçildi. Ordunun köməyi ilə yerlərdə də kommunist ağalığı bərpa olunmuşdu. Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990-cı ilin sentyabrında saxtakarlıq şəraitində keçirilən seçkilər nəticəsində əksəriyyəti kommunistlərdən ibarət (360 deputatdan ancaq 30-u demokratik blokdan idi) Ali Sovet formalaşdı. Bu seçkilərdə xalqın iradəsi ilə Heydər Əliyev də Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ özünü müstəqil respublika elan etmişdi. Ermənilər Dağlıq Qarabağdakı Rusiya ordu hissələrinin köməyi ilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdilər. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanış sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiyası Aktı"nı qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyi rəsmən bərpa olundu. Həmin gün tariximizə "Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi günü" kimi daxil olmuşdur.
Hələ SSRİ-nin yaşadığı bir şəraitdə respublikada milli dövlət quruculuğu formalaşmağa başlayaraq prezident idarəçiliyi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. 1991-ci il noyabrın 26-da bərabər əsasda (25 nəfər "demokratik blok"dan, 25 nəfər iqtidar yönlü deputatlardan) 50 nəfərlik Milli Şura yaradıldı.1991-ci ilin axırlarında SSRİ dağıdıldıqdan sonra dekabrın 29-da Azərbaycan Respublikasında ümumi rəy sorğusu keçirildi. Xalq yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxaraq Azərbaycan Respublikasının əməli müstəqillik mərhələsi başlandı.
Müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyət gərgin olmaqda qalırdı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsdləri davam edir, iqtidar-müxalifət qarşıdurması kəskinləşir, iqtisadiyyat isə tənəzzül edirdi. Bunlar da siyasi duruma çox mənfi təsir göstərərək respublikada vəziyyət vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Belə şəraitdə xalqını, Vətənini sevən ziyalıların nəzəri diqqəti 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana gələrək Naxçıvanda məskunlaşan və xalqın təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən təcrübəli siyasətçi Heydər Əliyevə çevrilmişdi. Onlar çıxış yolunu onun respublika rəhbərliyinə gəlməsində görürdülər. 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfərin "Səs" qəzetində Heydər Əliyevə yenidən böyük siyasətə qayıtması xahişi ilə müraciəti dərc edildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı.

 

15 İyun Milli Qurtuluş Günüdür



Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. İctimai həyatın bütün sahələrində hərc-mərclik baş alıb gedirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmək əvəzinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxaraq ətraf rayonların icra başçıları zorla dəyişdirilmişdir. Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamanki Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.
1993-cü il iyunun 18-də gecə xəbər vermədən Prezident Əbülfəz Elçibəy (Əliyev) paytaxtı tərk edərək respublikanı rəhbərsiz qoyaraq anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 23-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümumxalq seçkisi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da müstəqilliyimizin Heydər Əliyev mərhələsi başlandı. Bu mərhələnin başlanması ilə respublikada hakimiyyət boşluğu aradan qaldırıldı və baş alıb gedən separatçılıq meyilləri yox edildi.
Heydər Əliyev ordu quruculuğu işini elmi əsaslarla və planlı surətdə həyata keçirməyə başladı. 1993-cü il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Şurası yaradıldı. 1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev radio və televiziya ilə xalqa müraciət etdi. Ümummilli Liderimizin bu tarixi müraciətindən sonrakı dövr ordu quruculuğunda əsas mərhələnin başlanğıcıdır.
1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələri son bir neçə ay ərzində ilk dəfə olaraq Azərbaycan Ordusunun hissələrinin güclü müqavimətinə rast gələrək uğursuzluğa düçar oldular. 1993-cü il dekabrın 28-də Ermənistan qoşunlarının Goranboy, Tərtər və Ağdam istiqamətlərində də hücumlarının qarşısı alındı. Bu istiqamətlərdə xeyli canlı qüvvə və texnikası məhv edilən düşmən geri çəkilməyə məcbur oldu. Füzuli-Beyləqan istiqamətində döyüşçülərimiz 40 km-ə qədər irəliləyərək düşməni darmadağın etdilər. Həmin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə yaşaması onlara yeni ruh yüksəkliyi verirdi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı. İndi dünyanın 14 dövlətindən olan 30-dan çox şirkətlə 21 neft müqaviləsi imzalanaraq Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyulmuşdur.
1994-cü ilin oktyabrında, o zaman baş nazir olan Surət Hüseynovun başçılığı ilə dövlət çevrilişi etmək cəhdi xalqın köməyi ilə aradan qaldırıldı. Eyni zamanda, Əlikram Hümbətovun "Talış-Muğan" respublikası yaratmaq və 1995-ci ilin martında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis dəstələrinə başçılıq edən Rövşən Cavadov və onun qardaşı prokuror Mahir Cavadov tərəfindən zorakı hökumət dəyişikliyi cəhdlərinin qarşısı alındı. Azərbaycanda sabitlik bərqərar olunaraq, dövlətçiliyimizə qarşı qəsdlər ləğv olundu.
Möhkəm sosial-siyasi sabitliyin və qanunçuluğun bərqərar olması müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinə imkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla respublikanın inkişaf tarixində - demokratik, hüquqi dövlət qurmaq, ölkənin dinamik inkişafını təmin etmək prosesi başlandı. Konstitusiyaya əsasən respublikada qanunvericilik, icraedici və məhkəmə hakimiyyəti yaradıldı. Parlament seçkiləri yolu ilə müxtəlif partiyaları təmsil edən 125 deputatdan ibarət Milli Məclis formalaşdırıldı. Milli Məclisin qanunvericilik fəaliyyəti gücləndirilərək dövlət quruculuğu və yeni iqtisadi sistemin müvafiq hüquqi bazasını yaratmağa yönəldilmiş çoxlu qanunlar qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ulu Öndərin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Ümummilli lider Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərərək bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.
Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycan Ordusu müasir texnika və silahlarla təchiz olunması, zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hissələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycanın hələ neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı və xalqımızın rifahı naminə faydalanacaq.
                 
    İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi