Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:05

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turniri başa çatdı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, mayın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turnirinin bağlanış mərasimi keçirildi.
Tədbirdə Hərbi Akademiyanın rəhbərliyi və müəllim heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov, ehtiyatda olan general-mayor Altay Mehdiyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının vitse-prezidenti, ehtiyatda olan polkovnik Rahib Əliyev, Federasiyanın baş katibi, Beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov, bir sıra fəxri qonaqlar, beynəlxalq və respublika dərəcəli hakimlər iştirak edirdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Açılış mərasimində Hərbi Akademiyanın rəisinin müavini general-mayor Azər Əliyev çıxış edərək qonaqları və yarış iştirakçılarını salamladı. Mini-futbol turnirində iştirak edən şəxsi heyətə göstərdikləri əzmkar oyuna görə təşəkkürünü bildirərək dedi: "Bu günlərdə respublikamızın hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir, elmi konfranslar, idman yarışları təşkil olunur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası da bu prosesdən kənarda qalmamış, müxtəlif tədbirlər keçirməklə Ulu Öndərin şəxsiyyətinə öz ehtiramını və hörmətini ifadə etmişdir. Hərbi Akademiyada keçirilən mini-futbol turniri qeyd olunan tədbirlərdən biridir".
Yarışda Hərbi Akademiyanın səkkiz, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin bir komandası iştirak edibdir. Turnir müddətində biz maraqlı mübarizənin, idman əzmkarlığının şahidi olduq. Onu da qeyd etmək lazımdır ki, belə yarışlar həm də şəxsi heyətin fiziki hazırlığının güclənməsinə, onların mənəvi keyfiyyətlərinin yüksəlməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə ikinci ildir keçirilən mini-futbol turniri ənənə olacaq. Ümidvaram ki, bu turnir gələcəkdə daha çox iştirakçını özünə cəlb edəcək. Turnirdə iştirak edən, mübarizə aparan hər bir şəxsi təbrik edir, onlara həyatlarında və xidmətlərində yeni-yeni uğurlar arzulayıram.
Çıxışlardan sonra turnirin ən yaxşı oyunçusu, bombardiri və qapıçısı adlarına layiq görülən futbolçular fəxri fərmanla təltif edildilər. Yarışların yekun nəticələri hesablandıqdan sonra dördüncü yeri tutmuş II kurs I qrup, üçüncü yeri əldə edən Diplomatiya kursu, ikinci yeri qazanan Xarici Dil və Tərəfdaşlıq Mərkəzi komandalarına medallar təqdim edildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turnirinin qalibi olan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin komandası qızıl medalla və kubokla mükafatlandırıldı.
Tədbirin sonunda Hərbi Akademiyanın rəhbərliyi və müəllim heyəti oyunçularla birlikdə xatirə şəkli çəkdirdilər.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"