Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2019 09:47

Bir tarix yazıldı 9 may günü

Tarixə qızıl hərflərlə yazılmış 9 May Qələbə Günü könülləri coşduran bayramdır. Böyük Vətən müharibəsinin iştirakçıları  Qələbə Gününü həm də hünər, rəşadət, qəhrəmanlıq xatirələrinin yaşam bayramı kimi daha həssaslıqla qeyd edirlər...

İsmayıl Fərəcov:
- Mən 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlmişəm. 1942-ci ildə hərbi xidmətə çağırıldım. Kazım İsmayılovun rəhbərlik etdiyi 77-ci Stavropol diviziyasında kəşfiyyatçı idim. Mozdokdan Berlinə kimi döyüş yolu keçdim. O ağrı-acılı günləri sanki dünən olmuş kimi xatırlayıram. Kəşfiyyatçı kimi tez-tez düşmən arxasına keçdiyimiz üçün çətin vəziyyətlə üz-üzə qalırdıq.
Alman ordusunun dərinliklərinə kimi gedib çıxmışdıq. Ot tayasının içində gizlənib müşahidə aparırdıq. Sovet qırıcıları o ərazini bombalamağa başladı. Xeyli düşmənin məhv olduğu o anlarda yaralandım. Bu gün də gicgahımdakı qəlpənin əziyyətini çəkirəm. Kürəyimdən də yara almışdım. Bunlara baxmayaraq lazımi məlumatları toplayaraq geri döndük.
Kəşfiyyat çıxışlarımızdan birində Dnepr çayını keçirdik ki, almanlar bizim gəldiyimizindən duyuq düşüb atəşə tutdular. Müdafiəmiz zəif olduğundan geri qayıtdıq. Onda itkilərimiz çox olmuşdu. Növbəti dəfə yenə getdik və mövqe qələbəsi qazandıq.
Müharibənin hər anı ölümdü, dəhşətdi... Gecə-gündüz vuruşurduq. Qışda əziyyətimiz daha çox olurdu...
Qolumda 75 ildir gəzdirdiyim bu saat Stavropol döyüşlərindən yadigardır. Hər dəfə ona baxanda müharibəni və silahdaşlarımı xatırlayıram.
İllərdir Nəsimi rayon veteranlar təşkilatının sədriyəm. Daim ictimai işlərdə, əhali arasındayam. Gənclərimizlə görüşlərdə onlara Vətənin insan üçün nə dərəcədə müqəddəs olduğunu bildirirəm.
Biz veteranlara xüsusi diqqət və qayğı hisslərinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoydu. Ulu Öndər deyirdi: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur".
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçımız İlham Əliyev bizim qayğımıza daim qalır.
Bir əsrə yaxın yaşadığım bu həyatda mənim ən böyük arzum doğma Vətənimdə Qələbə müjdəsi almaqdır. Ordumuzun Aprel döyüşləri, Günnüt zəfəri, keçirilən hərbi paradlar onu deməyə əsas verir ki, o gün uzaqda deyil...