Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:07

May ovqatı

Əziz dost, zaman qəribə və qiymətli məfhum deyilmi? Zaman elə bir məfhumdur ki, açıqlanması, aydınlıq gətirilməsi  çətindir. Zaman həyatın, yaşamın, bəşəriyyətin əvvəldən sonadək simasındadır. Bizim dünənimizlə bu günümüzü birləşdirən "Cəngi", "Heyratı", "Yallı"... kimi əsərlər qəlbimizi qürurla, sevinclə, mərdliklə silələyir. Bu musiqi əsərləri könlümüzün min bir telini titrədir. "Üz ifadəsi güzgü ilə, qəlb isə danışıqla izhar olar" deyirdi Demokrit. Məncə bu musiqilər də  xalqın ruhunun dedikləridi, ifadə edə bilmədiyimiz fikirlərdi.
İnsanlar bir-birinə oxşamadığı kimi onların zaman haqqında düşüncələri də fərqlidir. Məsələn, "May" ayı ağır ay olaraq bir çoxlarının düşüncəsində əsassız olaraq yer alıb. May ayı "yaz və əmək", "beynəlxalq tütünsüz həyat bayramı"dır. Həmçinin May tariximizdə "Qələbə", "Respublika" günü kimi əbədiləşib. Bu gözəl ay niyə təhtəlşüurumuzda belə iz buraxıb?..
Qışqırıqlar, sükut, al qan, boynu bükük qərənfillər, müharibə, kədərdən dili tutulmuş Zaman... Həmin ay "Tarix" məsuliyyətinin necə çətin olduğunu anladı. 1918-ci il mayın 1-i ermənilər Qubaya daxil olaraq qırğınlar törətdilər. Neçə-neçə həyat, arzu, istək söndü həmin an. "Zaman" dondu onların yumulan göz qapaqlarında.
1992-ci il mayın 8-i... Şuşa, Şuşamız. Heç vaxt bu qədər ağır, dəhşət, iztirab, inilti səsi gələn zaman kəsiyi görməmişəm. Şuşa şəhəri həmin zaman kəsiyində göz yaşı tökdü öz taleyinə, ağladı, sızladı, köksünü ötürdü. "Göz yaşlarını silərək dik dayandı. Qəlbindəki nisgili yüngülləşdirməyə çalışdı. Şuşa bilir ki, yaman günün ömrü azdır. Şuşa bizi gözləyir.
1992-ci il mayın 18-i... Laçının qara taleyi...
Bu tarixdə də yer-göy susdu, musiqilər, bayatılar şəhid qanları ilə birgə meydanlarda axdı. "Ana laylası", "ana fəryadı" səsləndi. Cismən ölsələr də, bu insanlar ruhən və mənən yaşayırdılar ən əziz məkanda: qəlblərdə.
2016-cı ilin aprel tarixi... Tarix sevindi həmin an qəhrəman azərbaycanlı oğullarının şücaətinə, mərdliyinə, qələbəyə inamına, Vətən sevgilərinə. Həmin gün daha çılğınlıqla səsləndi "Cəngi"lər, qəhrəmanlıq nəğmələri. Bayrağımız bu qələbədən qətiyyətlə dalğalanırdı Lələtəpədə, Bayraqtəpədə.
İnanırıq ki, qələbələr, zəfərlər, alınan torpaqlarımızın zaman deyilən düsturu tarixin  səhifələrinə yazılacaq!..

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi